Gerçəkliyin fəlsəfəsi| “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev”

2023/05/714f2-1684572497.jpg
Oxunub: 8241     17:24     25 May 2023    
Ədaləti bərqərar edən müharibələri xalq da gözləyir, ordu da. Bu gözləmə ictimaiyyəti də əsgərləşdirir. Əsgərin döyüş əzmi, qələbə ruhu səngərlərə sığışmır, səngərləri aşır, səngərin yaxasına uzanan cığırların dolaşığını açır.

Xalqımız ədaləti bərqərar edən müharibənin başlamasını illərlə gözlədi. İllərlə gecələrin səhəri intizarla açıldı, illərlə gecələrin qaranlığı Ayın işığını canına çəkdi. İllərlə ata yurdundan iraq düşənlərin gözləri ilmələri düyün düşən yollardan üzülmədi.

İkinci Qarabağ müharibəsi ədaləti bərqərar edən müharibə kimi tarixləşdi. Ordumuz düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini dağıdırdı, döyüşə-döyüşə irəliləyirdi, irəliləyə-irəliləyə döyüşürdü, döyüşə-döyüşə Qələbəyə yaxınlaşırdı. Xalq bütün döyüşlərin Şuşaya apardığını bilirdi, bütün döyüşlərin sonunun Şuşa olacağına əmin idi.

Hamı özünü ruhən döyüşlərdə hiss edirdi. Müharibə vaxtı Murov istiqamətinə gedən yollar boyunca döyüşə gedənləri xalq uğurlayırdı. Xalqımız Prezidentimizin müraciətlərini döyüşlərin davamı kimi izləyirdi, ordumuzun qazandığı mövqe qələbələrini Böyük Qələbə ərəfəsinin müjdəsi bilirdi...

Ata yurdundan uzaqlarda qalanlar deyirdilər: Əlim ata yurdumun divarına dəysin, elə bilərəm dünyaya təzədən gəlmişən...

- Ərim, oğlum şəhid oldu, təsəllim ordumuzun qazanacağı qələbə olacaq, - illərlə xəyalları yollarda zillətlər çəkən ana belə deyirdi...

- Atam qayıdacaq, qələbəylə qayıdacaq, - 6-7 yaşlı uşaq belə deyirdi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il mayın 10-da Şuşadan müraciəti Vətən müharibəsindəki müraciətlərinin məntiqi davamı oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İkinci Qarabağ müharibəsində müraciətlərindəki qələbələrin necə qazanıldığı deyilirdi, bu təbrik-müraciətdə qazanılmış Zəfərin xalqın zəfəri olduğunu da xatırladır".

Şuşa həm də tarixi bir dövrün ad daşıyıcısıdı: İkinci Qarabağ müharibəsində isə döyüşlərin qüdrətini yaşadan (və yaşadacaq!) şəhər oldu. "Natsionalnaya oborona" jurnalında dərc edilən bir məqalə də Şuşa uğrunda döyüşlərə heyrətin ifadəsidi: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar"...

Şuşa təkcə mədəniyyətimizin paytaxtı deyil, Şuşa həm də ruhumuzun paytaxtıdı...

Şuşa işğaldan azad edildi. Bu tarixi gün qürurumuzun dünyaya "Biz varıq! Biz var olacağıq!" qətiyyətini yaşadan tarix idi. Bu tarix həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətinin tarixi oldu: "...İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq...".

Bu tarix yaşayır...

Özümüz Şuşadan uzaqda olanda da ruhumuz heç zaman Şuşadan iraq düşməmişdi; bu tarix Şuşada da yaşadılır, Şuşadan uzaqlarda da. Bu tarix həmişə qürurla yaşadılacaq.

2023-cü il Heydər Əliyev ilidi. Respublikamızın bütün idarə və müəssisələrində, güc strukturlarında, ali və orta məktəblərdə böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər keçirildi, keçiriləcək də. Bu tədbirlər də böyük tarixi şəxsiyyətin Azərbaycana tarixi xidmətlərinə görə yaşarı ehtiramın bu günə görə sabahlara ehtiramın ifadəsidi.

Dövlət başçısı bu il mayın 10-da xalqa Şuşadan müraciət etdi. Bu müraciət həm də tarixi gündə tarixi şəhərdən müraciət kimi tarixləşdi. Böyük tarixi şəxsiyyətə ad olan tədbirlə bağlı xalqa müraciət dövlət naminə, dövlətçilik naminə tarixi müraciətdi. Müraciətin mahiyyəti gerçəkliyin fəlsəfəsidi: xalq üçün, dövlətçilik üçün yaşanılan ömür bəşəri ömürdü...

Müharibə tarixi Zəfərlə başa çatdı. Azərbaycan Ermənistanı, azərbaycançılıq erməniliyi məğlub etdi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu müraciətində bildirdi ki, Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev".

Bu tapşırıq xalqın adından, dövlətçiliyin, dövlətin adından verilmişdi. Beynəlxalq təşkilatların riyakarlığına görə, sözüötkün dövlətlərin birtərəfli münasibətinə görə, işğalçı dövlətin erməniliyinə görə bu müqəddəs tapşırıq illər sonra azərbaycançılıq qətiyyətiylə yerinə yetirildi.

Bu kəlamlar hər bir azərbaycanlıya 2020-ci il noyabrın 8-də yaşadığı qüruru yenidən yaşadır. Bu qürur Azərbaycan Ordusuna olan qürurdu. Bu qürur Azərbaycana olan qürurdu. Bu qürur Ali Baş Komandanın sərkərdəlik qüdrətinə olan qürurdur. Bu qürur Azərbaycanın daha nurlu sabahlarına inamın qürurudu...

Xalq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşadan müraciətində dediyi kəlamların - "İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır..." qürurunu 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından müraciətində yaşadığı sevinc səviyyəsində yaşadı: "Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq..."...

Bu müraciət də tarixdi. Xalqa müraciətdə deyilən "Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik" fikirləri xalq Azərbaycan dövlətçiliyinə sədaqət andı bilir. Azərbaycan həm də ona görə güclüdür ki, hərbçiləri Hərbi Anda, digərləri Vətən Andına sədaqətlidilər.

Bu müraciətdə deyilənlər hər birimizin azərbaycançılıq şüarımız olmalıdır: "Biz bu Zəfərə layiq olmalıyıq..." - müəllim müəllimliyiylə, mühəndis mühəndisliyiylə, həkim həkimliyiylə, hakim hakimliyiylə...

Biz - hər bir Azərbaycan vətəndaşı. Biz - Azərbaycanı Vətən bilənlər, Azərbaycanı Vətən kimi sevənlər. Biz - Şuşadan xalqa bu müraciətə deyilən "Şuşa Zəfərimizin rəmzidir. Şuşa Zəfərimizin tacıdır" kəlmələrini düşüncələrinin haləsi bilənlər...

Yubiley-müraciət tarixin o üzündə qalanları xatırladır, xatırlananlar zaman anlamında dünənlərlə bu günlər (və sabahlar!) arasında mənəvi-ruhi əlaqə kimi izlənildi. "Xalq üçün yaşanılan ömür bəşəri ömürdü!", - İsa bulağının belə dediyinə şübhə yoxdu, "Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!", nəşi Sibirdən - Tayşekdən gətirilən "səmalar şairi" Hüseyn Cavidin ruhu da belə deyib, "Bu cahan mülkü belə qüdrətli halət görməyib!", - Molla Pənah Vaqifin ruhunun bu misraları pıçıldadığına kim inanmaya bilər? "Döyüşə-döyüşə qazanılmış Zəfər işğaldan azad edilmiş kəndlərimizi divar-divar dikəldəcək", - rəngi-rufu özünə qayıdan Qarabağın belə səsləndiyinə hamı inanır...

"Heydər Əliyev İli"ndə Şuşadan tarixi yubiley-müraciətində Azərbaycanın Ermənistanı məğlub etdiyi, qürur rəmzimiz olan bayrağımızın Şuşada, eləcə də işğaldan azad edilmiş başqa torpaqlarımızda dalğalandığı, ordunun lazımi səviyyədə təmin edildiyi xatırladıldı, bundan sonra da təmin ediləcəyinə əminlik bildirildi. Xalq bunları da Zəfər ovqatının ayrılmaz tərkib hissəsi, mahiyyəti baxımından Zəfərin davamı kimi izlədi...
Xalq yubiley-müraciəti bu ovqatla izlədi...

Rəşid Hüseynov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu  


Bizi "telegram"da izləyin