Lavrovdan Ermənistana reallıqla barışma çağırışı – İrəvanın müttəfiqlik düşüncəsi necə olmalıdır?

2023/01/regnu-1674040372.jpg
Oxunub: 1047     21:19     03 Fevral 2023    
Ötən gün Rusiya Federasiyasının xarici işlər naziri Lavrov qeyd edib ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi və sonuncu öz torpaqlarını geri qaytarıb: “Sadəcə Qarabağ müharibəsinin tarixi onilliklərlə dərinə gedir. Uzun illər Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Sonra Rusiya çoxsaylı variantlar təklif etmişdi ki, əvvəlki Ermənistan rəhbərliyi bunu çox müsbət qarşılamamışdı, həmin əraziləri, hansı ki, onlar heç vaxt iddia etmirdilər, əllərində saxlamağı arzulayırdılar. Bəli, Azərbaycan ona məxsus torpaqları geri qaytardı”.

Əslində Lavrovun açıqlaması yeni hal deyil və bu gün də bir çox rus ekspert dairələri tərəfındən bu və ya digər şəkildə vurğulanır. Lakin təbii ki, bu hal çox şeydən xəbər verir.

Lavrovun dedikləri Minsk Qrupunun həmsədrliyi ilə aparılan danışıqlar prosesində də qeydə alınıb. Belə məqamlarda erməni ictimaiyyəti hər dəfə Rusiyanın Ermənistanın müttəfiqi olmadığını “açıqlayır” və əks halda müttəfiq ölkənin belə açıqlamaları necə verə biləcəyini müzakirə edirlər. Lakin bu proses yeni baş vermir. 1999-2000-ci illərdən başlayaraq Rusiyanın Qafqaz siyasəti elə bir mərhələyə qədəm qoyub ki, Moskva Azərbaycan və Türkiyə ilə münasibətlərə daha ciddi yanaşır, hətta Ermənistanın "taleyüklü" adlandırdığı "maraqlar"ın üzərindən xətt çəkir. Bu məsələ olduqca uzun və dərindir. Bu, Ermənistanda müxtəlif hökumətlər dövründə baş verən hadisələrlə də bağlı çoxversiyalı hekayədir. Onları düşünmək və müzakirə etmək üçün fürsətlər olub və bundan sonra da olacaq.

Sadəcə, o dövrdə nadir hallarda Ermənistanın ictimai-siyasi, media-ekspert xadimləri problemi qeyd edir, buna qarşı siyasi yanaşmalardan, müzakirələrdən danışırdılar. Erməni ictimaiyyətinin əsas hissəsi istər-istəməz daxili siyasi mübarizənin “uyuşmasında” olub.

Hazırda bütün ölkələr yaxşı anlayır ki, Ermənistanla sıx müttəfiq olmaq Azərbaycanla eyni münaqişəyə daxil olmaq deməkdir. Bu isə heç kimin, hətta Ermənistana xüsusi istiqanlı və mehriban münasibət bəsləyən Fransanın da marağından irəli gəlmir və bu, Fransanın apardığı siyasətindən də aydın görünür. Bununla yanaşı, təbii ki, Ermənistan-Azərbaycan münaqişəsindən əhəmiyyətli dərəcədə təsirlənən Türkiyə faktoru da var. Belə olan halda nəinki Rusiya, heç bir başqa güc Ermənistanın yanında müttəfiqlik öhdəliyi götürməyəcək. Çünki yaxşı bilirlər ki, gərginlik yaranarsa, təhlükəsizliyin əsas yükü onların üzərinə düşəcək. Bu isə bir daha xatırladaq ki, Azərbaycanla açıq qarşıdurma deməkdir.

Beləliklə, Ermənistanın əsas problemi xəyali sahədə müttəfiqlik axtarışında olmasıdır. Rəsmi İrəvan qeyri-konstruktiv mövqeyindən çəkilməli, Qafqazda sülh üçün çalışmalıdır, yəni sülh təminatını əsas müttəfiq düşüncəsinə çevirməlidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan  


Bizi "telegram"da izləyin