“Hraparak”: Seperatçılar arasında “daxili düşmən”lərin aşkarlanmasına başlanılıb

2020/11/unnam-1605680688.jpg
Oxunub: 420     21:17     03 Fevral 2023    
Qarabağda yaranmış çətin vəziyyətlə yanaşı, daxili “siyasi böhran” da dərinləşir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, son zamanlar Qarabağda və hətta Ermənistanda müxtəlif dairələrin hədəfində olan Arayik Harutyunyan əks hücuma keçir.

“Mənbələr bildirirlər ki, Harutyunyan ruhlanıb və özünə qarşı bütün antitəbliğat mərkəzlərini üzə çıxarmağa qərar verib. Ötən gün “milli təhlükəsizlik xidməti” (qondarma qurum – red.) sosial şəbəkələrdə saxta səhifələr vasitəsilə dezinformasiya yayan şəxslərin Qarabağda olması barədə açıqlama yayıb. Müəyyən edilib ki, mütəmadi olaraq bu və ya digər məmurun törətdiyi iddia edilən cinayət əməlləri ilə bağlı bəyanatlar dərc edən “Artur Baghdasaryan” adlı “Facebook” səhifəsi təxəllüsdür, səhifədən vəzifəli şəxs istifadə edir. Bəzi məlumatlara görə, adıçəkilən vəzifəli şəxs “təhlükəsizlik şurası”nın əməkdaşı, idarə rəislərindən biridir. Eyni qurumun bir qadın əməkdaşının da saxta səhifədən istifadə etdiyi və “milli təhlükəsizlik xidməti”nin hələ də susduğu barədə məlumatlar var. İstifadəçi “Artur Baghdasaryan” “milli təhlükəsizlik xidməti”ndə etiraf edib ki, onun paylaşımlarında müxtəlif şəxslərə aid edilən cinayətlər reallığa uyğun gəlmir, yazılar şəxsi məqsədlər üçün edilib. Məlum olduğu kimi, son vaxtlara qədər “təhlükəsizlik şurası”na hazırda Arayik Harutyunyanın “müşaviri” olan Vitali Balasanyan rəhbərlik edirdi, bu isə o deməkdir ki, “ifşa olunmuş” məmurun Balasanyanla əlaqəsi ola bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Separatçılar  


Bizi "telegram"da izləyin