Ordu.az xəbər verir ki, Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyantsın sözlərinə görə, Ermənistanın siyasi sisteminin bir seqmentinin daima lazımsız gözləntilər üçün meyar qoyması heç bir kənar aktorun günahı deyil.
“Problem bizdədir, bizdə həmişə reallıqla heç bir əlaqəsi olmayan bir gözlənti meydanı yaradan qüvvələr var. Borrellin açıqlaması yenilik deyil. Avropa İttifaqının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığı varsa, ona qarşı sanksiyalar tətbiq edə bilməz. Bu bir mesajdır ki, gedin, Azərbaycanla dialoq yolu ilə öz problemlərinizi həll etməyə çalışın və Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq üçün alət axtarmağa çalışmayın. Bu cür mesajlar nəhayət siyasi sahəmizin müəyyən hissəsinin illüziyalarını kökündən qopara bilər. İnsan illüziyalarla yaşaya bilməz. Həm Moskva ilə əlaqəli olan ruspərəstlər, həm də Brüssel və Vaşinqtonla əlaqəli olan qərbpərəstlər cəmiyyətdə bir tərəfdən Rusiya hakimiyyətinin, digər tərəfdən isə Avropa İttifaqı və ABŞ səlahiyyətlilərinin müəyyən etmədiyi gözləntilər zolağı yaradırlar”, - deyə o qeyd edib.
Surenyants vurğulayıb ki, Aİ Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərir, təbii olaraq Ermənistan hakimiyyəti missiyanın mesajını düzgün başa düşsə, onun çəkindirici rolu olacaq.
“Bəli, Avropa İttifaqı Azərbaycana qarşı əməli addımlar atmayacaq. Hər şeyə daha çoxqatlı baxmalıyıq. Unutmayaq ki, Azərbaycanın müttəfiqi Macarıstan da Aİ missiyasının qərarının lehinə səs verib. Başqa sözlə, Avropa İttifaqının bütün ölkələri missiya göndərilməsi ilə razılaşır, lakin Avropa İttifaqının həmin missiyanın həyata keçirilməsi ilə bağlı hansı gözləntiləri olduğu bəlli deyil. Hər halda, bu ana qədər biz Laçın yolu ilə bağlı görürük ki, beynəlxalq strukturlar yalnız çağırış edir. Həm Rusiyanın, həm də Qərbin Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq edəcəyi və ya sərt addımlar atacağı ən azından sadəlövhlükdür. İstər Qərb tərəfdaşlarımız, istərsə də Moskva üçün Azərbaycan Ermənistandan qat-qat vacib tərəfdaşdır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az