Ermənistan Baş nazirinin ofisindən verilən məlumata görə, görüşdə Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının fəaliyyəti müzakirə olunub.
Kremlin məlumatına görə, zəng erməni tərəfinin xahişi ilə edilib. Qeyd edək ki, Paşinyanla Putinin telefon danışığından sonra Sergey Lavrovla Ceyhun Bayramov arasında telefon danışığı olub. Moskva bir daha xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyə hazır olduğunu bəyan edib.
Ordu.az xəbər verir ki, erməni politoloq Armen Hovhannisyanın sözlərinə görə, 2020-ci ildən etibarən “formatların rəqabəti” var.
“Moskvada hesab edirlər ki, Qərb formatına, ümumiyyətlə, Qərbə doğru çox böyük meyl var. Moskva buna cavab verməyə çalışır. Azərbaycan da müzakirələri Rusiya formatında davam etdirmək istəyini bildirir, çünki Qərb formatında gözləntilər azdır, şikayətləri var. İndi isə rus formatında onun istəkləri daha yaxşı cavab tapır”, - deyə o qeyd edib.
Hovhannisyan bildirib ki, məqsəd Ermənistanı Qərbdən “qoparmaq”, Soçiyə bənzər bir sənəd imzalamaqdır ki, bu da birmənalı olaraq Ermənistanla Qərb dövlətləri arasında münasibətlərin nisbətən donmasına gətirib çıxaracaq.
“Qərbə müəyyən siqnallar verəndən sonra Ermənistan niyə yenidən Moskvaya üz tutdu?” sualına erməni politoloq belə cavab verib: “Bir addım irəli, iki addım geri. Bu, məşhur formadır. Ancaq bu hakimiyyət başa düşmür ki, gün gələcək, nə Rusiyaya, nə də Qərbə üz tuta bilməyəcək”.
Digər bir erməni politoloq Ruben Mehrabyanın sözlərinə görə, avropalı müşahidəçilərin Ermənistan-Azərbaycan sərhədində monitorinq aparacağı məlum olduqdan sonra telefon danışığında Ermənistan təşəbbüsü öz üzərinə götürüb və Rusiya tərəfi bu vəziyyəti kifayət qədər ağrılı qəbul edib.
Mehrabyan qeyd edib ki, məlumatlara əsasən, söhbətin əsas mövzusu münaqişə zonasındakı vəziyyət və ümumilikdə Ermənistan-Rusiya münasibətləri olub.
Bayramov-Lavrov telefon danışığına gəlincə, Mehrabyan vurğulayıb ki, üçtərəfli görüş keçirmək istəyi onun reallığa çevrilə biləcəyi anlamına gəlmir.
“Biz kifayət qədər dinamik inkişaflarla qarşılaşırıq. Bu o demək deyil ki, biz hansısa son nöqtəyə gəlmişik”, - deyə o yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az