“Azərbaycan Ordusu bizim qarşılaşmağa hazır olduğumuz ordu deyildi” - Erməni deputat (ƏTRAFLI)

2022/12/armen-1671876998.jpg
Oxunub: 561     12:42     02 Fevral 2023    
“Ordumuz ağır məğlubiyyətə uğradı və bu, mənəvi-psixoloji duruma çox böyük təsir etdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Armen Xaçatryan deyib.

“Təkcə orduya deyil, hamımıza hər şey edilməlidir ki, bu vəziyyət, bu təzyiq bizim tərəqqimizə və ordumuza təsir etməsin. Onu da deyim ki, sentyabr hadisələrindən sonra ordunun əhval-ruhiyyəsi aşağı düşmədi, əksinə, yüksəldi. Özüm görmüşəm ki, hərbçilərin əhval-ruhiyyəsi 44 günlük müharibədəkindən qat-qat yaxşıdır. Ordu 44 günlük müharibədən sonra öz qüvvələrinə daha arxayındır”, - deyə o qeyd edib.

“Ordu eskalasiya ilə üzləşməyə hazırdırmı?” sualına Xaçatryan belə cavab verib: “Biz yüngül təhlil aparmalıyıq: nə qədər ərazimiz var, nə qədər əhalimiz var, Ermənistanın hansı iqtisadi imkanları və resursları var, nə qədər itkilər var, ən əsası, eskalasiya kiminlə olacaq, Azərbaycan, Türkiyə, yoxsa başqa ölkələr? Ordumuz bir sıra tapşırıqları yerinə yetirib. Amma təbii ki, bizim qüvvələrimiz qeyd etdiyim ölkələrlə genişmiqyaslı hərbi əməliyyatlar aparmaq üçün kifayət etməyəcək. Bunun üçün bizim unikal peşəkar ordumuz olmalıdır”.

O qeyd edib ki, bəzi yerlərdə vəziyyəti hələ müəyyən formaya gətirmək, sonra islahatlar barədə düşünmək lazımdır.

“Hər bir hərbi əməliyyatdan sonra biz yeni reallıqla üzləşirik, bunun üçün bir sıra tədbirlər həyata keçirilir və bu da vaxt tələb edir. Dağlıq və yüksək dağlıq ərazilərdə yüzlərlə kilometr hərbi əhəmiyyətli yollar çəkilir. Təəssüf ki, hər kəs bunu görə bilmir və belə də olmalıdır. Mən bu yolları görmüşəm və belə dağlıq şəraitdə belə işlərin aparılmasının necə mümkün olmasından razı qaldım və təəccübləndim. İnanın ki, biz bütün bu istiqamətlərdə işləyirik, amma bizə vaxt lazımdır”, - deyə Xaçatrayn bildirib.

Erməni əsgərlərin sellofanla örtülmüş çadırlarda və çirkli yataq dəstlərində yatması ilə bağlı erməni deputat deyib: “Əgər yataq dəsti səngərdədirsə, o, çirkli olmalıdır. Düşünməyin ki, səngər asfaltlanmalıdır. Səngər müdafiə üçün nəzərdə tutulmuş torpaq quruluşdur. Bəli, taxtadan sığınacaq ola bilər, amma dediyiniz kimi, sellofanla örtülü, çadıra bənzər sığınacaqlar indi yoxdur. Lakin ola bilsin ki, taktiki zərurətdən çıxış edərək, hərbi qüvvələrimizin nümayəndələri qısa müddət ərzində hardasa qalıblar, bir neçə günlük çadır qurublar, müəyyən hərəkət ediblər, sonra gediblər”.

Erməni deputat “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyanın açıqlamasına toxunaraq vurğulayıb ki, Mikayelyanın hansı kontekstdə belə bir şey dediyini deyə bilməz.

“Sasun Mikayelyanın hansı kontekstdə belə bir şey dediyini deyə bilmərəm. Sasun Mikayelyan elə bir yol keçib ki, silahlı qüvvələrdə nəyin olub, nəyin olmadığı barədə yaxşı təsəvvürü var. Onun verdiyi hər hansı bəyanat bir sıra hallara əsaslana bilər, bunu kontekstdən çıxarmaq olmaz. Ordumuzda bəli, bir sıra problemlər var idi, ordunun müəyyən çətinlikləri var idi, amma problem ondadır ki, rəqib ölkənin ordusu bizim qarşılaşmağa hazır olduğumuz ordu deyildi. Rəqib ölkə ilə problemləri həll etmək üçün lazım olan islahatları apara bilmədik. 44 günlük müharibədə ordumuz kifayət qədər yaxşı döyüşdü, lakin qüvvələr çox qeyri-mütənasib idi. Biz bunu qabaqcadan proqnozlaşdırıb o günə onilliklər əvvəldən hazırlaşmalıydıq”, - deyə o bildirib.

Xaçatryan deyib ki, erməni əsgərlər arasında gərgin şəxsiyyətlərarası münasibətlərin olması ilə bağlı fərziyyəni də istisna etmir.

“Mən fərziyyəni də istisna etmirəm ki, əsgərlərin yerləşdiyi ərazidə baş verən yanğın hadisəsi ilə bağlı gərgin şəxsiyyətlərarası problemlər yaranıb, çünki 30-40-50 oğlanın xidmət etdiyi və yaşadığı yerdə mütləq problemlər olacaq”, - deyə o əlavə edib.

Erməni deputat bildirib ki, yanğından sonra bir sıra səbəblərə görə bir günlük matəm elan edilməyib.

“Hadisədən sonra matəm günü elan edilməyib, çünki Ermənistan hibrid müharibənin ortasındadır. Xahiş edirəm, matəm gününün elan olunması məsələsini gündəmə gətirməyin, hazırda hibrid müharibə gedir. Ermənistanda və regionda hər an müharibə vəziyyəti yarana bilər. Bir sıra başqa halları nəzərə alaraq, hökumət matəm günü elan etməyib”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Ölüm  


Bizi "telegram"da izləyin