2023-cü il Azərbaycan-Ermənistan Sülh Prosesinə nə verə bilər? – ANALİZ

2023/02/1675319693.jpg
Oxunub: 561     10:32     02 Fevral 2023    
2022-ci ilin sonunda Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə Qarabağ bölgəsində Azərbaycan və Ermənistan arasında növbəti qarşıdurma mərhələsi başladı. Qarşıdurma dekabrın əvvəlində, separatçı Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və dövlət mədən şirkəti olan “AzerGold” QSC-nin əməkdaşlarına yerində yoxlama aparmağa icazə verməməsi ilə başlayıb. Sülhməramlılar Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının Azərbaycanın dövlət rəsmiləri tərəfindən yoxlanılmasına mane oldu. Bundan sonra Azərbaycan və Ermənistan cəmiyyətlərində Rusiyanın prosesdəki roluna şübhə daha da artdı.

Bu məhdudiyyətlərə cavab olaraq azərbaycanlı ekofəallar Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi Şuşa-Laçın yolunda etiraz aksiyası təşkil edərək, onları Xankəndindəki de-fakto separatçı dövlətlə həddən artıq dostluqda ittiham ediblər. 2023-cü ilin yanvar ayından etibarən ekofəallar seperatçıların hərbi baxımdan nəqliyyat və fəaliyyətlərini məhdudlaşdıraraq, Laçın yolunda etirazlarını davam etdirirlər. Onlar Bakının beynəlxalq səviyyədə tanınmış sərhədlərini irəli sürərək Qarabağın hər bir yerində Azərbaycanın dövlət qurumlarının tam çıxışını tələb edirlər.

Bununla belə, Şuşa-Laçın yolunda etirazlar Qərbdə Azərbaycana qarşı tənqidlərə səbəb oldu, Fransa qatı ermənipərəst mövqe tutdu, Bakını Qarabağı Ermənistanla birləşdirən əsas yolu bağlamaqda günahlandırdı. Lakin Qərbin Laçın yolunun yenidən açılması üçün Bakıya təzyiqlərinə baxmayaraq, Azərbaycan yola tam nəzarəti təmin edənə qədər çətin ki, öz mövqeyindən geri çəkilsin.

Həqiqətən də, etirazların vaxtı həm yerli, həm də beynəlxalq mediada oxşar etirazların niyə regionda daha əvvəl baş vermədiyi ilə bağlı suallar doğurdu. Cavab 2022-ci ildə Avropa İttifaqı və Rusiyanın təşəbbüsü ilə Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarının uğursuzluğu ilə əlaqələndirilə bilər. Aİ-nin gələcək danışıqları asanlaşdırmaq və ən azı Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin layihəsini hazırlamaq cəhdləri indiyə qədər nəticəsiz qalıb. Brüssel danışıqlar formatının uğursuzluğunun digər əsas səbəbi Fransa Senatının 2022-ci ilin oktyabrında qəbul etdiyi anti-Azərbaycan qətnaməsi və Fransa hökumətinin Ermənistanla həmrəyliyi olub. Aİ-nin sülh danışıqlarında vasitəçi rolunun azalması ilə rəsmi Bakı Qarabağda təbii sərvətlərin qeyri-qanuni istismarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün alternativ üsullardan istifadə etməyə məcbur olub.

Aİ-nin Bakı və İrəvanı sülh sazişinə yaxınlaşdıra bilməməsi ilə ABŞ çox güman ki, 2023-cü ildə Rusiyanın sülh prosesini tam inhisarına almasının qarşısını almaq üçün öz rolunu artıracaq. ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker 2022-ci ilin sonunda vəzifəsindən istefa verdi və bu, Vaşinqtona hazırda ABŞ-ın səfiri kimi fəaliyyət göstərən Maykl Karpenter kimi müvafiq regional təcrübəyə malik yeni və təcrübəli danışıqçı təyin etmək şansı verir.

Bununla belə, beynəlxalq ekspertlərin müxtəlif fikirləri 2023-cü ilin region üçün rahat il olmayacağını deməyə əsas verir. Son təhlillərə görə, Cənubi Qafqazda İran-Rusiya-Ermənistan qruplaşması Azərbaycan-Türkiyə-Gürcüstan razılaşmasına qarşı mübarizə aparır. Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin yaratdığı qeyri-müəyyənlik postsovet məkanında yeni katalizatorlar yarada, Cənubi Qafqazda isə yeni münaqişələrin baş verməsi dərin təhlükəsizlik boşluğu formalaşdıra bilər. Bölgədə gələcək potensial münaqişələrin spesifikliyini proqnozlaşdırmaq çətin olsa da, regionun Bakı və İrəvan arasında qısamüddətli döyüşlərin növbəti raundunun şahidi ola biləcəyini söyləmək düzgün olar.

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin müvafiq olaraq yanvarın 11 və 12-də keçirdikləri son mətbuat konfranslarını nəzərə alsaq, bu perspektiv daha çox görünür. Hər iki konfrans Bakı ilə İrəvan arasında qarşıdurmanın pik nöqtəsinə təsadüf etdi və dalana dirənmiş danışıqları bərpa etmək şansı az idi. Mətbuat konfransı zamanı Paşinyan qeyd edib ki, Rusiya sülhməramlılarının Laçın yolunda baş verənlərə qarşı hərəkətsizliyi Ermənistana istədiyi təhlükəsizlik təminatlarını verməyib və Ermənistanın təhlükəsizliyinə təhdid yaradıb.
Ermənistanla yekun sülh müqaviləsinin olmaması ölkə daxilində müzakirələri qızışdırır və Bakının bəzi aparıcı Qərb ölkələri, xüsusilə də Fransa ilə münasibətlərini çətinləşdirir. Üstəlik, Azərbaycanın Rusiyanı tez-tez tənqid etməsini və Rusiyanın separatçıların “dövlət naziri” Ruben Vardanyanı dəstəkləməsini nəzərə alaraq, rəsmi Bakı çox güman ki, danışıqlar prosesində Vaşinqtonla yaxın tərəfdaşlığa can atacaq.

2023-cü il Ermənistan və Azərbaycan üçün sülh danışıqları baxımından növbəti narahat il olacaq. Görünən odur ki, Laçın yolunda azərbaycanlıların etirazları separatçılar daxilində, yəni Ruben Vardanyanla 2023-cü ilin ilk yarısında Vardanyan tərəfindən vəzifəsindən uzaqlaşdırılan rejimin “təhlükəsizlik şurasının keçmiş rəhbəri”, general-mayor Vitali Balasanyan arasında daxili çəkişmələr qızışana qədər davam edəcək və bu, Azərbaycanın güclənməsinə şərait yaradacaq. Nəticədə, əgər hesablamalarımız doğru olarsa, belə bir ssenari Qarabağda və bütün regionda dəyişikliklərə səbəb ola bilər.

Dəyanət Ağalarlı  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Sülh   Təxribat  


Bizi "telegram"da izləyin