Ancaq reallıq tamamilə başqadır. Ermənistanda məsələ həmişə ictimaiyyətə belə təqdim olunub və 2018-ci ildəki hakimiyyət dəyişikliyindən də dərs götürülməyib. O zaman da deyilirdi ki, problemləri həll etmək üçün sadəcə hakimiyyət dəyişikliyi kifayət edir. Ancaq sonrasında bunu məyusluq və itkilər əvəz etdi. Ermənistanda eyni şey bu gün də davam edir.
2018-ci ilə qədər heç kim problemin təkcə Serj Sarkisyanda olmadığını, sistemli, dərin fəsadların olduğunu danışmağa cəsarət etmirdi. 2018-ci ildə hakimiyyət dəyişdi, ancaq sistematik böhran aradan götürülmədi və bəlkə də daha da sürətləndi. Ermənistanda hər kəs məsuliyyəti bir nəfərin üstünə qoymağa çalışır. Sanki Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamaqla ölkəni inkişafdan geri saxlayan yalnız Köçəryan, Sarkisyan, Paşinyan olub. Zaman dəyişdikcə “günah keçisi” dəyişir. Ancaq məsələnin mahiyyətini ermənilər hələ də başa düşmür.
İstər daxili, istərsə də xarici mürəkkəb situasiyada daha effektli olmaq üçün Ermənistan cəmiyyəti birinci özü dəyişməlidir və işğalçı zehniyyətdən xilas olmalıdır. Başqa çıxış yolu yoxdur.
Aqil Məmmədov
Ordu.az