Laçında qurulacaq məntəqə rusların da həddindən artıq silahlanmasını əngəlləyəcək – BAXIŞ BUCAĞI

2022/12/photo-1670410020.jpg
Oxunub: 1667     20:32     07 Dekabr 2022    
“Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq”. Bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirmək barədə razılıq əldə olunub. “Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”, - Volkov vurğulayıb.

Volkov qeyd edib ki, belə olan halda işin effektivliyini artıracaqlar və hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.

Azərbaycan bununla Ermənistandan qanunsuz erməni dəstələrinə silah daşınmasının qarşısını almaq istəyir. Azərbaycan rəsmiləri artıq bir müddətdir Laçın dəhlizi barədə xəbərdarlıq edir. Laçın dəhlizi humanitar məqsədlər üçün nəzərdə tutulsa da, ermənilər dəhlizdən hərbi məqsədlər üçün istifadə edir və bunun qarşısı Rusiya sülhməramlıları tərəfindən alınmır.

Rəsmi Bakı bununla, həmçinin Rusiya sülhməramlılarının hədidən artıq silahlanmasının qarşısını ala bilər. 10 noyabr bəyannaməsinə görə, bölgəyə Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib. Azərbaycan bu yolla sülhməramlılar üçün nəzərdə tutulmayan silahların daşınmasının qarşısını ala bilər.

Azərbaycanın Laçın dəhlizi ilə bağlı açıqlamaları XİN başçısı Ceyhun Bayramovun Moskvaya səfəri ərəfəsində baş verib ki, bu da o deməkdir ki, Bakı bununla Moskva ilə danışıqlar üçün ilkin şərtlər yaradıb. Eyni zamanda bu ərəfədə İranla sərhəddə keçirilən təlimləri izləmək üçün Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycana gəlib.

Laçın dəhlizindəki texniki yoxlama yeni Rusiya-Türkiyə “mürəkkəb əməliyyatı”nın elementidir, kifayət qədər kiçik elementdir və bununla razılaşaraq, Moskva bəlkə də daha böyük elementlər üzərində razılığa gəlmək üçün yeni “zərurət”i aradan qaldırmağa çalışır.

Asif Cəfərov
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın-dəhlizi   Qarabağ  


Bizi "telegram"da izləyin