Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Müəllif yazır ki, bu, Azərbaycan hərbi addım atmayacağı demək deyil. Məqalədə iddia edilir ki, Bakıya qarşı ekvivalent beynəlxalq reaksiya yoxdur.
“Fransa parlamentinin qətnaməsindən başqa, Fransanın icra hakimiyyəti və ya hər hansı beynəlxalq aktor və ya struktur səviyyəsində Bakıya qarşı hansısa tədbirlər görülmür. Bu isə o deməkdir ki, Azərbaycan üçün “kart-blanş” var” – deyə məqalədə bildirilir.
Müəllif xatırladır ki, dekabrın 5-də Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin görüşü olub. Rusiyanın xarici işlər naziri Lavrov bir daha bəyan edib ki, Moskva Ermənistan və Azərbaycan arasında sülhə kömək etməyə hazırdır. ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə baş müzakirəçisi Filip Riker Bakı, Tbilisi və İrəvana səfərindən sonra bəyan edib ki, ABŞ Cənubi Qafqazda sülhə töhfə verməyə sadiqdir.
“Hər kəs sülhə töhfə verməyə hazır olduğunu bildirir, hətta Türkiyə-Azərbaycan hərbi təlimini izləyən Türkiyə prezidenti Ərdoğan da buna hazırdır. Sülhü təşviq etmək üçün bəyannamələr və diplomatik səfərlər çoxdan etibarını itirib”, - deyə müəllif bildirir.
Alpər Mövludoğlu
Ordu.az