Minaların Qadağası Müqaviləsi - piyada əleyhinə minaların istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edən qlobal razılaşmadan 20 ildən çox zaman keçsə də, bəzi ölkələr bu silahları istehsal etməyə və saxlamağa davam edir. Hətta müqaviləni imzalayan 164 ölkədən bəzilərinin hələ də ehtiyatları var.
“Landmine Monitor” portalının 2018-ci il hesabatı göstərir ki, dünyada təxminən 50 milyon piyada əleyhinə mina var. Əhəmiyyətli bir rəqəm olsa da, bu, 1999-cu il müqaviləsi qüvvəyə minməzdən əvvəl 160 milyon idi.
Ən böyük mina ehtiyatları haradadır?
2018-ci il hesabatına görə sazişə qoşulmayan 33 dövlətdən 30-nun mina ehtiyatı saxladığı düşünülür. Bu ölkələr arasında ən böyük anbar ehtiyatları 45 milyona yaxın minaya malikdir, Rusiya (26,5 milyon), Pakistan (təxminən 6 milyon) və Hindistan (təxminən 4-5 milyon) ilk üçlüyü təşkil edir. Çinin isə 5 milyondan az minası olduğu düşünülür.
Hesabatda deyilir ki, müqaviləyə qoşulan ən azı 158 dövlət mina ehtiyatı saxlamır. Ancaq müqaviləni imzalayan bəzi ölkələr təəccüblüdür ki, onları hələ də öz arsenallarında saxlayırlar.
Məsələn, Finlandiyanın 16 000 minası var və bu məqsədlər üçün anbarında 1000-dən çox mina olan ölkələr siyahısına başçılıq edir.
Minalar nəticəsində nə qədər insan ölür və ya yaralanır?
Minaların Qadağası Müqaviləsini imzalayan ölkələr heç vaxt minalardan istifadə etməyəcəklərini öhdəsinə götürməklə yanaşı, öz ərazilərində basdırılmış minaların çıxarılmasına da razılıq veriblər.
Burada irəliləyiş var, 2017-ci ildə təxminən 128 kvadrat kilometr ərazinin təmizləndiyi, 168 min minanın məhv edildiyi bildirilir.
Lakin 58 ölkə minalarla çirklənib. Ölkə üzrə ümumi sahəsi 100 kvadrat kilometrdən çox olan kütləvi çirklənmənin Əfqanıstan, Bosniya və Herseqovina, Azərbaycan, Kamboca, Türkiyə və Yəmən də daxil olmaqla bir çox xalqlarda mövcud olduğu güman edilir.
2017-ci il, piyada əleyhinə, tank əleyhinə və əldəqayırma qurğular səbəbindən son dərəcə yüksək sayda itkilərin qeydə alındığı ardıcıl üçüncü il olub. “Landmine Monitor” 7239 itkini qeyd edir - 2793 nəfərin öldüyü və 4431 nəfərin yaralandığı təsdiqlənib.
İtkilər siyahısında birinci və ikinci yerdə yerdə Əfqanıstan və Suriya, növbəti yerlərdə Ukrayna, İraq, Pakistan, Nigeriya, Myanma, Liviya və Yəmən gəlir. Ən böyük itki əldəqayırma minaların (2,716) payına düşür və ən böyük itki qrupu isə uşaqlarda (2,452) qeydə alınıb.
Qeydə alınmış mina qurbanlarının əksəriyyəti mülki şəxslərdir (87%), bu nisbət son illərlə müqayisədə yüksəkdir. “Monitor” 1999-cu ildə qlobal izləmə başlayandan bəri 122 000 mina itkisini qeydə alıb, onlardan 86 000-i sağ qalıb.
Minaları kim hazırlayır?
Hesabatda mina istehsal etmək qabiliyyətini saxlayan 11 ölkə müəyyən edilib: Çin, Kuba, Hindistan, İran, Myanma, Şimali Koreya, Pakistan, Rusiya, Sinqapur, Cənubi Koreya və Vyetnam. Əksəriyyətinin aktiv şəkildə mina istehsal etdiyinə inanılmır. Üsyançılar Əfqanıstan, Kolumbiya, Myanma, Nigeriya və Yəmən kimi ölkələrdə də minalar istehsal ediblər.
40 dövlət, o cümlədən Minaların Qadağası Müqaviləsinə qoşulmayan üç dövlət piyada əleyhinə minaların istehsalını dayandırıb: Misir, İsrail və Nepal.
2020-ci ilin yanvarında Birləşmiş Ştatlar 2025-ci ilə qədər münaqişədən sonrakı ölkələrdə minalardan təmizləmə işlərini başa çatdırmaq kimi beynəlxalq hədəfi çətinləşdirərək ordusu tərəfindən piyada əleyhinə minaların istifadəsinə yenidən icazə vermək istədiyini elan edib.
Dəyanət Ağalarlı
Ordu.az