Rubrika| Maarifləndirmə| Hərbi prototip smartfon biometrik təhlükəsizlik risklərinə işarə edir

2022/12/1670398545.jpg
Oxunub: 383     12:01     07 Dekabr 2022    
Tam təchizatlı hərbi geyimdə olan “Humvee” maşının yanında olan ABŞ Ordusunun mayoru Nikolaus Zieqler dizi üstə çökərək ordunun xüsusi təhlükəsizliklə təchiz edilmiş qeyri-adi smartfonunu əlində aldı. Bir neçə saniyə ərzində prototip smartfon onun üzünü skan etdi, telefonu tutduğu hündürlüyü ölçdü və hərəkətlərinin son bir saatını təhlil etdi. Telefonun təhlükəsizlik sistemi onun həqiqətən də mayor Zieqler olduğuna qərar verdi və özünü kiliddən çıxardı.

Smartfonlar ABŞ Ordusunun cavabını tapmağa çətinlik çəkdiyi bir sual yaradır: Smartfonların güclü texnologiyasını döyüş meydanında faydalı və təhlükəsiz ola biləcək cihaza necə çevirmək olar?

Zieqler ABŞ Müdafiə Nazirliyinin informasiya texnologiyaları bölməsi olan Müdafiə İnformasiya Sistemləri Agentliyinin (DISA) İnkişaf etməkdə olan Texnologiyalar Direktorluğunun sədrinin müavinidir. O izah edir ki, əsgərlərə parol və barmaq izi sensorlarına əsaslanan müasir smartfonlardan daha yaxşı və daha təhlükəsiz bir cihaz lazımdır. Onun sözlərinə görə, əsas məsələ odur ki, həmin əsgərlər çox vaxt üzlərini, gözlərini və barmaqlarını gizlətməli olurlar.

Onlar əsgəri müəyyən etmək üçün daha çevik bir üsula ehtiyac olduğuna qərar veriblər. “Cihazın sizin kim olduğunuzu təsdiqləməsinə imkan verən əlavə kontekstual və biometrik amillər olmalıdır”, - deyə o bildirib.

Smartfonların rahatlığı, daşınması və istifadəyə yararlılığı hərbçiləri onları döyüş meydanına necə inteqrasiya edəcəyini anlamağa sövq edib. İndiyə qədər problem ondan ibarət idi ki, istehlakçı səviyyəli telefonlar yalnız müəyyən bir təhlükəsizlik səviyyəsini təklif edir və onlar sahədə kilidini açmaqda çətinlik çəkirlər.

Zieqlerin yeni prototipi müəyyən tələblərə cavab verir. Bu, əsgərin icazəsindən asılı olaraq yüksək səviyyəli təhlükəsizlik səviyyəsinə imkan verir, təhlükəsizlik üçün sadə parol və ya barmaq izini təkmilləşdirir və bu, müxtəlif faktorların telefonun sahibinin həqiqətən də cihazı əlində saxlamasına sübut kimi xidmət etməyə imkan verir.

DISA-nın “Təminatlı Şəxsiyyət” adlandırdığı bu yeni texnologiya ilə telefon daima doğru əllərdə olduğunu təsdiqləmək üçün sahibi haqqında bacardığı hər şeyi izləyəcək.

Zieqler bildirib ki, o, “Apple”dan ilk “iPhone”un hərbi versiyasını, onu daha möhkəm və daha etibarlı etmək üçün əlavə funksiyalarla birlikdə hazırlamağı xahiş edən qrupun bir hissəsidir. Lakin bazar imkanının çox kiçik olduğunu əsas gətirərək şirkət təklifdən imtina edib.

Hər bir fəal Amerika əsgəri də daxil olmaqla belə bir cihaz bazarı cəmi bir neçə milyon insandır. Beləliklə, ABŞ Müdafiə Nazirliyi on və ya yüz milyonlarla insana eyni məhsulun fərqli versiyalarını satan böyük texnoloji şirkətlərin üstünlük təşkil etdiyi bir bazarın mərhəmətinə qalıb. Buna əsasən, ABŞ Müdafiə Nazirliyi nisbətən kiçik bir müştəridir.

Pentaqon indi inkişaf etdirdiyi texnologiyanın bir hissəsini “Google”, “Samsung” və ya başqa bir şirkət kimi istehsalçıya satmağa ümid edir.

Ümid odur ki, şirkət daha sonra oxşar təhlükəsizlik xüsusiyyətlərinə malik telefonları kütləvi şəkildə istehsal edəcək ki, Nazirlik də onları öz işçiləri üçün münasib qiymətə ala bilsin. Problem ondadır ki, texnologiyanın kütləvi bazar versiyası Pentaqonun düşündüyündən daha az təhlükəsiz və daha müdaxiləedici ola bilər.

Ekspertlər deyir ki, telefonlar yaxşı qorunsa belə, satıcıya məlumatları cihazdan çıxarıb öz serverlərində saxlamağa icazə vermək təhlükəsizlik riski yaradır. Aydındır ki, bu məlumatlar, əgər özəl satıcı tərəfindən saxlanılırsa, Amerikanın düşmənləri tərəfindən alına bilər. Üstəlik, ehtiyatsız təhlükəsizlik təcrübələri məlumatların pozulmasına gətirib çıxara və ya işçinin icazəsiz satması kimi daxili təhdid səbəbindən məlumatların ələ keçirilməsinə səbəb ola bilər.

Son illərdə biometrika məişət elektronikasında parollara alternativ olaraq ortaya çıxdı. Barmaq izləri və hətta indi də üztanıma “Apple” və “Samsung” smartfonlarından istifadə edən milyonlarla insanın gündəlik işinin adi hissəsinə çevrilib.

Lakin bu texnologiya həm də biometrik məlumatlara dair yeni məxfilik narahatlıqları ilə birlikdə ortaya çıxıb.

Pentaqon smartfonu biometrik təhlükəsizliyi əvvəllər görünməmiş səviyyəyə qaldırır. O, insanın vərdiş etdiyi yerlərdən və onların Wi-Fi şəbəkələrinə ən ümumi qoşulmalarından tutmuş müntəzəm olaraq etdiyi zənglərə qədər hər şeyi birləşdirir və sonra bu məlumatları onların addımlarının nümunələri kimi biometrik göstəricilərlə birləşdirərək telefon kilidini açır. Zieqler deyir ki, təxminən 100 yard məsafədə telefonu onun kim olduğunu yerişinin ritmindən və onu daşımaq üçün adətən hansı cibdən istifadə etdiyini bilir.

Başqa bir şəxs telefonu götürüb getsə, onun yerişinin fərqli nümunəsi ilə bir neçə addımda telefon özünü bloka salacaq.

Lakin biometrik məlumatlar, bütün rəqəmsal məlumatlar kimi, sındırıla bilər. Məxfilik tərəfdarları xəbərdarlıq ediblər ki, şəkilləri internetdə yerləşdirən insanların üzləri üz tanıma proqramlarını öyrətmək üçün icazəsiz istifadə olunur. “Apple” öz “Face ID” funksiyasını işə saldıqda şirkət istifadəçiləri əmin edib ki, istifadəçinin üzü ilə bağlı istənilən məlumat telefonda qalacaq. Buna baxmayaraq “Reuters” agentliyi bəzi tərtibatçıların üz məlumatlarına giriş əldə edə bildiyini aşkar edib. Bu yaxınlarda 1 milyondan çox insanın biometrik məlumatları bir təhlükəsizlik şirkəti tərəfindən istifadə edilən ictimai məlumat bazasında aşkar edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Apple   Samsung  


Bizi "telegram"da izləyin