ETSN: Xocalıda sülhməramlıların komandanlığı ilə faydalı qazıntıların qanunsuz istismarı barədə müzakirələr aparılıb - YENİLƏNİB

2022/12/xanke-1670073675.jpg
Oxunub: 7762     19:11     03 Dekabr 2022    
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

Ordu.az Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub. Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.

3 dekabr tarixində 18.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şuşa şəhərinə qayıdıblar.

Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

*****

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), eləcə də “AzerGold”un əməkdaşları Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndiyə daxil olublar.

Ordu.az-ın məlumatına görə, sülhməramlıların qərargahında Azərbaycanın Qarabağ bölgəsində ətraf mühitin monitorinqi məsələsi müzakirə olunur.

Vurğulamaq lazımdır ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.

Qeyd edək ki, Azərbaycan Respubulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edilib. Xankəndi-Şuşa yolu arasında faydalı qazıntıların qanunsuz istismarını araşdırmaq üçün mütəxəssislər göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin