“Qarabağ məsələsini bağlayan sülh müqaviləsi Ermənistanın kapitulyasiyası demək olacaq” – Zatulin təşvişdə

2018/11/15552-1543568848.jpg
Oxunub: 683     12:09     03 Dekabr 2022    
“Ermənistanla Azərbaycan arasında sülh sazişi Qarabağ məsələsini bağlamamalıdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib.

O qeyd edib ki, əgər sülh sazişi Qarabağdakı erməni əhalinin “öz müqəddəratını təyinetmə, hüquq və azadlıqları məsələsinin bağlanması” deməkdirsə, o zaman bu, Ermənistan tərəfindən alçaldıcı kapitulyasiya sazişi olacaq.

Zatulin qeyd edib ki, əgər söhbət bu ilin sentyabrında olduğu kimi regionda hansısa sülh prosesinin qurulmasına və hərbi əməliyyatların bərpa olunmamasına imkan verəcək sülh sazişindən gedirsə, o zaman Rusiya xüsusilə Ukrayna ilə bağlı vəziyyəti nəzərə alaraq bu variantı dəstəkləyir.

“Bizim rəsmi mövqeyimiz həmişə belə səslənib: biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tərəfdarıyıq, lakin eyni zamanda, Qarabağ probleminin hələ də müzakirəyə və həllə ehtiyacı var, yəni sülh müqaviləsi “Qarabağın öz müqəddəratını təyin etmə məsələləri”ni bağlamır”, - deyə rusiyalı deputat bildirib.

O, Ermənistan hökumətinin bəzi səbəblərdən Rusiyanın təklifini digər platformalarda, xüsusən də Vaşinqton bəyannaməsində dəstəkləməməsinə diqqət çəkib.

“Rusiyaya bir şey deyirlər, Brüsseldə və Vaşinqtonda başqa şey deyirlər. Təbii ki, Rusiya prezidenti Vladimir Putinin Valday Forumunda çıxışından sonra Nikol Paşinyan artıq Rusiyanın təklifini nəticəsiz rədd edə bilməz, lakin Ermənistan tərəfi rus variantının tətbiqinin zəruriliyində israr etmir. Qarabağda Paşinyan hakimiyyətini xəyanətdə ittiham edən insanlar yaşayır. Hakimiyyət Qarabağı bir kənara atmaq istəyir, bu, onlara yükdür. Düşünürəm ki, problemin kökü bundadır, təbii olaraq ictimaiyyət bunu qəbul etmir”, - deyə Zatulin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zatulin   Qarabağ  


Bizi "telegram"da izləyin