KTMT Paşinyan hakimiyyətinin təhlükəsizliyinin təminatçısıdır? – ANALİZ

2022/11/1669230655.jpg
Oxunub: 493     16:56     02 Dekabr 2022    
Ermənistan hakimiyyətinin müxtəlif nümayəndələri uzun müddətdir ki, KTMT-dən narazılıqlarını və məyusluqlarını bildirirlər, Paşinyan deyir ki, KTMT-yə üzv olan ölkələr onun təklif etdiyi layihəni dəstəkləməyib, o da ümumi bəyannaməni imzalamayıb.

Paşinyan bununla da KTMT daxilində yekdillik və müttəfiqlik əlaqələrinin olmadığını bir daha göstərdi. Geniş yayılmış narazılığa baxmayaraq, Ermənistan bu strukturu tərk edəcəyini rəsmən açıqlamayıb. 5 il əvvəl Paşinyan və onun hazırkı komandası müxalifətdə ikən Ermənistanın KTMT və AİB üzvlüyünə qarşı çıxırdılar. İndi isə əməli addım atmaq niyyətləri yoxdur.

İndi tamamilə anlaşılmaz bir vəziyyətdir. Ermənistan hakimiyyətinin demək olar ki, bütün nümayəndələri KTMT-dən narazıdırlar, lakin o strukturdan çıxmaq üçün heç bir əməli addım atmırlar. İrəvan şantajla məşğuldur, ancaq bu şikayətlər artıq KTMT ölkələri arasında gülüş yaradır. Ancaq ehtimal etmək olar ki, bu da məqsədli hərəkətdir. Ola bilərmi ki, Ermənistan KTMT-dən özü çıxmaq yox, təşkilatı Ermənistanı çıxarmağa məcbur etsin?

Belə təəssürat yaranır ki, Ermənistan KTMT-ni o qədər bezdirmək istəyir, o qədər qeyri-real tələblər irəli sürür ki, nə vaxtsa KTMT-yə üzv olan dövlətlər yığışıb qərar verəcəklər ki, Ermənistan dözülməz bir yük kimi o strukturdan çıxarılsın.

Düzdür, Paşinyan KTMT-nin Ermənistan üçün zərurətini, hətta əvəzedilməzliyini başa düşür, ancaq xarakterinə görə bundan imtina edə bilmir.

Ermənistan hökumətinin KTMT-dən çıxmaq prosesinə niyə təşəbbüs göstərməməsi və həyata keçirməməsi maraqlıdır. Paşinyan parlamentdə mütləq çoxluğa malikdir və Ermənistanın KTMT-yə daxil olması ilə bağlı bütün müqavilələri birtərəfli qaydada etibarsız hesab edə bilər. Paşinyan bunu sadə səbəbdən etmir. Ermənistanın KTMT-yə üzvlüyü Ermənistanın təhlükəsizliyini təmin etməyə bilər, amma Paşinyan hakimiyyətinin təhlükəsizliyini təmin edir. Nə qədər qəribə görünsə də, bu gün Paşinyanın hakimiyyətinin təhlükəsizliyinin yeganə təminatı Ermənistanın KTMT-yə üzv olmasıdır.

Nədən danışdığımızı başa düşmək üçün bir anlıq təsəvvür edək ki, Paşinyan Ermənistanın KTMT-dən çıxarılması qərarını həyata keçirsə, Ermənistanda nə baş verəcək və hansı vəziyyət yaranacaq. Çox güman ki, bunun ardınca Rusiya ilə dostluq və qarşılıqlı yardım müqaviləsi ləğv edilməlidir. Ermənistan etməsə, Rusiya bunu Ermənistanın KTMT-dən çıxmasına cavab olaraq edəcək. KTMT-dən çıxmaq həm də AİB üzvlüyündən imtina etməyi nəzərdə tutur, çünki bu strukturlar bir-birinin üzvi davamıdır və təsadüfi deyil ki, KTMT-yə üzv olan 6 ölkənin hamısı AİB-nin üzvüdür. Ermənistanda böyük ehtimalla KTMT və AİB-dən çıxdıqdan sonra iqtisadi, sosial və humanitar xaos başlayacaq.

Nikol Paşinyan başa düşür ki, yuxarıda təsvir olunanlar təkcə real ssenari deyil, həm də yeganə mümkün ssenaridir. O da başa düşür ki, bu ssenari həyata keçərsə, özünün və hakimiyyətinin məhvi qaçılmazdır.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin