Türkiyənin xarici, təhlükəsizlik və müdafiə siyasətinin doktrinal dəyişməsi - ANALİZ

2022/12/1669969194.jpg
Oxunub: 730     12:17     02 Dekabr 2022    
Türkiyənin müdafiə diplomatiyası son illərdə çox diqqət çəkib. Bunun əsas səbəbi Ankaranın birtərəfli danışıqların tətbiq etdiyi məhdudiyyətlərdən xilas olmaq istəyidir ki, bu da əsasən ABŞ-ın NATO mərkəzli öhdəlikləri ilə bağlıdır. Çünki Türkiyənin təhlükəsizlik siyasətləri və strategiyaları onilliklərdir NATO-nun müdafiə çətiri altında bəzən zərurətdən, bəzən də təklif etdiyi üstünlüklərə görə formalaşıb. Lakin Türkiyədəki təhlükəsizlik mühiti, Ankaranın getdikcə genişlənən təhdid dairəsi və dövlət/qeyri-dövlət silahlı qüvvələrinin sayının artması sübut etdi ki, hər gün fərqli və subyektiv siyasət və prosedurlar qurulmalıdır.

Türkiyənin xarici, təhlükəsizlik və müdafiə siyasətində doktrinal dəyişiklik

Bu fəallıq 2000-ci illərdə Türkiyənin xarici, təhlükəsizlik və müdafiə siyasətinə damğasını vuran doktrinal dəyişikliyi də gətirdi. Sözügedən doktrinal dəyişiklik geniş bir coğrafiyaya yayılmağa başlayan Türkiyənin hərbi bazaları, TSQ-nin sərhədyanı əməliyyatları, müdafiə sənayesində hədəflənən müstəqillik mübarizəsi kimi müxtəlif formalarda konkret təzahürlərində öz əksini tapıb. Bu çərçivədə, xüsusilə yerlilik, millilik və strateji muxtariyyət hədəfləri istiqamətində müdafiəyə yüksək büdcəli maliyyə qaynaqları təmin edilərkən, mövcud siyasi iradə ölkədə müdafiə ekosisteminin formalaşmasını həm Türkiyənin özünümüdafiəsi, həm də müdafiə bazarının ixrac potensialı üçün vacib sayaraq, sabit təşviq mexanizmini həyata keçirib.

Aktivliyin Türkiyə xarici siyasətindəki rolu və əhəmiyyəti yuxarıda qeyd olunan proseslə birlikdə artarkən, hərbi texnologiya getdikcə çeşidlənən məhsul çeşidi ilə bu aktivliyə xidmət etməyə başladı. Belə ki, Türkiyənin xüsusilə taktiki və strateji keyfiyyətlərə malik olan Pilotsuz Uçuş Aparatlarının (PUA) real döyüşlərdə yüksək performans göstərməsi bu platformaları mühüm diplomatik alətə çevirərək Türkiyənin xarici siyasət praktikasının dərinləşməsi ilə nəticələndi. Türkiyənin Liviya, Suriya, Azərbaycan və son olaraq Ukraynada rol oynayan PUA-ları Ankaranın ABŞ və digər NATO ölkələri ilə müdafiə diplomatiyasına istinad edərək əlini gücləndirdi.

Türkiyənin müdafiə fəallığı Soyuq Müharibə ərəfəsində NATO-nun şərq və cənub-şərq cinahları üçün Ankaranın mühüm rolunu xatırlatsa da, son illərdə onlarla ölkəyə satdığı silah sistemləri və platformalarının müharibənin gedişatını dəyişdirən strateji təsirlər yaratması Ankaranın müdafiə diplomatiyasında yeni səhifə açıb. Hətta demək olar ki, Ankaranın Ukrayna ilə müdafiə diplomatiyası onun Rusiya ilə müdafiə diplomatiyasına, hətta taxıl diplomatiyasına təsir edir. Türkiyə Müdafiə naziri Hulusi Akarın müdafiə diplomatiyası trafikində taxıl diplomatiyasının eyni vaxtda icrası bu baxımdan tamamlayıcı bir təcrübə kimi qəbul edilməlidir.

Xülasə, Suriya vətəndaş müharibəsi və ondan sonrakı bütün münaqişə və döyüş sahələri göstərir ki, Türkiyə NATO qarşısında götürdüyü öhdəlikləri nəzərə alaraq müdafiə diplomatiyasına yeni yanaşma ortaya qoyub. Türkiyə Rusiya və Ukrayna arasında “tarazlığı” düzgün idarə edə bilsə, müdafiə diplomatiyasının taxıl diplomatiyası və enerji diplomatiyası kimi müxtəlif sahələrdə yeni imkanlar gətirəcəyi açıqdır.

Rusiya-Ukrayna müharibəsi oxunda Türkiyənin müdafiə diplomatiyası

Rusiya-Ukrayna müharibəsində Türkiyənin müdafiə diplomatiyasının güclü bir parçası olmasının üç əsas səbəbi olduğunu deyə bilərik. Bunlardan birincisi və ən mühümü Türkiyə ilə Rusiya arasında müdafiə sahəsində, nazirliklər və hərbi qurumlar səviyyəsində (buna kəşfiyyat məlumatları da əlavə olunmalıdır) keçmişdə heç vaxt görülməmiş əməkdaşlıq və iş tempinin qurulmasıdır. Qeyd edək ki, Suriya Müharibəsindən əvvəl Türkiyə ilə Rusiya arasında hərbi səviyyədə institusional əlaqələr müqayisə olunmayacaq dərəcədə seyrək idi. Digər tərəfdən, hər iki ölkənin Liviya və Azərbaycan kimi hərbi sahədə məşğul olduğu məsələlər nəzərə alındıqda, iki ölkə arasında klassik müdafiə diplomatiyasının dərinləşdiyi və bu vəziyyətin xarici siyasət sahəsinə müsbət töhfə verdiyi görünür.

Bu nöqtədə ikinci mühüm məqam Türkiyənin müdafiə sənayesində son illərdə əldə etdiyi yüksəlişdir. Türkiyə bir tərəfdən özünün milli platformalarını istehsal edir və real müharibə şəraitində sınaqdan keçirilmiş silahları öz silahlı qüvvələrinin inventarına əlavə edir, digər tərəfdən isə qlobal müdafiə bazarında oyunçu olmağa can atır, bazara digər dövlətlər üçün oyun dəyişdirici olan silahlar çıxarır. Bütün bunlar Türkiyənin müdafiə diplomatiyasının sənaye ölçüsüdür.

Müharibədən əvvəl və müharibə zamanı Türkiyənin Ukraynaya PUA dəstəyi verməsi Rusiyanın müharibənin ilk mərhələsində quruda sürətli qələbə qazanmasına mane olan ən mühüm amillərdən biridir. Daha sonra Türkiyənin verdiyi TB2 və onların istifadə etdiyi döyüş sursatları Rusiyanın əraziyə effektiv nəzarəti təmin etməsinə mane oldu. Bu vəziyyətin Qarabağda da eyni sxem üzrə işlədiyi müşahidə olunub. Digər tərəfdən Türkiyə ilə Rusiya arasında müdafiə sahəsində ən kritik məsələ olan S-400 məsələsi, Moskva ilə Ankara arasında yeni və əlavə əlaqənin qurulmasına şərait yaradıb. Bu vəziyyət Türkiyənin ABŞ-la əlaqələrini genişləndirməsinə və Türkiyənin F-35 proqramından çıxarılmasına səbəb olsa da, Türkiyənin S-400-lə bağlı barışmaz mövqeyi Ukraynada balanslaşdırma siyasətinin həyata keçirilməsinə şərait yaratdı. Başqa sözlə, müdafiə sənayesi kontekstində Türkiyənin Ukraynaya verdiyi imkan Kiyevə də təsir etmək imkanı verir. Buradakı təsir və Moskva ilə həssas müdafiə əməkdaşlığı Ərdoğana Putinə təsir göstərməyə və nəticə əldə etməyə imkan verdi. Əslində bütün bunlar Türkiyənin sayəsində həm iyulun 22-də taxıl dəhlizi sazişinin imzalanmasını, həm də oktyabrın 31-də pozulan müqaviləyə Rusiyanın qayıtmasını asanlaşdırdı.

Üçüncü məsələ isə Rusiya-Ukrayna müharibəsində Türkiyənin coğrafi mövqeyinin yenidən strateji şəkildə ortaya çıxması ilə bağlıdır. Həm Türkiyənin Montrö planını aydın şəkildə həyata keçirməsi, həm müharibədə vasitəçi rolu, həm də Rusiya və Ukrayna hərbi rəsmilərinin Türkiyədə ara-sıra bir araya gəlməsi müdafiə diplomatiyasını daha da vacib edib. Yəni İstanbulda təkcə diplomatlar bir araya gəlmədi, eyni zamanda hərbçilər müharibə vəziyyətinə görə tez-tez görüşürdülər. Xüsusilə, İstanbulun əsirlərin dəyişdirilməsində danışıqlara ev sahibliyi etməsi və taxıl dəhlizində dəniz səfərinin təhlükəsizliyi ilə bağlı məsələlərin hərbi sahəyə aid olması müdafiə diplomatiyasının kritik element olduğunu göstərdi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müharibə   Rusiya-Ukrayna  


Bizi "telegram"da izləyin