Erməni politoloq: “Diplomatlar susanda toplar aktivləşir, çox arzuolunmaz vəziyyət yaranıb”

2021/12/2021--1639478626.jpg
Oxunub: 346     14:43     02 Dekabr 2022    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşaya ikigünlük işgüzar səfərə gedib. O, Lodzda keçirilən ATƏT-in 29-cu Nazirlər Forumunda iştirak edib.

Ermənistanın Xarici İşlər Nazirliyi qeyd edir ki, səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də baş tutacaq. Ermənistan XİN hansı görüşlərdən söhbət getdiyi barədə ətraflı məlumat vermir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ATƏT-in iclasında iştirak etmək üçün Lodza gedib.

Mətbuat nəşrlərinə görə, Polşada Ermənistan və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərlərinin görüşü yoxdur.

Qeyd edək ki, bu yaxınlarda Brüsseldə daha yüksək səviyyədə keçirilən görüş ləğv edilmişdi. İlham Əliyev Fransa prezidenti Emmanuel Makronun həmin görüşdə iştirakına etiraz edib.

Erməni politoloq Qarik Keryanın sözlərinə görə, vəziyyət narahatvericidir, çünki danışıqlar bitəndə müharibə təhlükəsi artır.

“Belə bir deyim var: diplomatlar susanda toplar aktivləşir. Çox arzuolunmaz vəziyyət yaranıb. Əslində, Brüssel platforması uğursuz oldu, hansısa mənada ümidlərimiz var idi. Digər tərəfdən, KTMT-nin son sammitində yekun aktın imzalanmaması da KTMT-yə qarşı nümayişkaranə bir addım kimi görünür. Əslində biz özümüzü iki cəbhədə təcrid edirik. İlham Əliyevin Makronun iştirakı ilə danışıqlar aparmaq istəmədiyi Brüssel platforması uğursuzluğa düçar olur və burada Ermənistanın KTMT-yə arxadan zərbə vurması səbəbindən KTMT bizi narazı və daha iddialı ambisiyalarla tərk edir”, - deyə o qeyd edib.

Keryan bildirib ki, iki sammitdə danışıqlar prosesi ya iflasa uğrayıbsa, ya da dondurulubsa, Ararat Mirzoyan Ceyhun Bayramovla ATƏT-də də görüşə bilməzdi.

“Əlbəttə, bu o demək deyil ki, vəziyyət fəlakətli ola bilər. Hər halda, hər şey bu danışıqlar prosesinə təşəbbüs göstərən moderatorların fəallığından asılıdır. Söhbət Rusiya və Fransadan gedir, əgər onlar moderasiya üçün müraciət ediblərsə, o zaman danışıqların bərpası üçün bu dəqiqə bütün addımlar atılmalıdır. Əgər onlar bu addımları atmasalar, növbəti hərbi əməliyyatdan, yüzlərlə qurbandan sonra danışıqlara imkan yaratsalar, cəmiyyətimiz qarşısında tamamilə nüfuzdan düşəcəklər”, - deyə erməni politoloq vurğulayıb.

Keryan onu da qeyd edib ki, təhlükə Moskva və Parisin təkcə ayrı-ayrılıqda deyil, rəqib kimi fəaliyyət göstərməsindədir.

“Əslində Ukraynadakı Qərb-Rusiya qarşıdurması Cənubi Qafqazda da qarşıdurmaya çevrilib. Minsk qrupunun həmsədr dövlətləri, Fransa moderasiyasını başqa formatda, Rusiya isə tamam başqa formatda aparmaq istəyir. Heç bir əməkdaşlıq əlaməti yoxdur. Bu, təhlükədir. Danışıqlar prosesinin moderatorları bir-birinin yerini tutmaq, biri digərini sıxışdırmaq üçün rəqib kimi çıxış edirlər”, - deyə o fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ukrayna  


Bizi "telegram"da izləyin