Ceyhun Bayramov Borelə Ermənistanın danışıqlar barədə yanlış təəssürat yaratdığını deyib - YENİLƏNİB

2022/12/dsf45-1669920999.jpg
Oxunub: 354     23:01     01 Dekabr 2022    
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə görüşüb.

Bu barədə Ordu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, habelə energetika sahəsində əldə edilmiş razılıqların icrası müzakirə olunub.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəlilədilməsi istiqamətində səylər və Avropa İttifaqının rolu barədə fikir mübadiləsi aparılıb.

Ermənistanın proses çərçivəsində maneələr törətdiyi, liderlər səviyyəsində əldə edilmiş razılıqlar üzrə öhdəliklərdən boyun qaçırdığı, danışıqlar prosesi barədə yanlış təəssürat yaratdığı diqqətə çatdırılıb. Nazir, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsinə bir daha diqqət yönəldib.

Cozef Borel, öz növbəsində Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin böyük inkişaf potensialının olduğunu qeyd edib. Avropa İttifaqının normallaşma prosesi üzrə səylərə dəstəyini davam etdirmək niyyətində olduğunu bildirib.

Tərəflər görüşdə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

***

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Borel tviter hesabında bildirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla regional problemləri müzakirə etdim. Aİ-nin Cənubi Qafqazda sülh danışıqlarına və tərəflər arasında etimadın yaradılmasına yardım etmək öhdəliyini vurğuladım. Sülh quruculuğu və regional tərəqqi istiqamətində səyləri davam etdirmək üçün Azərbaycanın əməkdaşlığına ümid edirik”, - ali nümayəndə qeyd edib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Borell  


Bizi "telegram"da izləyin