Bakıda Rumıniyanın Müstəqillik Günü qeyd edilib

2022/12/1db95-1669913813.jpg
Oxunub: 366     20:18     01 Dekabr 2022    
Bakıda Rumıniya Respublikasının Müstəqillik Günü, eyni zamanda Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmaqdan məmnunluq duyduqlarını ifadə edib.

Bildirib ki, Rumıniya beynəlxalq hüququn prinsiplərinə dayanaraq, bütün qonşuları ilə münasibətləri normallaşdırması ilə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın vicdanlı dostu, tərəfdaşı və dəstəkçisi olmuş və olmaqda davam edir.

"2022-ci ilin əvvəlindən biz Azərbaycan Respublikası ilə siyasi-diplomatik dialoqun gücləndirilməsi və sektorlararası əməkdaşlığın gücləndirilməsi üzərində fəal çalışırıq ki, bu da artıq öz nəticəsini verməkdədir. 2022-ci ilin iyununda Birgə Hökumətlərarası İqtisadi Komissiyanın işi bərpa edilib. Energetika sahəsində Rumıniya və Azərbaycan Şərqi və Mərkəzi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə təsir göstərən, qarşılıqlı maraq doğuran Xəzər dənizinin Azərbaycan sahillərindəki alternativ mənbələrdən təbii qaz və elektrik enerjisinin nəqli kimi birgə böyük layihələr həyata keçirməyi təklif edirlər. Nəqliyyat və bağlantı sahəsində ölkələrimiz Bakı və Konstansa limanları vasitəsilə ideal coğrafi kəsişmə nöqtələri olan Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin konsolidasiyasında maraqlıdır" - deyə səfir əlavə edib.

Tədbirdə fəxri qonaq qismində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, dövlət başçılarımızın təşəbbüsləri sayəsində ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədədir.

"Bu gün iqtisadi, ticari əlaqələrimiz geniş səpkidə inkişaf edir. Bu ilin 10 ayı ərzində Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 2,3 dəfə artıb. Azərbaycanın Rumıniyaya qoyduğu investisiyanın həcmi 100 milyon dolları keçib. Hər iki ölkənin şirkətləri bir-birlərinin ərazisində aktiv fəaliyyət göstərir. Bundan başqa təhsil, sosial, mədəni sahədə də geniş əlaqələrimiz var" - deyə nazir vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Azərbaycan  


Bizi "telegram"da izləyin