“İlham Əliyev bütün məsələlərin həll olunduğunu, bunların Azərbaycanın ərazi bütövlüyü məsələsi olduğunu açıq şəkildə bildirib” - Uorlik

2019/03/uorli-1551782413.jpg
Oxunub: 5880     15:45     01 Dekabr 2022    
“Mən əslində son bir neçə ayın prosesinə nikbin baxıram. Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin görüşməsi yaxşı əlamətdir”.

Ordu.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, xüsusilə, Soçidə keçirilən görüş müsbət nəticə verib, tərəflər güc tətbiq etməmək barədə razılığa gəliblər.

Uorlik qeyd edib ki, həmçinin dekabrın 7-də Avropa İttifaqı çərçivəsində mümkün görüşlə gələcəkdə irəliləyiş üçün imkanlar var.

“Bütün müzakirələrin çətinlik olmadan keçəcəyini gözləmirəm. Təbii olaraq ritorika yəqin ki, hər iki tərəfdə dəyişə bilər, lakin bu, prosesin irəliləməsinə mane olmamalıdır. Tərəflərin danışması və danışıqlar prosesinin olması vacibdir. Prezident Makronun danışıqlarda iştirakı ilə bağlı mənim başa düşdüyüm bəzi fikir ayrılıqları var. Ermənistan tərəfi istəyir ki, Makron dialoqda iştirakını davam etdirsin və niyə də yox, ona rəhbərlik etsin. Prezident İlham Əliyev isə Makronun iştirakına qarşı kəskin bəyanatlar verib. Hesab edirəm ki, bu, tərəflərin öhdəsindən gəlməli olduğu böyük problem deyil, çünki ən əsası odur ki, formatdan və danışıqların iştirakçılarından asılı olmayaraq, Ermənistan və Azərbaycan tərəfləri bir-biri ilə danışsınlar. Ən böyük problem odur ki, hər şeyi bir anda həll etmək mümkün deyil. Eyni zamanda bir çox məsələlərlə bağlı proseslər olmalıdır. Prezident və Baş nazirin bunu təşviq etməsi vacibdir”, - deyə o vurğulayıb.

Keçmiş həmsədr bildirib ki, Prezident İlham Əliyev münaqişə ilə bağlı bütün məsələlərin həll olunduğunu və bütün bunların Azərbaycanın ərazi bütövlüyü məsələsi olduğunu açıq şəkildə bildirib, lakin “Qarabağ sakinlərinin hüquqlarının müdafiəsi” üçün prosesə ehtiyac var.

“Bu, status ətrafında vacib müzakirədir. Başqa məsələlər də var. Məsələn: rabitə, su ehtiyatları, hərbi əsirlərin (diversantlar – red.) qaytarılması. Bütün bunlar maneələrlə üzləşən, lakin həll edilə bilən problemlərdir ki, bunun üçün ilk növbədə Prezident və Baş nazirin iştirakı ilə çoxtərəfli yanaşma olmalıdır.

Səfir Riker kifayət qədər yüksək səviyyəli diplomatdır və mən çox şadam ki, o, xüsusi danışıqlar aparan şəxs təyin edilib. Həm dövlət katibinin, həm də milli təhlükəsizlik müşavirinin bu məsələ ilə məşğul olması da ürəkaçandır. Bu, davamlı öhdəlik olmalıdır. Amerika tərəfi ilə bir görüş kifayət etmir. Bu, ABŞ hökumətinin, təbii ki, Avropa İttifaqının və digər qurumların bu prosesi irəli aparmaq öhdəliyinə çevrilməlidir. Əks halda biz hərbi münaqişəyə qayıdacağıq. Hazırda ABŞ administrasiyasından gördüklərim çox müsbətdir və bu əlaqə təkcə səfir Riker tərəfindən deyil, həm də ABŞ hökumətinin digər yüksək vəzifəli üzvləri tərəfindən müntəzəm olaraq davam etdirilməlidir”, - deyə Uorlik əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   ABŞ  


Bizi "telegram"da izləyin