“Türkiyə tərəfi heç bir maneə olmadan Ankarada erməni nümayəndə heyətini qəbul edə bilər” - Estukyan

2022/05/1652698996.jpg
Oxunub: 352     17:33     01 Dekabr 2022    
“Mənim də Ermənistan və Türkiyənin texniki nümayəndə heyətlərinin görüşü ilə bağlı məlumatım yox idi. Ancaq qeyd etməliyəm ki, əgər söhbət irəliləyişdən gedirsə, o zaman bu görüşlər gizli formada yox, açıq şəkildə keçirilməlidir”.

Ordu.az xəbər verir ki, bunu İstanbulda nəşr olunan “Akos” qəzetinin erməni dili şöbəsinin redaktoru Baqrat Estukyan deyib.

Onun sözlərinə görə, Türkiyə sərhədlərin açılmasına hazırlaşdığını bildirməyə cəsarət göstərməlidir.

“Nə qədər ki, belə bir şey yoxdur, mən bunu irəliyə doğru addım hesab edə bilmərəm. Əvvəllər də sərhədə gedən yolların abadlaşdırılması ilə bağlı xəbərlər var idi, sonradan başqa heç bir hadisə görmədik. İndi də sərhəd yalnız diplomatik pasportu olanlar və ya üçüncü ölkə vətəndaşları üçün açılır. Bu, məncə, mənasız bir məhdudiyyətdir. Əgər ölkələr arasında münasibətlər qurulursa, sərhəd açılırsa, məntiqlidir ki, bundan üçüncü dövlətlər deyil, hər iki ölkənin vətəndaşları faydalansın. Ona görə də burada artıq rəsmiyyətlə bağlı problemlər var.

Artıq qeyd etdiyim kimi, bu görüş haqqında heç eşitməmişdim. Türkiyə hökuməti Ermənistanla münasibətlərin normallaşması üçün belə addımların atıldığını öz xalqına qürurla və açıq şəkildə bəyan edəndə hər şey daha aydın olacaq. Türkiyə hökumətinin belə bir söz deməyə cəsarəti olmadığı üçün biz bunu irəliləyiş hesab edə bilmərik. İki ölkə danışıqlar aparırsa, təbii olaraq bir-biri ilə danışıqlar aparmalı, bir-birinin paytaxtlarında görüşməlidir. Bu çox normal prosesdir. Başlanğıc üçün ilk görüş kimi, tərəflərin nümayəndələrinin tanışlığı kimi deyə bilərik ki, üçüncü neytral ölkə lazım idi. Amma növbəti görüşlər ardıcıl olaraq Ankarada və ya İrəvanda keçirilməli idi.

Ermənistan hökuməti perspektivdən yayınır, çünki müxalifətimizin bu fürsətdən istifadə edib etirazlar zamanı hakimiyyəti pis vəziyyətdə qoyacağından narahatdır. Yəni nümayəndə heyətinin gəlişi münasibəti ilə etiraz aksiyalarının keçiriləcəyi və bununla da atmosferin qaraldılması mümkündür. Türkiyəyə gəldikdə isə, ümumiyyətlə, belə bir narahatlıq yoxdur, çünki belə hislər yoxdur. Bunu ancaq hökumət edə bilər, amma o da bu addımı atmayacaq. Ona görə də Türkiyə tərəfi heç bir maneə olmadan Ankarada erməni nümayəndə heyətini qəbul edə bilər”, - deyə Estukyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin