Avropa İttifaqı daxilində yeganə nüvə ölkəsi kimi Fransa Ukrayna müharibəsi nəticəsində kifayət qədər çətin vəziyyətlə üzləşib. Praktikada həmin müharibə Avropa zonasında Amerika-Britaniya təsirinin dərəcəsini hər cəhətdən artırıb. Bu hadisələr Qafqazın təhlükəsizliyi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə də öz ifadəsini tapır.
Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi təxribatçı qətnamə əslində bu proseslə əlaqəlidir. Fransa proseslərə müdaxilə edə bilmir və buna görə də prosesləri pozmağa çalışır. Artıq Azərbaycan Fransanın vasitəçi ola bilməyəcəyini elan edib. Dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağı açıqlanıb. Buna səbəb Ermənistanın görüşdə Fransa liderinin də iştirak etməsini tələb etməsi olub.
Yeri gəlmişkən bu müddətdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezident Aparatında, Xarici İşlər Nazirliyində, təhlükəsizlik sektorunun diplomatları ilə görüşlər keçirir.
Fransa nəzərəçarpacaq dərəcədə yeni prosesə hazırlaşır. Bunun necə görünəcəyi yəqin ki, Makron və Bayden arasında Amerikada baş tutacaq danışıqlardan çox asılı olacaq. ABŞ Fransanın yeni roluna rəqabətli bir maneə kimi baxacaq, yoxsa tərəfdaşlığa fürsət kimi yanaşacaq? Fransa bu məsələdə müzakirələrə və kompromislərə hazırdırmı, yoxsa Amerika-Fransa rəqabəti Qafqaza da gəlib çıxacaq?
Asif Cəfərov
Ordu.az