Zahid Oruc: "Ruben Vardanyan sərvətlərini Xankəndidə yeni separatçılıq hərəkatına qoyur"

2022/02/16400-1643711296.jpg
Oxunub: 314     12:32     29 Noyabr 2022    
"Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması sərvətlərini Xankəndidə yeni separatizm hərəkatına qoyduğunu göstərir".

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, R.Vardanyanın dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir: "Lakin bizi xaricdə yaşayan milli iş adamlarımızın azad torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmaye qoymaması da narahat etməlidir. Azərbaycanlı milyonçular da xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, onlar azad edilmiş ərazilərə investisiya qoymaqla qayıdışa hazırdırlarmı. Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi, “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir".

Deputat xarici milli burjuaziyanı azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlər üçün ev tikməyə çağırmadıqlarını deyib: "Onların belə hüquqi öhdəliyi yoxdur. Ağdamın məşhur üzüm emalı zavodlarına, Zəngilanın, Qubadlının zəngin meyvə bağlarına investisiya qoymaq olar. Ona görə də dünya azərbaycanlıları 30 illik əhdlərini unutmamalıdılar. Dövlət sahibkarları "Böyük qayıdış" üçün əksər ödənişlərdən, vergi və rüsumlardan azad edir. Pullarını ölkədən çıxaranlara əlavə toxunulmazlıq və zəmanət gərəkirsə, onu da dövlətə açıq desinlər. Onsuz da müqəddəs torpaqlarda itki yoxdur, xalqa yatırılan kapital batmır. Bir özəl məktəbin, yaxud klinikanın tikilməsi ordunun tankı-topu qədər önəmlidir, çünki müharibənin iqtisadi yollarla davamıdır. Baxın, Rusiya zənginlərinin çoxmilyardlıq sərvətləri xarici banklarda müsadirə olunur, onları dövlətə qarşı qoymaq üçün güclü yerlərindən vururlar. Lakin bizim milyonçular Azərbaycanın siyasətinə görə təhlükə yaşamır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zahid-Oruc   Vardanyan  


Bizi "telegram"da izləyin