Rusiyalı politoloq: “Qarabağdakı sülhməramlıların mandatının uzadılacağını əvvəlcədən deyə bilmərik”

2022/08/1659780912.jpg
Oxunub: 978     12:33     28 Noyabr 2022    
“Qarabağdakı sülhməramlıların mandatının uzadılacağını əvvəlcədən deyə bilmərik. Üç il ərzində onların mövcudluğunu nəzərdə tutan müqavilə var”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov deyib.

O xatırladıb ki, razılaşma tərəflərin Rusiyanın hərbi mövcudluğunu dəstəklədiyini nəzərdə tutur, əgər nəsə dəyişsə və Rusiya sülhməramlıları getməli olsa, o zaman bu regionda Rusiyanın təsiri azalacaq.

“Mən bunun baş verəcəyini düşünmürəm. Ermənistan və Azərbaycan Rusiya hərbi kontingentinin saxlanmasına dəstək verəcəklər. Müddətin uzadılması ilə bağlı istənilən danışıqlar çətin olacaq və biz əvvəlcədən deyə bilmərik ki, Qarabağdakı sülhməramlıların mandatı uzadılacaq”, - deyə politoloq bildirib.

Kortunov Azərbaycan tərəfinin Rusiya sülhməramlı qoşunlarının mövcudluğunun tezliklə dayandırılmasının tərəfdarı ola biləcəyini güman edib, lakin bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.

“Düşünürəm ki, Azərbaycan Moskva ilə mübahisə etmək istəməzdi, Bakının həll etməli olduğu bir çox başqa problemləri var”, - deyə o vurğulayıb.

Politoloq qeyd edib ki, həmçinin ən azından KTMT üzvlərinin bir hissəsi Bakı ilə mübahisə etmək istəməzdi.

“Ermənistanın KTMT-nin sessiyasının nəticələrinə əsasən yekun bəyannaməni imzalamayacağını güman etmək olardı, çünki sammitdən əvvəl İrəvana dəstəyin formatı və həcmi ilə bağlı müəyyən fikir ayrılıqları olub. Ermənistan Baş naziri bəyannaməni imzalamağı qeyri-mümkün hesab edib. Bununla belə, bir sıra sənədlər razılaşdırılıb. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı müxtəlif qiymətləndirmələr var. Ermənistan KTMT-dən səmərəli və konkret dəstək, eləcə də Azərbaycanın hərəkətləri ilə bağlı siyasi mövqe gözləyir. Eyni zamanda, biz bilirik ki, KTMT üzvlərinin ən azı bir hissəsi Azərbaycanla münasibətləri xarici siyasətin prioritetlərindən biri hesab edərək Bakı ilə mübahisə etmək istəməzdi. Deyirlər ki, Ermənistanla Azərbaycan arasında sərhəd problemləri var və bu problemlər Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitaisya zamanı həll olunmalıdır. KTMT bu məsələdə hansısa formada münaqişənin hər iki tərəfinə kömək edə bilər. Mən başa düşürəm ki, Ermənistanın nöqteyi-nəzərindən bu mövqe tam ədalətli deyil, lakin KTMT üzvləri hər hansı radikal hərəkətdən qaçmağa çalışacaqlar. Əsas problem yeni eskalasiyaların mümkünlüyü ola bilər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin