Erməni politoloq: “Sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq”

2022/11/1669620203.jpg
Oxunub: 295     11:21     28 Noyabr 2022    
“Bu sənədi diplomatik kanallarla əvvəlcədən müzakirə etmək, hansısa razılığa gəlmək düzgün olardı və yalnız bundan sonra KTMT sammitinin gündəliyinə salınardı”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Lehiq Universitetinin politologiya professoru Arman Qriqoryan Ermənistan Baş naziri Nikol Paşinyanın imzalamadığı Ermənistana yardım üzrə KTMT Şurasının bəyannaməsinə toxunarkən deyib.

Onun sözlərinə görə, əgər imzalanmayacaqdısa, o zaman gündəliyə salınmamalı idi.

“Ermənistanın sənədi imzalamaması Rusiya prezidenti Vladimir Putini kifayət qədər çətin vəziyyətə salıb. Belarus prezidenti Aleksandr Lukaşenko da bu qərardan narazı idi, lakin Lukaşenkonun narazılığından çox narahat olmaq lazım deyil, Vladimir Putinin narazılığından narahat olmaq lazımdır. Mən bu fikri bölüşürəm ki, Ermənistanın KTMT-dən gözləntilər hüququ var, amma bu formatda, bu yanaşma ilə belə məsələlər haqqında düşünmək olmaz. Əgər rəqibə, tərəfdaşa, müttəfiqə qarşı demarş edirsənsə, hesablamalısan ki, demarşın nəticələri necə olacaq, o nəticələrdən çıxa bilərsən, ya yox, alternativin var, ya yox?”, - deyə Qriqoryan qeyd edib.

Erməni politoloq vurğulayıb ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayacaq.

“Üstəlik, hərbi əməliyyatlar təhlükəsi var. Nə qədər ki, sülh danışıqlarında irəliləyiş yoxdur, eskalasiya riski yüksəkdir. Hər dəfə hansısa məsələdə fikir ayrılığı olanda Ermənistandan müqavimət olur, təbii ki, Azərbaycan hərbi təzyiqlərə əl atır. Sərhəd gərginliyinin Zəngəzur dəhlizi ilə bağlı olması ilə bağlı bəzi söz-söhbətlər dolaşır, Ermənistan müqavimət göstərir, Zəngəzur dəhlizi tələbinə, Laçın dəhlizinin qorunub saxlanmasına bərabər işarə qoyurlar. Azərbaycanın Laçın dəhlizini bağlamağa və onu Zəngəzur dəhlizi ilə danışıqlar obyektinə çevirməyə çalışacağı ilə bağlı xəbərlər var. Onlar Ermənistanın müqavimətini qırmaq üçün hərbi əməliyyatlara əl ata bilərlər ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etsin”, - deyə Qriqoryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur   Müqavilə  


Bizi "telegram"da izləyin