İlham Əliyevin qətiyyəti və Fransanın prosesdən uzaqlaşdırılması

2022/11/1669385571.jpg
Oxunub: 544     16:02     26 Noyabr 2022    
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüşün baş tutmayacağını bildirib.

“Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək”, - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı daha sonra əlavə edib ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq: “Baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq”.

İlham Əliyev vurğulayıb ki, Ermənistan bu cür addımlarla danışıqlar prosesini sonsuz etməyə çalışır.

“Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq. Çünki sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib”, - deyə açıqlamada qeyd olunub.

Rəsmi İrəvan dərhal açıqlama verib ki, Ermənistan Praqada əldə olunan razılığa və formata uyğun olaraq dekabrın 7-də keçiriləcək görüşə hazırdır.

İlham Əliyev Fransanın niyə sülh prosesində iştirak edə bilməyəcəyini izah edib. O qeyd edib ki, Praqa görüşündən bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı.

“Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. Bizdə fransız-erməni tandeminin eyhamlarla, ittihamlarla və təhqirlərlə dolu həmin sənədin ilkin mətni vardır, ancaq bizim təkcə Qoşulmama Hərəkatında deyil, - yeri gəlmişkən, bu təşkilatın üzvlərinin bəziləri Frankofoniya Sammitinin üzvləridir, - həm də Avropada dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi faktiki olaraq ləğv edilib. Yəni, onlar çox formal bir sənəd qəbul ediblər. Bütün bunları nəzərə alsaq, aydın olur ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı gələcək danışıqlar üçün vasitəçi və uyğun platformaların axtarıldığını vurğulayıb. Kreml bu çağırışa cavab verib və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya həm vəziyyətin nizamlanmasında, həm də sülh sazişinin imzalanmasında iki dövlətə dəstək verməyə hazırdır.

Ermənistan-Azərbaycan münasibətləri prosesinin digər vasitəçisi, Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar da Bakıya səfər edib. O, Azərbaycan lideri ilə görüşüb və danışıqlar aparıb.

Görüşdən əvvəl keçirilən konfransa İlham Əliyev müharibədən sonra ədalətə inandığını bildirib: “Mənim ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı. Mən yenidən ədalətə inanmağa başladım. Ona görə də yenə də bunun sonunun necə olacağını bilmirəm. Bizim etdiklərimiz açıq-aşkardır. Bizim ərazi bütövlüyünün bərpası ilə bağlı vəziyyətə necə yanaşdığımız da məlumdur. Ona görə də siz güclü olmalısınız. Əfsuslar olsun ki, bu, XXI əsr beynəlxalq münasibətlərinin nəticəsidir. Qətnamələri, bəyanatları, xoş sözləri unudun, onların heç bir dəyəri yoxdur”.

Və sonda Ali Baş Komandan Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlara xəbərdarlıq edib: “Onlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Fransa  


Bizi "telegram"da izləyin