Tibb xidməti baş leytenantı: “Döyüşlərdə həkim və tibb qardaşları da üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirdilər”

2022/11/90b16-1669295846.jpg
Oxunub: 373     12:43     02 Dekabr 2022    
Müdriklərdən biri deyib: “Sağlamlıq da yaxşı dost kimidir, qədrini itirəndən sonra bilirsən”. Bu müdrik deyimi fikir süzgəcindən keçirəndə aydın olur ki, həyatımızın bütün anlarında səhhətimizin qeydinə qalmalıyıq. Deməli, bu şirin nemət hamımız üçün vacib şərtdir, həyatda yaşamağımızı təmin edən başlıca amildir, ömrümüzün sönməyən çırağıdır. Hərbçinin sağlam olması daha vacibdir. Çünki o, Vətəni yadelli düşmənlərdən qoruyur, yurdun keşiyini çəkir. Buna görə də komandanlıq daim şəxsi heyətin sağlamlığının qeydinə qalır. Sevindirici hal odur ki, bu gün zabit və əsgərlərimizin Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirdikləri hərbi hissə və birləşmələrdə zəruri tibbi avadanlıqlarla təmin olunmuş məntəqələr fəaliyyət göstərir. Məntəqələrdə çalışan həkim və mütəxəssislər bu qurğu və avadanlıqların köməkliyi ilə şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərirlər.

"N" hərbi hissəsində şəxsi heyətin sağlamlığı keşiyində dayanan həkimlərlə görüşdük. Onlardan eşitdiyimiz xoş sözlərdən iftixar hissləri keçirdik. Tibb məntəqəsinə daxil olanda səliqə-sahman və təmizlik gördük. Təbiidir ki, təmiz və səliqəli yerdə müalicə alan hərbçinin sağlamlığı daha tez bərpa olunur.

İlk olaraq tibb məntəqəsinin rəisi, tibb xidməti baş leytenantı Fərhad Novruzovla görüşdük. Öyrəndik ki, baş leytenant Fərhad Novruzov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirib. 2018-ci ildən hərbi həkim kimi xidmətdədir. Tibb məntəqəsinin rəisi üzərinə düşən vəzifələrdən söz açaraq dedi ki, şəxsi heyətin sağlamlığı keşiyində dayanmaq bizim üçün böyük şərəfdir. “Başlıca amalımız zabit və əsgərlərimizin sağlamlığının qayğısına qalmaqdır. Bu istiqamətdə üzərimizə düşən xidməti vəzifələrin öhdəsindən layiqincə gəlirik. Amalımıza çatmaq üçün bütün bacarıq və imkanlarımızı səfərbər edirik. Çalışırıq, əsgərlərimiz daim fiziki cəhətdən sağlam olsunlar ki, komandirlərin verdiyi əmr və tapşırıqların öhdəsindən bacarıqla gəlsinlər. Keçirilən praktiki təlim-məşqlərdə, nəzəri dərslərdə fəallıq göstərsinlər, təcrübə və peşəkarlıqlarını artırsınlar.

İşimizi təkcə müayinə və müalicə ilə bitmiş hesab etmirik. Xəstəliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də həyata keçiririk. Daim şəxsi heyət arasında müxtəlif mövzularda maarifləndirmə işləri aparır, sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyini dönə-dönə əsgərlərin diqqətinə çatdırırıq", - deyə tibb xidməti baş leytenantı bildirdi.

Tibb xidməti baş leytenantı Fərhad Novruzov İkinci Qarabağ müharibəsində də iştirak edib. Həkim kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Həmin günlərdən söz açan həkim dedi ki, erməni təxribatı nəticəsində torpaqlarımızın azadlığı uğrunda müharibə başlanan kimi bütün tibb heyətilə cəbhə bölgəsinə yollandıq. “Cəbrayıl rayonundan başlanan döyüş yolumuz Füzulidən, Xocavənddən, Qubadlıdan keçərək Şuşada tamamlandı. Döyüşlərin ilk günlərindən həkim və tibb qardaşları ilə birlikdə yaralılara ilkin tibbi yardım göstərdik. Yüngül yaralananları səhra tibb məntəqəsində müalicə etdik. Ağır yaralıları isə ilkin tibbi yardım göstərəndən sonra hospitala çatdırdıq. Döyüşlərdə zabit və əsgərlərimizlə bərabər həkim və tibb qardaşları da üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirdilər. Onların bacarıqlı fəaliyyəti sayəsində yaralıları xilas edə bilirdik”.

Əks-hücum əməliyyatlarında fərqlənən tibb qardaşlarından gizirlər Ramal Qasımov, Murad Niftəliyev, Dilqəm Qaraşov və başqalarının adlarını çəkmək istərdim. Onlar üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldilər və bu gün də xidmətlərini uğurla davam etdirirlər.

Tibb xidməti baş leytenantı Fərhad Novruzov İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublilkasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Zabit Fərhad Novruzov məntəqədə müalicə olunan əsgər İsrafil Muquşovu təkrar müayinə edərək ona zəruri tövsiyələr verdi. Əsgər dedi ki, burada müalicəmiz üçün hərtərəfli şərait var. Ona görə də tez bir zamanda sağlamlığımızı bərpa edib xidmətə qayıdırıq.

Tibb məntəqəsində eşitdiyimiz xoş sözlərdən əmin olduq ki, burada çalışan tibb işçiləri şəxsi heyətin sağlamlığını daim diqqət mərkəzində saxlayırlar. Sağlamlıq isə yaşamımızı təmin edən başlıca amildir.

Vahid Məhərrəmov "Azərbaycan Ordusu" foto Coşqun CƏFƏROVUNDUR
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin