“Vətənimin, xalqımın və millətimin təhlükəsizliyi üçün canımdan keçməyə hazıram” - Azərbaycan Əsgəri

2022/11/66-1669625426.jpg
Oxunub: 281     12:49     28 Noyabr 2022    
İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissənin şəxsi heyətilə həmsöhbət olduq. Nümunəvi xidməti ilə seçilən manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şəhriyar Hüseynov haqqında xoş sözlər eşitdik. Leytenant Turan Əzizov dedi ki, Şəhriyar xidmətinə məsuliyyətlə yanaşır. Verilən bütün əmr və tapşırıqları peşəkarlıqla və vaxtında icra edir. Şəxsi heyətin ruh yüksəkliyini artırmaq üçün daim vətənpərvərliyi təbliğ edən söhbətlər aparır. O, əsgərləri ilə həm dost, həm də komandirdir. Zabitlə söhbətimiz zamanı öyrənirəm ki, Şəhriyargil ailədə üç qardaşdılar. Hər üçü Vətəninə, millətinə bağlı gənclərdir. Belə bir vətənpərvər ailədə böyüyüb boya-başa çatan manqa komandiri ilə söhbət edirəm.

Kiçik çavuş Şəhriyar Hüseynovun iti baxışları, iri cüssəsi, enli kürəyi və gözlərində olan Vətən sevgisi diqqətimi özünə cəlb etdi. Şəhriyardan xidməti haqqında soruşanda fəxarət hissi ilə: "Azərbaycan Ordusunun hərbçisi kimi qürurluyam", - dedi. Həmsöhbətim əlavə etdi ki, uşaqlıqdan hərbi mundiri daşımaq arzusunda olub. "İllər keçdikdən sonra arzuma çatdım. Mən də digər silahdaşlarım kimi, bu gün qalib Azərbaycan Ordusunun sıralarında Vətənimizin keşiyini çəkmək kimi müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əlimdən gələni edirəm. Çünki bu torpaqları şəhidlərimiz qanı və canı bahasına düşməndən azad edərək bizlərə əmanət ediblər. Əmanəti isə göz bəbəyi kimi qorumaq hər birimizin borcudur. Xalqımız əmin ola bilər ki, biz düşməni daim müşahidə altında saxlayırıq. Onların istənilən təxribatlarının qarşısını vaxtında alıb, layiqli cavablarını verməyə hər zaman hazırıq”.

- Yuxarı komandanlığın diqqət və qayğısını da daim üzərimizdə hiss edirik, - deyə kiçik çavuş Ş.Hüseynov sözünə davam etdi. - Mövqelərdə bizim üçün yüksək səviyyəli sosial-məişət şəraiti yaradılıb. Fiziki hazırlığımızı artırmaq üçün idman qurğuları quraşdırılıb, asudə vaxtlarımızı səmərəli keçirməyimiz üçün müxtəlif jurnallar, kitablar və "Azərbaycan Ordusu" qəzetini oxuyuruq. Həmçinin televiziya vasitəsilə hərbi verilişlərə baxırıq.

Daha sonra Vətən müharibəsindən söz açan manqa komandiri dedi ki, cəsur oğullarımız sayəsində doğma torpaqlarımız əsl sahibinə qayıtdı. "Cəmi 44 gün ərzində haqq-ədalət bərqərar olundu. Düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksələn həmvətənlilərimizin, dünyaya yenicə göz açan, gəncliyini görə bilməyən, həyatın gözəlliyini dadmayan Zəhra balamızın qisası alındı. Uzun illərdən bəri həsrətini çəkdiyimiz Kəlbəcərimizi, Laçınımızı, Şuşamızı... azad etdik. Qısa zamanda gözəl guşələrimizi yenidən dirçəldəcəyik. 44 günlük döyüşlər bir daha onu göstərdi ki, rəşadətli Azərbaycan Ordusu istənilən an ən çətin döyüş tapşırıqlarının öhdəsindən gəlməyə qadirdir. Cəsur döyüşçülərimizin yüngül silahlarla Azərbaycanın mədəniyyət paytaxtı olan qədim Şuşa şəhərini işğalçılardan azad etməsi bunun bariz nümunəsidir. Bu şanlı Qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandana bütün şəxsi heyətimiz adından dərin minnətdarlığımı bildirirəm. Onun müdrik siyasəti nəticəsində Qarabağımızın üzərindən qara buludlar çəkildi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Mən də öz növbəmdə rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçusu olaraq söz verirəm ki, xidmətimdə daha məsuliyyətli olacağam. İstənilən an Vətənimin, xalqımın və millətimin təhlükəsizliyi üçün canımdan keçməyə hazıram”.

Sonda kiçik çavuş Şəhriyar Hüseynov "Azərbaycan Ordusu" qəzetinin bütün əməkdaşlarına dərin minnətdarlığını bildirərək dedi: "Siz bütün bölmələrimizə gedib məğrur Azərbaycan əsgərini qəzetinizdə işıqlandırırsız. Bu da əsgərlərimizin ruh yüksəkliyinin artırılmasına müsbət təsir edir. Biz də sizlərə işlərinizdə uğurlar arzulayırıq".

Orxan Hüseynli "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin