Mərkəzi Asiyada Türk Gücünün Möhkəmlənməsi – ANALİZ

2022/10/665-1666610211.jpg
Oxunub: 2386     16:12     25 Oktyabr 2022    
Mərkəzi Asiya ölkələrindən biri olan Qazaxıstanın paytaxtı Astana bir neçə gün dalbadal dünya siyasətinin mərkəzində olub. Burada keçirilən sammitlər həm regional, həm də qlobal siyasət üçün mühüm əhəmiyyət kəsb edir.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 13-14 oktyabr tarixlərində keçirilmiş 6-cı sammiti, şübhəsiz ki, qlobal miqyasda keçirilən sammitlərin ən mühümü idi. Sammit 1992-ci ildə Qazaxıstanın rəhbərliyi ilə Asiya qitəsində sülh, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təsis edilmiş, Türkiyənin də daxil olduğu 28 üzvdən ibarət platformadır. Başlanılan prosesin məqsədi Asiyada ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) kimi oxşar məqsəd və institutlara malik əməkdaşlığın strukturlaşdırılmasının əsaslarını qoymaqdır.

Niyə Asiya?

Qazaxıstan liderinin açılış nitqində vurğuladığı kimi, platforma yeni güc mərkəzlərini özündə birləşdirdiyi üçün artıq institutlaşma prosesini nəzərdən keçirir. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev XXI əsrin “Asiya əsrinə çevriləcəyi” ilə bağlı proqnozun artıq reallaşdığını bildirib və Asiyanın nominal ÜDM və alıcılıq qabiliyyəti pariteti baxımından dünyada iqtisadi liderə çevrildiyini vurğulayıb.

Bundan əlavə, Qazaxıstan lideri regionun mühüm insan və təbii ehtiyatlara malik olduğunu, dünyanın 30 ən böyük şəhərindən 21-nin Asiyada yerləşdiyini bildirsə də, 2030-cu ilə qədər istehlak artımının ehtimal edilən 30 trilyon dollar yox, 1 trilyon dollar olacağını diqqətə çatdırıb.

Çinin əsas rəqib, Rusiyanın isə təhdid kimi qələmə verildiyi ABŞ-ın yeni Milli Təhlükəsizlik Doktrinası elan olunduğu bu günlərdə Asiyanın əhəmiyyəti artır və beynəlxalq struktur qütbləşməyə doğru inkişaf edir.

Türkiyənin də diqqətini çəkən və sentyabr ayında Özbəkistanda baş tutan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) “Şərqin NATO-su”, Türkiyənin qurucu üzvlərindən biri olduğu AQEM isə “Şərqin ATƏT-i” olaraq təyin olunur. Bu bənzətmə əsasında demək olar ki, AQM hərbi məsələlərdən kənarda geniş mənada təhlükəsizlik araşdırmalarına diqqət yetirir. Əslində, epidemioloji təhlükəsizlik, səhiyyə və əczaçılıq, informasiya/kommunikasiya texnologiyalarının təhlükəsizliyi kimi yeni prioritet əməkdaşlıq sahələri iqtisadi, ekoloji, humanitar, yeni çağırışlar və təhdidlər kimi beş əsas başlıq altında toplanan cari tədqiqatlara daxil edilib.

Bu son sammitdə maliyyə və ekoloji ölçülərə, səmərəli tranzit və nəqliyyat dəhlizlərinə önəm verildiyi görünür. Bundan əlavə, AQEM Fondunun yaradılması, Müdrik Adamlar Qrupu, Gənclər Şurası və Biznes Forum kimi böyük təşəbbüslərin həyata keçirilməsi sammitin mühüm nəticələrindəndir. Geniş gündəm məsələləri ilə AQEM müşahidəçilərinin və tərəfdaşlarının sayı da artır. Küveyt üzv kimi qəbul edilərkən, Türkmənistan AQEM-ə müşahidəçi kimi qoşulub. Bundan əlavə, Avrasiya İqtisadi Birliyi və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə əməkdaşlığın qurulması barədə qərarlar qəbul edilib.

Rusiya lideri Vladimir Putin bu görüşdəki çıxışında Qərbi günahlandıraraq “Asiyada yeni ağırlıq mərkəzlərinin gücləndiyini” bəyan edib. Digər tərəfdən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında qanlı münaqişələrin dərhal dayandırılmasına və sülhün bərqərar olmasına çağıran yeganə lider olub.

Nəinki sülh çağırışı, həm də vasitəçilik cəhdləri edən, məhbus mübadiləsini uğurla həyata keçirən Türkiyə liderinin “Qardaş ölkə Qazaxıstanın sabitliyini, sülhünü, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik” bəyanatı, taxıl dəhlizi regional mediada və sosial şəbəkələrdə ən çox yayılan və paylaşılan mövzulardan biri idi. Xatırladaq ki, ŞƏT sammitindən əvvəl Qazaxıstana səfər edən Çin lideri də analoji bəyanatla çıxış edib və bu bəyanatlar revizionist siyasət yürüdən Rusiyaya qarşı təhdid kimi şərh edilib.

Ukraynaya hücumdan sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiyanın enerji siyasəti daxili tənqidlərə məruz qalır. Rusiyalı ekspertlərin fikrincə, Moskvanın Avropa bazarından kənarda qalması Asiya ölkələrində alternativ bazarlar tapmaqdan daha tez olub. Amerika mayeləşdirilmiş təbii qazı (LNG) bir neçə həftə ərzində Rusiya qazını əvəz etmək üçün Aİ-yə axmağa başladı.

Rusiya qazının Çinə və digər Asiya ölkələrinə yönəldilməsi üçün uzun illər lazım olacaq. Rusiyalı iqtisadçılar Çinlə qaz danışıqlarında öz mövqelərini indiyədək zəif hesab edirlər və onlar Pekin tərəfindən Rusiya qazına ədalətli qiymət verilməsini gözləyirlər. Bu kontekstdə Rusiya liderinin Türkiyədə Avropa üçün təbii qaz qovşağı yarada biləcəyi ilə bağlı açıqlaması bu problemdən çıxış yolu kimi qəbul edilir.

MDB və Rusiya-Mərkəzi Asiya Sammiti

Oktyabrın 14-də keçirilən bu iki sammitdə Rusiya və Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətləri (MDB Sammiti) və konkret olaraq 6 tərəfli formatda (Rusiya-Mərkəzi Asiya sammiti) bir araya gəldi. Rusiya keçmiş SSRİ ölkələri ilə həm iqtisadi, həm də siyasi baxımdan münasibətləri yaxşılaşdırmağa çalışır. Əslində region ölkələrinin idxal məhsullarına alternativlərin tapılması, şərq və cənub marşrutları ilə enerji və nəqliyyat dəhlizlərinin yaradılması, rus dilinin yayılması, İkinci Dünya Müharibəsinin Böyük Vətən Müharibəsi kimi təqdim etməsi ilə öz gündəmini yaratması bunu göstərir.

İlk dəfə yüksək səviyyədə keçirilən Rusiya-Mərkəzi Asiya Sammiti Moskvanın təşəbbüsü ilə oktyabrın 14-də, Rusiya ilə 5 Mərkəzi Asiya dövləti (Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan) arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə keçirilib. Liderlər 6 tərəfli formatda Rusiya ilə Mərkəzi Asiya arasında əməkdaşlığın gələcək inkişafını, o cümlədən Əfqanıstandakı vəziyyət kontekstində ticarət-iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tacikistan prezidenti Emoməli Rəhmonun Rusiyanın bu müstəqil dövlətlərə münasibətdə keçmiş SSRİ kimi davranmaması ilə bağlı xəbərdarlığı sammitə damğasını vurub. Ölkəsində iki strateji Rusiya bazası olan Tacikistanın bu çıxışını Putinin sammit zamanı “Taliban administrasiyası ilə işləmək lazımdır” sözlərinə reaksiya kimi qiymətləndirmək olar. Çünki Əfqanıstanda hakimiyyətə gələn, Rusiyanın isti münasibətlər qurduğu “Taliban” administrasiyasına qarşı ən sərt mövqeni Tacikistan nümayiş etdirib.

Əfqanıstan və MDB-nin “cənub sərhədi” təhlükəsizliyi

Sovet İttifaqı-Əfqanıstan sərhədinin təxminən 60 faizi Tacikistanın ərazisində qalır və bu gün Tacikistan Əfqanıstanla ən uzun sərhədə malikdir. Buna görə də Tacikistanda SSRİ dövründən qalma 201-ci Hərbi Baza Rusiyanın hüdudlarından kənarda yerləşən ən böyük hərbi obyekt hesab olunur. Məlumdur ki, Tacikistan “Taliban”a xoş münasibət göstərmir. 2021-ci ildə “Taliban” nümayəndələri Tacikistanın ev sahibliyi etdiyi KTMT və ŞƏT sammitlərinə dəvət edilməyib. ŞƏT-in Əfqanıstanla bağlı bəyanatında üzv dövlətlərin əfqan cəmiyyətindəki bütün etnik, dini və siyasi qrupların nümayəndələrinin iştirakı ilə Əfqanıstanda inklüziv hökumət formalaşdırmaq çağırışı yenilənib.

Rusiya-Mərkəzi Asiya sammitində bu məsələ ilə bağlı Putin “Taliban terrorçulara şimalda yuva qurmağa icazə verir” deyərək bunun hamı üçün təhlükə olduğunu vurğulayıb. Burada Rusiya MDB-nin “cənub sərhədlərini” qorumaq rolunu öz üzərinə götürə bilər. Gündəmin digər məsələsi Rusiyanın sülh, danışıqlar vəzifəsini üzərinə götürdüyü Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi olub. Lakin məlumdur ki, hər iki tərəf problemin tam həllinə yanaşmır və silahlanmaya öz mənafeləri baxımından ağırlıq verir. Bu çərçivədə hər iki tərəfin Türkiyədən PUA alması, hətta Qırğızıstanın PUA parkı açması da mətbuata təqdim olunub.

Nəticədə Astanada keçirilən bütün bu sammitlərdə Rusiyanın əsas iştirakçı olduğunu görmək olar. Rusiya ilə yanaşı, Çin və Türkiyə də AQEM üzvləridir. Çinin əsas rəqib, Rusiyanın isə təhdid kimi qələmə verildiyi ABŞ-ın yeni Milli Təhlükəsizlik Doktrinasının elan olunduğu bu günlərdə Asiyanın əhəmiyyəti artır, beynəlxalq struktur qütbləşməyə doğru inkişaf edir.

Rusiya keçmiş təsir dairələrini qərblilərə ötürmək istəmir və öz gündəmini zəbt etməyə çalışır. Bəzi rusiyalı ekspertlər zirvə toplantılarına ev sahibliyi edən Qazaxıstan və Türkiyənin sülhsevər və konstruktiv siyasətinə diqqət çəkirlər. Bu kontekstdə Türkiyə həm geosiyasi mövqeyi, həm də konstruktiv və balanslı siyasətləri ilə bu qütbləşmənin dərinləşməsinin və daha da təhlükəli olmasının qarşısını almaq üçün tarixi fürsətdən istifadə edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MDB  


Bizi "telegram"da izləyin