Amma dünyada baş verən geosiyasi transformasiyalar təkcə Rusiya ilə Qərbin qarşıdurması ilə yekunlaşmır. Qərbdə, xüsusən də ABŞ-da Çinin beynəlxalq münasibətlərdə və dünya iqtisadiyyatında öz mövqelərini qorumaq üçün ciddi çağırışa çevrilməsi faktı nəzərə alınır. Bu baxımdan, Çinin qabaqcıl iqtisadi və texnoloji inkişafı ilk növbədə nəzərə alınır və buna görə də ABŞ Çinə çip və yarımkeçiricilərin ixracına yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. ABŞ-ın Tayvanın özünümüdafiəsini dəstəkləməyə davam etməsi də Çini cilovlamaq siyasətinin tərkib hissəsidir. Çin Tayvanı özünün ayrılmaz hissəsi hesab edir. Bir neçə gün əvvəl Pekində Kommunist Partiyasının 20-ci Qurultayının açılışı zamanı prezident Si Cinpin Tayvanda separatizmə qarşı mübarizə əzmində olduğunu bəyan edib. Lakin beynəlxalq proseslərin spektri daha genişdir.
Hazırda dünya siyasətində ciddi rol oynayan başqa dövlətlər də var. Həmin dövlətlərdən biri də NATO hərbi-siyasi blokunun üzvü olan Türkiyədir. Ankara müəyyən məsələlərdə Rusiya ilə əməkdaşlıq etməyə çalışır. Amma Ankara Rusiyanın ağır vəziyyətini yüngülləşdirmək üçün deyil, öz maraqlarını qorumaq üçün bunu edir.
Ankara Qara dəniz regionunda öz rolunu artırmağa, Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu öz üzərinə götürməyə çalışır. Təsadüfi deyil ki, Ukrayna taxılının Qara dəniz limanlarından dünya bazarına çıxarılması nəticəsində iyulun 22-də Türkiyənin vasitəçiliyi ilə İstanbulda taxıl müqaviləsi imzalanıb. Buna baxmayaraq, geosiyasi sunami şəraitində Türkiyənin məqsədləri daha genişdir. Zəngəzur dəhlizi ilə Mərkəzi Asiya regionuna marşut təmin etmək Türkiyəni daha da gücləndirəcək.
Bu planlar əvvəlcə İran, sonra isə Rusiya üçün təhlükə kimi qəbul edilir. Ona görə də Rusiya ilə İran arasında dərin əməkdaşlığın formalaşması təsadüfi deyil. Bu, ilk növbədə, enerji sahəsində əməkdaşlığa aiddir.
Məhz bu qarşılıqlı fəaliyyət çərçivəsində İran rəsmiləri Rusiyanın qaz kəmərinin tikintisi və mədənlərin işlənməsi üçün 44 milyard dollar sərmayə qoyacağını bəyan edirlər. İran da öz növbəsində Rusiyaya hərbi yardım edir. İranın PUA-larının Ukraynadakı hərbi əməliyyatların gedişində necə həlledici rol oynadığını görürük. İndi də Qərb İranın Rusiyaya “Fateh-110” və “Zülfiqar” qısa mənzilli ballistik raketləri verə biləcəyindən narahatlığını ifadə edir. Üstəlik, İran və Rusiya ilin sonuna qədər hərtərəfli əməkdaşlıq sazişi imzalamağı planlaşdırır.
Yaxın aylarda iki ölkə arasında yekun razılaşma əldə olunarsa, İran və Rusiya arasında SWIFT-ə bənzər maliyyə mübadilə sistemi işə düşəcək. Digər tərəfdən onu da qeyd edək ki, Zəngəzur dəhlizinin həyata keçirilməsinə mane olmaq missiyasını məhz İran üzərinə götürüb. Tehran ən yüksək səviyyədə mesaj verir ki, onun Ermənistanla quru əlaqəsinin kəsilməsinə imkan verməyəcək. Tehran buna Azərbaycanla sərhəddə iri hərbi təlimlər keçirməklə cavab verir və Ermənistanla münasibətləri inkişaf etdirməkdə daha fəal siyasət yürüdür.
Elə buna görə də Tehran Zəngəzurda baş konsulluğun açılması məsələsini gündəmə gətirib. Digər tərəfdən, Rusiya sülhməramlıları bu gün Qarabağdadır. Bu onu sübut edir ki, Moskva Ukrayna cəbhəsi ilə nə qədər yüklənsə də, Cənubi Qafqazı öz orbitində saxlamağa çalışacaq. Ona görə də təsadüfi deyil ki, artıq bir çox analitiklər regionda Rusiya-İran oxunun yaradılmasından danışırlar.
Dəyanət Ağalarlı
Ordu.az