Qərb ölkələrində yaşayan ermənilər Ermənistan hakimiyyətini KTMT üzvlüyündən çıxmağa çağırıb

2022/10/1664965521.jpg
Oxunub: 479     15:10     05 Oktyabr 2022    
Qərb ölkələrində yaşayan ermənilər Ermənistan hakimiyyətini KTMT üzvlüyündən çıxmağa çağırıb.

Ordu.az xəbər verir ki, onlar bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək baxımından boş strukturdur, bunun xeyirdən çox zərəri var.

Ermənistanda və onun hüdudlarından kənarda bu mövzu böyük müzakirələrə səbəb olub və demək olar ki, hamı razılaşır ki, Ermənistanın KTMT-də qalması bu qurumdan çıxmaqdan daha böyük risklər yaradır.

Bəyanatda deyilir ki, bunun nəticəsində Rusiya Federasiyası Ermənistanı qazla şantaj etməyə çalışacaq və müxtəlif bəhanələrlə qiyməti bir neçə dəfə artırıb qazı bütövlükdə kəsə bilər: “Bu, mütləq baş verə bilər, lakin bu məsələni dözülən və həll oluna bilən məsələlərdən biri hesab etmək olar. İrandan gələn qaz kəməri də bu məsələdə kömək edə bilər, amma burada da cəsarətli addımlar atmağa ehtiyac var.

Növbəti təhlükə ondan ibarətdir ki, Rusiya Federasiyası öz agentləri vasitəsilə zorakı çevriliş həyata keçirməyə cəhd edə bilər ki, biz artıq bunun şahidi olmuşuq. Doğrudan da, bunun təhlükəsi var, lakin bunu da idarə etmək və ya qarşısını almaq olar.

Təhlükələrdən biri də odur ki, Rusiyadakı ermənilər təqib olunmağa başlayacaq və Ermənistana böyük axın başlayacaq. Bundan başqa, soydaşlarımız Ermənistanda yaşayan qohumlarına Rusiyadan pul göndərmək problemi ilə üzləşəcəklər. Gürcüstanla Rusiya arasındakı gərginlik zamanı belə bir vəziyyətin şahidi olduq, lakin bu, uzun sürmədi.

Bütün yuxarıda qeyd olunan təhlükələr Ermənistan hakimiyyətinin düzgün münasibəti və reaksiyası ilə idarə oluna bilər”, - deyə bəyanatda qeyd olunur.

Bildirilir ki, KTMT ölkələrindən silah gəlməyəcək və Qərbdən silah idxalına icazə verilməyəcək.

“Yuxarıda qeyd olunan bütün riskləri nəzərə alaraq, biz Ermənistan hakimiyyətini cəsarət tapmağa və KTMT-dən çıxmaq üçün tarixi qərar qəbul etməyə çağırırıq”, - deyə müəlliflər bildirib.

Bəyanatı Gürcüstan, İspaniya, ABŞ, Rusiya, Belçika və Ukraynadan olan ermənilər imzalayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin