Mirzoyan-Bayramov görüşü öncəsi vacib bəyanat| Rusiya vasitəçi, yoxsa tərəfdir?

2022/09/ce-1-1663591806.jpg
Oxunub: 972     16:00     01 Oktyabr 2022    
Oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Görüşlə bağlı razılıq, görünür, ABŞ-ın vasitəçiliyi ilə əldə olunub. Ancaq sentyabrın sonunadək xarici işlər nazirlərinin görüşünün təşkili barədə razılıq sentyabrın 1-də Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə baş tutan İlham Əliyev-Paşinyan görüşündən sonra elan edilib. Lakin bundan sonra hadisələr faktiki müharibə ssenarisində inkişaf edib və sentyabrın 13-14-də Ermənistan sərhəddə təxribat tödərib.

Həmin gərgin vəziyyətdən sonra ABŞ Ermənistanla Azərbaycan arasında diplomatik əlaqədə vasitəçi kimi fəal rol oynayıb. Sentyabrın 27-də ABŞ-da Azərbaycan prezidentinin köməkçisi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibinin növbəti görüşü olub. Bundan əvvəl onlar Brüsseldə iki dəfə görüşmüşdülər.

Vaşinqtonda keçirilən görüş ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü və himayəsi ilə keçirilib. Həmin görüşdən az qala bir neçə saat sonra Ermənistan-Azərbaycan sərhədində növbəti eskalasiya baş verib. Azərbaycan ordusunun 1 hərbi qulluqçusu yaralanıb, Ermənistan ordusunun üç hərbi qulluqçusu məhv edilib.

Heç bir ölkə sentyabrın 28-də atəşkəs rejiminin pozulmasını aydın və konkret olaraq pisləməyib. Əvəzində tərəflərin bir masa ətrafında oturub məsələləri danışıqlar yolu ilə həll etməli olduğu barədə bəyanatlar davam etdirilib. Oktyabrın 2-də isə tərəflər xarici işlər nazirləri səviyyəsində masa arxasına oturacaqlar. Sual yaranır ki, mövzu baxımından nə müzakirə olunacaq və masadan çıxandan sonra stul səsləri ilə yanaşı, yenə top və mərmi səsləri eşidiləcək, yoxsa görüş sülhü möhkəmləndirəcək? Bu sualın cavabı masadakı məzmundan, eyni zamanda, təbii ki, Rusiyanın həmin məzmuna münasibətinin necə olacağından asılıdır. Rusiya XİN sözçüsü Zaxarova son brifinqlərdən birində Rusiyanın Qərb təşəbbüslərindən narazılığını nəzərəçarpacaq dərəcədə ifadə edib və bir daha xatırladıb ki, vəziyyət üçtərəfli sənədlər çərçivəsində həll olunmalıdır.

Onun sözlərinə görə, bu üçtərəfli sənədlər sadəcə vasitəçi ilə münaqişə tərəfləri arasında olan sənədlər deyil, “münaqişənin uzun tarixində iştirak edən tərəflər arasında” imzalanmış sənədlərdir. Bu, mahiyyət etibarı ilə Rusiyanın özünü vasitəçi kimi deyil, tərəf kimi gördüyünü sübut edir. Moskvanın məntiq və kontekst baxımından bu mövqe tutması sürpriz deyil, ancaq bu barədə ilk dəfədir ki, yüksək səslə danışılır.

Aydındır ki, bu baxımdan Moskva Ermənistan və Azərbaycanla bərabər mövqedə olmaq niyyətində deyil. Moskvanın yanaşması, Rusiyanın Qafqazda özünü “vahid” tərəf kimi görməsidir, Qafqaza münasibətdə mövqe ambisiyaları olanları isə “qarşı tərəf” kimi qəbul edir. Ukrayna müharibəsi konteksində bu olduqca təhlükəli vəziyyətdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cenevrə   XİN   Görüş  


Bizi "telegram"da izləyin