“Rusiya, Aİ və ABŞ nə Qarabağı ayrıca, nə də Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil” – Paşinyan (ƏTRAFLI)

2022/10/1664607749.jpg
Oxunub: 2382     11:01     01 Oktyabr 2022    
“Rusiya, Avropa İttifaqı və ABŞ-ın hər birinin Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ məsələsi ilə bağlı öz fikirləri var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, hər bir qüvvənin öz paketi olduğunu söyləmək olmaz, amma hər kəsin müəyyən bir fikri var.

“Adı çəkilən beynəlxalq qurumlar və ölkələr nə Qarabağın (qondarma qurum – red.) “müstəqilliyini”, nə də onu Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Yəni əslində onlar da bu haqda bir az məcazi, bir az diplomatik, ya da bəzən birbaşa danışırlar. Biz bu faktla üzləşməliyik və bu faktla üz-üzə qalmalıyıq”, - deyə Paşinyan bildirib.

Jurnalistin “Bu dövlət və qurumlar Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdırmı?” sualına Paşinyan cavab olaraq bildirib ki, həmin qüvvələr beynəlxalq nöqteyi-nəzərdən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.

Sülh müqaviləsi ilə bağlı təkliflərə gəlincə, Paşinyan belə deyib: “İstənilən iki ölkə arasında sülh müqaviləsinin bir neçə təməl bəndi var. İndi tutaq ki, deyirlər ki, Azərbaycanın beş təklifi, bu postulatları Azərbaycan uydurub? Xeyr, bunlar beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrdir, onların əsasında dövlətlər sülh müqavilələri imzalayırlar. Mən demirəm ki, bütün sülh müqavilələri eynidir, amma mahiyyət etibarı ilə beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərin tanınması, ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək, güc hədəsindən istifadə etməmək və s. İndi o prinsiplər hər halda formalaşdırılıb”.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri arasında münasibətlərdə problemlər var və bu, nəzərə alınmalı olan ən mühüm amildir.

“Ukrayna hadisələrindən sonra bir-biri ilə sadə ünsiyyət və işləmək problemi yaranıb, tərəflər işləmək üçün müəyyən istəklərini ifadə etsələr də, praktikada bu işin praktiki şərtlərinin ağır olduğunu görürük”, - deyə Paşinyan bildirib.

10 noyabr sənədində nəzərdə tutulan 5 illik müddətin bitməsindən sonra Ermənistanın hansı senarilərinin olması barədə suala cavab olaraq Paşinyan deyib ki, Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyi” təmin edilməlidir və Rusiya sülhməramlılarının mövcudluğu bu məqsədə xidmət edir.

İlham Əliyevlə görüşlərdə Qarabağ məsələsinin gündəliyə daxil edilib-edilməməsi ilə bağlı suala Paşinyan belə cavab verib: “Elə vəziyyət yaranıb ki, Azərbaycan deyir ki, biz Ermənistanla Qarabağ məsələsini müzakirə etmək istəmirik”.

O qeyd edib ki, KTMT Ermənistanda müəyyən ictimai əhval-ruhiyyənin çox sürətlə, böyük irəliləyişlərlə artdığını görür.

“Deyirlər ki, KTMT-də təşkilatın Ermənistanı itirəcəyi ilə bağlı qorxu var, amma mən buna belə cavab olaraq dedim ki, Ermənistanda əksinədir. Onlar Ermənistanın KTMT-dən çıxacağı qorxusunun olduğunu deyirlərsə, mən bunun əksini formalaşdırdım, dedim ki, KTMT-nin Ermənistanı tərk edəcəyi qorxusu var. Əslində, bu, heç də söz oyunu deyil, bunun çox ciddi məzmunu var, çünki sonda unutmayaq ki, mən indi KTMT sədriyəm və KTMT sədrinin baş nazirə izahatları olmalıdır. Ermənistan eyni adamır. Çox çətin vəziyyətdir”, - deyə Paşinyan bildirib.

O vurğulayıb ki, Ermənistan KTMT-dən vəziyyətə aydın siyasi qiymət gözləyir.

“Belarusla Rusiya arasında da sərhəd demarkasiya olunmayıb, Azərbaycanla Rusiya arasında sərhəd demarkasiya edilməyib”, - baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, hərtərəfli sülh əldə olunmayana qədər hərtərəfli təhlükəsizlikdən danışmaq olmaz: “Buna görə də bütün səylərimiz, hətta ən kəskin situasiyalarda belə, sülhə yönəlib”.

“Beynəlxalq müşahidə missiyası dedikdə biz ya uzunmüddətli, ya da daimi müşahidə missiyasının mexanizmini nəzərdə tuturuq, onun da ən mühüm məqsədlərindən biri vəziyyətlə bağlı qərəzsiz məlumatların müvafiq beynəlxalq strukturlara ötürülməsidir. Belə bir rol oynaya biləcək beynəlxalq təşkilatlar var. Məsələn: ATƏT, BMT Təhlükəsizlik Şurası”, - deyə o bildirib.

Paşinyan Praqada Türkiyə prezidenti Ərdoğanla mümkün görüşü istisna etmətib.

“Mən Praqaya getmək qərarına gəldim, sammitdə iştirak etməyə hazırlaşıram və hazırda deyə bilərəm ki, görüş istisna deyil. Amma bunun təsdiqləndiyini deyə bilmərəm”, - deyə Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, mümkün görüşün gündəliyinə sərhədlərin açılması və münasibətlərin normallaşdırılması məsələləri daxil olacaq.

O qeyd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin hansısa əhval-ruhiyyə ilə əlaqəsi yoxdur: “Unutmayaq ki, Nensi Pelosi Nümayəndələr Palatasının erməni komitəsinin və ya dairəsinin çox fəal nümayəndəsidir. Onunla Ermənistanda yaxşı tanınan adamlar gəlmişdi. Onlar bir sıra ermənipərəst layihələrin müəllifləridir. Yəni onlar Ermənistana gəlişləri ilə heç kimə qarşı gəlməyiblər”

Hindistandan silah aldıqları barədə xəbərin nə dərəcədə doğru olduğu barədə suala Paşinyan belə cavab verib: “Silah və hərbi texnikanın alınması mövzusu mənim açıq şəkildə müzakirə etmək istədiyim mövzu deyil, amma deməliyəm ki, Hindistan mətbuatında gedən yazılar Ermənistan tərəfindən təkzib olunmayıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin