Türkiyənin Balkan siyasəti və regionda status-kvonun qorunması – ANALİZ

2022/10/56-1665046058.jpg
Oxunub: 1191     12:44     06 Oktyabr 2022    
Balkan dedikdə buraya dar mənada keçmiş Yuqoslaviyanın varis dövlətləri və Albaniya, Bolqarıstan, Yunanıstan və Türkiyənin Trakya bölgəsi daxildir. Geniş tərif Dunay çayının şimalında yerləşən Rumıniya və Moldovanı da əhatə edir.

Türkiyə son 20 ildə iqtisadi artımın və xarici siyasət çox yönlülüyünün təbii uzantısı olaraq Balkanlarda diqqətəlayiq bir aktora çevrilib.

Halbuki bu gün “Balkan” sözü deyiləndə daha çox Qərbi Balkanlar başa düşülür. Bu konsepsiyaya Sloveniya istisna olmaqla, keçmiş Yuqoslaviyanın varis dövlətləri ilə yanaşı Albaniya dövləti də daxildir. Balkan etnik, dil, din və məzhəb baxımından dünyanın ən mürəkkəb bölgələri sırasındadır. Bu vəziyyətə görə, həm də Avropa kimliyini vurğulamaq üçün son illərdə Balkanlar yerinə Avropa İttifaqı (Aİ) dairələrində “Cənub-Şərqi Avropa” anlayışına üstünlük verilir.

Balkan xalqları ilə dərin tarixi əlaqələri

Balkan Türkiyənin çox yaxın tarixi, mədəni və insani əlaqələri olduğu bir bölgədir. Balkanların qərb hissəsi 200 il, şərq hissəsi 400-450 il türklərin hakimiyyəti altında olub, Balkan xalqları ən dinc dövrlərini Osmanlı hakimiyyəti altında keçiriblər. Osmanlı Millət Sistemi sayəsində daxili işlərində azad olan Balkan xalqları assimilyasiya ilə üzləşmədilər. Əslində XIX-XX əsrlərdə Fransa İnqilabı ilə gündəmə gələn millətçilik öz kimliklərini qoruyub saxlayan Balkan xalqlarına da təsir etdi. Avstriya-Macarıstan İmperiyası və Osmanlı İmperiyasının dağılmasından sonra Balkanlarda həm milli dövlətlərin, həm də xalqların alt kimliklərini inkar etməyən dövlətlər birliyi (Yuqoslaviya) quruldu. 1990-cı illərdə Yuqoslaviyanın parçalanması ilə federasiyanın tərkibindəki federasiya dövlətləri bir-birinin ardınca müstəqillik əldə etdi, nəhayət, 17 fevral 2008-ci ildə muxtar vilayət statusuna malik olan Kosovo müstəqil aktora çevrildi. Bu gün 117 dövlət Kosovo Respublikasını tanıyır.

Prezident Rəcəb Tayyib Ərdoğan Balkanlarda gərginləşən münaqişə zamanı həm Serbiya Prezidenti Aleksandr Vuçiç, həm də Bosniya Serblərinin lideri Milarod Dodiklə birbaşa görüşüb.

Ankara Balkan ölkələrinin Aİ və NATO üzvlüyünü dəstəkləyir

Türkiyə son 20 ildə iqtisadi artımın və xarici siyasət çox yönlülüyünün təbii uzantısı olaraq Balkanlarda diqqətəlayiq bir aktyora çevrilib. Bu vəziyyət bölgə daxilində və xaricində fərqli reaksiyalara səbəb olub. Xüsusilə Qərb media orqanları Türkiyənin Balkanlarda artan təsirindən narahatdırlar. Türkiyənin Balkanların Qərblə inteqrasiyasına mane olduğuna dair qiymətləndirmələr olsa da, bu tənqidlər faktlarla üst-üstə düşmür.

Türkiyə Balkanlarda sülh və sabitliyə, mehriban qonşuluğa və həmrəyliyə önəm verir və bölgənin xroniki problemlərinin həlli yollarını təklif edir.

Əslində Türkiyə Balkan dövlətlərinin regional təhlükəsizlik və sabitlik üçün NATO-ya üzv olmasını dəstəkləyib. Eynilə, bir-birinin ardınca Avropa İttifaqı (Aİ) ilə yaxın əlaqələr quran, namizədlik və danışıqlar prosesinə girən bölgə ölkələri də Türkiyə tərəfindən müsbət qiymətləndirilir. Çünki Türkiyə özü 1952-ci ildən Qərb mərkəzli müdafiə təşkilatı olan NATO-nun üzvüdür. Türkiyə, həmçinin Strasburqda yerləşən Avropa Şurası adlı siyasi əməkdaşlıq təşkilatına üzv olub. Avropa İttifaqına isə ilk müraciət 31 iyul 1959-cu ildə Adnan Menderes hökuməti dövründə edilib. O vaxtdan Türkiyə iqtisadi inteqrasiya hərəkatına daxil olmaq üçün çalışır.

Digər tərəfdən, Türkiyə son illərdə Yunanıstan istisna olmaqla, heç bir Balkan ölkəsi ilə gərginlik yaşamayıb. Balkan ölkələri ilə yüksək səviyyəli və qarşılıqlı faydalı əlaqələr davam edir. Sonuncu dəfə Bosniya və Herseqovinadakı vətəndaş müharibəsi və 1990-cı illərdə Kosovodakı münaqişələr səbəbindən Türkiyə ilə Serbiya arasında münaqişə yaşanmışdı. Halbuki bu gün Serbiya Türkiyənin Balkanlarda yaxın münasibətdə olduğu ölkələrdən biridir. Türkiyə Bosniya və Herseqovinadakı iki siyasi vahiddən biri olan Bosniya Serb Respublikası ilə də dialoqa və əməkdaşlığa önəm verir. 11-13 mart 2022-ci il tarixlərində Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda Bosniya Serblərinin lideri Milorad Dodik də iştirak edib.

Türkiyə Balkan xalqları arasında ayrı-seçkilik etmir

Türkiyə Balkanlarda sülh və sabitliyin qorunmasına böyük əhəmiyyət verir. Həm Deyton razılaşması, həm də Kosovoya müstəqillik qazandıran “Martti Ahtisaari” planı Türkiyə tərəfindən dəstəklənir. Digər tərəfdən Türkiyə müstəqillik əldə etdikdən sonra Makedoniyanın Yunanıstan tərəfindən təcrid edilməsinə qarşı çıxıb və bu ölkənin beynəlxalq birliyə inteqrasiyasına, NATO və Aİ ilə üzvlük və namizədlik proseslərinə töhfə verib. 2009-cu ildə Albaniya və Xorvatiyanın, 2017-ci ildə Monteneqronun və 2020-ci ildə Şimali Makedoniyanın NATO-ya qoşulması Türkiyə tərəfindən güclü şəkildə dəstəklənib. Bu yaxınlarda Şimali Makedoniya və Albaniyanın Aİ-yə daxil olmaq üçün tamhüquqlu üzvlük danışıqlarına başlaması da Türkiyə tərəfindən müsbət addım kimi qiymətləndirilib.

Bütün bu misallar Türkiyənin Balkan bölgəsindəki fəaliyyətinin Qərbə meydan oxumadığını göstərir. Başqa sözlə desək, Türkiyənin Balkan siyasəti “cəmi sıfıra bərabər olan yanaşma” deyil. Türkiyə Balkanlarda sülh və sabitliyə, mehriban qonşuluğa və həmrəyliyə önəm verir və bölgənin xroniki problemlərinin həlli yollarını təklif edir. Çünki ekspansionist millətçi (irredentist) meyllərlə mübarizə və mikromillətçiliyin yaratdığı problemləri aradan qaldırmaq yalnız dövlətlərin suveren bərabərliyi ilə mümkündür. Bu çərçivədə Türkiyə Balkan dövlətlərinin sərhədləri daxilində yaşayan azlıqlara qarşı ayrı-seçkilik etməməyə və xalqların kimliklərini qorumağa diqqət yetirir.

Türkiyə səfirlik və konsulluq kateqoriyasındakı rəsmi diplomatik nümayəndəliklərlə yanaşı, Türk Təhsil Mərkəzləri, Yunus Əmrə İnstitutu, Kızılay, TİKA və AFAD kimi yarımrəsmi qurumlar vasitəsilə Balkan ölkələrinə iqtisadi, texniki və humanitar yardımlar da edir. Türkiyə bütün bu fəaliyyətləri həyata keçirərkən ənənəvi olaraq sıx əməkdaşlıq etdiyi Bosniya və Herseqovina, Kosovo, Albaniya və Şimali Makedoniya və digərləri arasında heç bir fərq qoymur.

Türkiyənin prioriteti sülhün və status-kvonun qorunmasıdır

Digər aktorların Balkan siyasətinə qısaca toxunsaq qeyd etmək olar ki, Aİ ilk növbədə Balkan coğrafiyasını gələcək genişlənmə bölgəsi kimi görür. Əslində, Kosovo və Bosniya və Herseqovinadan başqa Balkan ölkələri ya Aİ üzvüdür, ya da Aİ-yə namizəddir. Monteneqro 2012-ci ildən, Serbiya isə 2014-cü ildən danışıqlar aparır.

ABŞ-ın Balkanlarda təsirinin Bosniya və Herseqovina, Şimali Makedoniya və Kosovoya güclü olduğunu söyləmək olar. ABŞ-ın digər ölkələr üzərindəki çəkisi ilə NATO-ya üzvlük arasında korrelyasiya var. 1952-ci ildə Türkiyə və Yunanıstanın NATO-ya daxil olmasından sonra 2004-cü ildə Sloveniya, Bolqarıstan və Rumıniya təşkilata daxil oldu. NATO-ya Xorvatiya və Albaniya, daha sonra Monteneqro və Şimali Makedoniya daxil olub. Serbiya, Kosovo və Bosniya və Herseqovina Balkanlarda NATO üzvü olmayan üç ölkə olaraq qalır. ABŞ Balkan ölkələrinin Aİ-yə daxil olmasını da dəstəkləyir.

Rusiyanın Balkan siyasəti bütün regionda təsirini artırmaq məqsədi daşıyır. Moskva bu məqsədlə bəzən slavyan etnik, bəzən də pravoslavlıqdan istifadə edir. Son zamanlar təbii qazdan asılılığı ilə regionda öz suverenliyini möhkəmləndirməyə çalışıb. Rusiya yuxarıda qeyd etdiyimiz vasitələrdən istifadə etməklə Balkanlarda yaşayan slavyan mənşəli xalqları separatizmə, münaqişəyə yönəldir. Bu kontekstdə həm Bosniya serblərini, həm də Serbiyanı status-kvonu dəyişməyə təhrik edir.

Balkanlara təsirini artırmaq üçün səy göstərən digər bir aktor isə Çindir. Xüsusilə “Bir Kəmər, Bir Yol” təşəbbüsünün elanından sonra Pekin rəhbərliyi region ölkələrinin infrastruktur investisiyalarına dəstək verir. Yunanıstanın Pirey limanını satın alan və Serbiyada infrastruktur layihələrini dəstəkləyən Çin rəhbərliyi bölgə üzərindəki iqtisadi gücünü gücləndirmək və gələcəkdə onu siyasi sahəyə çevirmək istəyir.

Bütün bunların nəticəsi kimi, Türkiyənin onunla böyük dövlətlər arasında bufer zona olan Balkan dövlətləri ilə münasibətlərinin spektri geniş və çoxölçülüdür. Türkiyə Balkan ölkələrinin Aİ və NATO üzvlüyünü dəstəkləyir. Digər tərəfdən, Rusiyanın Balkanlarda siyasi sabitliyi pozmağa yönəlmiş fəaliyyətini sülhə təhlükə hesab edir. Balkan ölkələri ilə mədəni, siyasi, humanitar və iqtisadi əlaqələri inkişaf etdirməyə və gücləndirməyə çalışan Türkiyənin Balkan siyasəti regional sülhün və siyasi sabitliyin qorunmasına önəmli töhfə verir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Balkan   NATO  


Bizi "telegram"da izləyin