Ermənistanın KTMT və Qərb arasında yeni “müşahidəçi” oyunu – BAXIŞ BUCAĞI

2021/04/as-2--1619249789.jpg
Oxunub: 378     12:09     01 Oktyabr 2022    
Sentyabrın 29-da hökumətin iclasında Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sərhədə beynəlxalq müşahidəçilər yerləşdirilməlidir. O, ATƏT və BMT-nin adını çəkib.

“Siz həmçinin bilməlisiniz ki, biz bütün mümkün beynəlxalq tərəfdaşlarla çox fəal işləyirik. Təbii ki, biz beynəlxalq birliyin məsuliyyətli üzvü kimi bütün çağırışları dinləyir, qəbul edir və razılaşırıq, həmçinin məsələlərin diplomatik və sülh yolu ilə həllinin vacibliyini vurğulayırıq”, - deyə o bildirib.

Əslində bu, sərhədlərini Rusiyanın qoruduğu Ermənistan üçün kifayət qədər “cəsarətli” təklifdir. Ona görə “cəsarətli”dir ki, Ermənistan faktiki olaraq Rusiyanın öz sərhədlərini qoruya bilmədiyini deyir. Başqa sözlə, İrəvan əlində mövcud olan siyasi konsensus mövqeyini ifadə edir və bununla da topu beynəlxalq qurumların meydanına atır. Ötən ilin mayında Ermənistanın sərhəddə KTMT-nin monitorinq mexanizmini təklif etməsinə baxmayaraq, bu, KTMT üzvlərinin məlum siyasi yanaşmalarına görə reallığa çevrilməyib. Bu gün İrəvan beynəlxalq ictimaiyyətə beynəlxalq monitorinq qrupunun yerləşdirilməsi təklifindən danışır.

Üstəlik, bu açıqlama Ermənistana nümayəndə heyəti göndərən KTMT-nin sərhəddəki vəziyyətini öyrəndikdən sonra təkliflər hazırlayıb təqdim etdiyi zaman səsləndirilib. Ermənistana əvvəlcə KTMT-nin Baş Qərargah rəisi general Sidorov, daha sonra isə KTMT-nin Baş katibi Zas gəlib. Paşinyan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka getdiyi üçün onu qəbul etməyib. O, ikinci dəfə İrəvana gələrək Paşinyanla görüşüb.

İrəvanın beynəlxalq monitorinq qrupu ilə bağlı açıqlaması o deməkdirmi ki, KTMT-nin, yaxud faktiki olaraq Rusiyanın sərhəddə vəziyyətin müşahidəsi nəticəsində hazırladığı təklif Ermənistan üçün məqbul deyil? Yoxsa Ermənistan beynəlxalq ictimaiyyətin və ya sadəcə olaraq Qərbin real mövqeyini üzə çıxarmaq üçün beynəlxalq monitorinq qrupunun yerləşdirilməsi təklifini səsləndirir, bununla da KTMT-nin təklifləri istiqamətində işləmək üçün özünə siyasi məkan yaradır?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin