“AsiaTimes”: Moskva indi Bakı qarşısında aciz görünür

2022/08/1659539989.jpg
Oxunub: 1471     15:59     28 Sentyabr 2022    
Ermənistan və Azərbaycan arasında döyüşlərin son raundu çoxları üçün sürpriz olmayıb. İki dövlət 2020-ci ildə baş verən Qarabağ uğrunda genişmiqyaslı müharibəyə qədər, 30 il ərzində ərzində müxtəlif səviyyəli münaqişələr içərisində qalıb.

Ordu.az xəbər verir ki, bu barədə “AsiaTimes” nəşrinin məqaləsində deyilir.

Nəşr qeyd edir ki, sərhəddə baş verən son toqquşma daha böyük eskalasiyadan xəbər verir və davam etməsi fəlakətə və hətta regional müharibəyə səbəb ola bilər.

Toqquşma zamanı hər iki tərəfdən itkilər olub. Ermənistan 400-ə qədər, Azərbaycan isə 80 hərbçisini itirib.

Müəllif bildirir ki, tərəflər döyüşlərə görə bir-birini ittiham edir, döyüşlərin məqsədləri çoxları üçün aydın deyil.

“Azərbaycan Ermənistanı masa arxasına oturtmağa, Qarabağın öz ərazisi tərkibində tanınmasını nəzərdə tutan sənədi imzalamağa məcbur etməyə çalışır. Eyni zamanda Bakı Ermənistanın Azərbaycanın şərq hissəsini Naxçıvanla birləşdirən suveren dəhliz üzərində müstəsna nəzarət hüququnun verilməsini istəyir”, - deyə məqalədə qeyd olunur.

Nəşr vurğulayır ki, Azərbaycan Rusiyanın Ukraynada geri çəkildiyi, digər güclərin isə müdaxilə etmək iqtidarında olmadığı bir vaxtda düşmənlərini rüsvay etmək və Azərbaycanın döyüş meydanında davamlı üstünlüyünü nümayiş etdirmək fürsətindən istifadə edib.

“Rusiyanın bütün bu proseslərdə iştirak etməməsi diqqəti cəlb edir. Rusiya Ermənistanın əsas müttəfiqidir və bir vaxtlar Moskva Azərbaycana kifayət qədər təsir gücünə malik idi, indi Bakı qarşısında aciz görünür”, - deyə məqalədə bildirilir.

Müəllifin sözlərinə görə, son toqquşma Moskva qüvvələrinin Xarkov vilayətində Ukrayna tərəfindən darmadağın edilməsindən bir neçə gün sonra baş verib və bu, Rusiyanın gücsüzlüyünə dair artan təsəvvürləri gücləndirib. Rusiyanın rəhbərlik etdiyi, Ermənistan və digər dörd keçmiş Sovet dövlətinin də daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı müdafiə bloku Ermənistana kömək etmədi və kağız üzərində olan təşkilat olduğunu sübut etdi.

“Rusiya getdikcə daha çox siyasi və iqtisadi cəhətdən təcrid olunduğu bir vaxtda Vladimir Putin açıq şəkildə qərar verdi ki, dostluq münasibətlərinə çox ehtiyac duyduğu Azərbaycan və ya Türkiyəyə qarşı durmaqla heç nə qazanılmayacaq. Avropa İttifaqı “hər iki tərəfin təmkinli olması” üçün yumşaq çağırışlardan başqa heç nə təmin etməyib. Bir çox ermənilər Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iyulda Bakıya səfərini tənqid edir”, - deyə nəşr bildirir.

Müəllif deyir ki, Aİ-nin Rusiyadan uzaqlaşması fonunda alternativ enerji tərəfdaşları axtarışı Bakını ittifaq üçün daha önəmli edib.

Bu arada regionun digər böyük dövləti olan İran dəfələrlə bəyan edib ki, o, regionun sərhədlərində istənilən dəyişikliyi, xüsusən də Ermənistan ərazisindən Qara dənizə (Gürcüstan vasitəsilə) tranzit dəhlizini itirməsinə səbəb olacaq hər hansı dəyişikliyi “qəbuledilməz” hesab edir. Bununla belə, Tehranın Bakıya təsir edə biləcək hər hansı nəzərəçarpan bir fəaliyyətə hazır olub-olmadığı hələ də aydın deyil.

“Azərbaycana təsir edə bilən yeganə digər aktor kimi Vaşinqtonun reaksiyası təəccüblü dərəcədə möhkəm olub. Dövlət Departamentinin rəsmiləri hər iki tərəfin adi təmkinli çağırışlarından tonunu dəyişib və döyüşlərdə günahı birmənalı olaraq Bakının üzərinə atıblar. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ötən həftə sonu Ermənistana səfər edərək Azərbaycanı pisləyib”, - deyə məqalədə bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin