“Mərkəzi Asiyadan heç kim bizə səngər qazmağa gəlməyəcək” - Ohanyan

2021/08/timth-1630310222.jpg
Oxunub: 913     16:00     28 Sentyabr 2022    
“Dövlət idarəetmə sistemində səmərəli fəaliyyət, hökumətin səmərəli strukturu bugünkü reallığa uyğun gəlmir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

O qeyd edib ki, məsələn aqrar ölkədə Kənd Təsərrüfatı Nazirliyi yoxdur.

“Müxtəlif şərab festivalları, asfalt çəkilişləri və s. yox, təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Bu gün biz hərbi sistemlərdən, KTMT-dən danışırıq, deyirik ki, niyə bizi dəstəkləməyə gəlmirlər, amma biz özümüz sərhədlərimizdə səngər qazmamışıq. Mərkəzi Asiyadan heç kim bizə səngər qazmağa gəlməyəcək”, - deyə o bildirib.

O qeyd edib ki, KTMT kollektiv təhlükəsizlik üçün formalaşmış coğrafi, regional, hərbi-siyasi strukturdur: “Biz həmin kollektiv təhlükəsizlik regionunda yerləşirik. Bugünkü hakimiyyət KTMT-ni inkişaf etdirmək üçün nə edib? Onun obyektiv və ya subyektiv nöqsanlarına görə yalnız sevinirlər. KTMT-yə hücum edildi, KTMT-nin baş katibi həbs olundu. Ağıllı danışıqlar aparmaq lazımdır ki, KTMT öz tapşırıqlarını yerinə yetirsin”.

O, birinci prezident Levon Ter-Petrosyanın iqtidarla müxalifətin konstruktiv dialoq aparması ilə bağlı təklifinə toxunaraq deyib: “Şəxsən mən Nikol Paşinyana bir dəfə dedim, 2019-cu il yanvarın 28-də, Ordu Günündə. Qəbul etmədi. 44 günlük müharibədə iki gün dalbadal Müdafiə Nazirliyində oldum, rəhbərliklə görüşməyə çalışdım, məni qəbul etmədilər”.

Onun sözlərinə görə, hakimiyyət yaradılmış hərbi-siyasi vəziyyətdən kənarda hərəkət edir. “Onlar üçün prioritet sərhədlər deyil, təhlükəsizlikdir, gizli danışıqlar aparmaq, hansısa razılaşmalar əldə etməkdir”, - deyə Ohanyan qeyd edib.

O bildirib ki, bugünkü hakimiyyət təzyiq və məcburiyyət altındadır: “Bu vəziyyətdən çıxmağın birinci və ən vacib şərti hökumətin dəyişdirilməsi, xarici siyasət apara bilən, daxili milli təminatlarımızı formalaşdıra bilən hökumətin gətirilməsidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin