Ombudsman Aparatının rəhbəri beynəlxalq tədbirdə ATƏT-ə çağırış edib

2022/09/zxczx-1664357868.jpg
Oxunub: 482     13:19     28 Sentyabr 2022    
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilən insan ölçüsü üzrə konfransda iştirak edir.

Ombudsman Aparatından Ordu.az-a verilən məlumata görə, A.Səfixanlının Anım Gününə təsadüf edən çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edilib. O, iki il öncə ölkəmizin Ermənistan tərəfindən təcavüzə məruz qalması, mülki əhalinin yaşadığı ərazilərin atəşə tutulması nəticəsində dinc azərbaycanlıların qətlə yetirilməsi faktlarını diqqətə çatdırıb.

Çıxış zamanı beynəlxalq təşkilatların, habelə ATƏT-in beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarına biganə qalmamasına çağırış edilib.

Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına imkan yarandığı, lakin onların qayıdışı ilə bağlı bir sıra mühüm problemlərin olduğu qeyd olunub. Bu manelərdən birincisi kimi bütün sosial obyektlərin, yaşayış binalarının dağıdılması, ikincisi isə mina problemi olduğu vurğulanıb.

A.Səfixanlı Ermənistanın Azərbaycanın sülh təklifinə cavab verməməsi, əksinə ərazilərimizi minalamaqda davam etməsi faktlarına diqqət çəkərək, ATƏT və digər beynəlxalq təşkilatların bu pozuntulara reaksiya verməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Azərbaycan Ombudsmanının faktaraşdırıcı missiyaları, toplanmış faktlar əsasında hazırladığı hesabatlar və beynəlxalq təşkilatlara bununla bağlı etdiyi müraciətlər diqqətə çatdırılıb.

Ombudsman Aparatının rəhbəri, eyni zamanda, tədbirin moderatorunu ikili standartlara yol vermədən hər bir iştirakçıya çıxış üçün bərabər imkanlar yaratmağa dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ombudsman   ATƏT   Aydın-Səfixanlı  


Bizi "telegram"da izləyin