Almaniya kütləvi RAM raketi sifariş edib

2022/09/SeaRA-1664262013.jpg
Oxunub: 411     11:00     01 Oktyabr 2022    
Almaniya Bundestaqının Büdcə Komitəsi ölkənin Hərbi Dəniz Qüvvələri üçün 600 “Rolling Airframe Missile” raketlərinin (RAM) “Blok 2B” konfiqurasiyasının alınmasına yaşıl işıq yandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Sifarişə 600 RAM “Blok 2B” yaxın mənzilli Hava Hücumundan Müdafiə (HHM) raketləri daxildir. Almaniya Hərbi Dəniz Qüvvələrinə sifariş verilən 600 raketin təhvil verilməsi 2024-2029-cu illər arasında həyata keçiriləcək. Nəhəng sifarişin dəyəri 560 milyon avrodur.

ABŞ-ın “Raytheon” və Almaniyanın “Diehl Defence” şirkətləri ilə birgə hazırlanmış RIM-116 RAM raketlərdən, təyyarələrdən və ya helikopterlərdən müdafiə üçün istifadə olunur. “Blok 2D” raketi daha güclü raket mühərriki, 4 qanadlı idarəetmə sisteminə və təkmilləşdirilmiş passiv RF və infraqırmızı axtarıcıya malikdir.

RIM-116 RAM yaxın mənzilli HHM sistemi Almaniya Hərbi Dəniz Qüvvələri tərəfindən demək olar ki, hər bir döyüş platformasında istifadə olunur. 1992-ci ildə istifadəyə verilən raket sistemi 11 ölkənin donanmasında 160-dan çox gəmidə xidmətdədir. Sistem qayıqlardan tutmuş aviadaşıyıcılara qədər bütün növ platformaları qanadlı raketlərdən, helikopterlərdən, PUA-lardan və kiçik dəniz hədəflərindən qoruyur.

RAM raketi maksimum 10 kilometr məsafədə 95% müvəffəqiyyət dərəcəsinə çatır.

Türkiyə Hərbi Dəniz Qüvvələri də RAM sistemindən istifadə edir. “Ada” korvetlərində ABŞ istehsalı olan RIM-116 RAM yaxın mənzilli HHM sistemi quraşdırılıb. RAM sisteminin buraxılış qurğuları Almaniyadan, raketlər isə ABŞ-dan tədarük edilir.

ABŞ uzun müddətdir ki, Türkiyəyə RAM raketlərinə embarqo qoyur. ROKETSAN tərəfindən inkişaf etdirilməyə davam edən “Levent” sistemi ilə bu sahədəki embarqonun milli vasitələrlə aradan qaldırılması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Raket  


Bizi "telegram"da izləyin