Qızılqaya uğrunda döyüş: "Əməliyyat başlayanda 70-80 nəfər olduğunu gördük, məsafə 1-2 metr idi" – HDQ xüsusi təyinatlısı (MÜSAHİBƏ)

2019/06/maxre-1559544195.jpg
Oxunub: 9284     11:45     27 Sentyabr 2022    
Vətən Müharibəsinin başlamasından 2 il keçir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başladıldı, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Müharibə nəticəsində Ermənistan ordusu ağır məğlubiyyətə uğradıldı və ötən əsrin 90-cı illərində ermənilər tərəfindən işğal edilən Azərbaycan əraziləri işğaldan azad edildi. Azərbaycan ordusu müharibədə yüksək qəhrəmanlıq nümayiş etdirdi.

Müharibədə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları xüsusi diqqət çəkdi. Bir neçə il əvvələ qədər varlıqları barədə çox az adam məlumatlı idi. Müharibədə onlar böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdilər.

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı, 3-cü dərəcəli kapitan Orxan Qədirov Ordu.az-a müsahibəsində xidmət etdiyi qoşun növünün fəaliyyətindən danışıb.


- Xoş gördük, cənab zabit. Vətən müharibəsindən artıq iki ilə yaxın vaxt keçir. Ancaq müharibə bugünkü kimi yadımızdadır. Müharibənin başlaması və gedişatını necə xatırlayırsız.

- Xoş gördük. Biz xüsusi təyinatlı olaraq sentyabrın 27-də cənab Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatları çərçivəsində döyüş əməliyyatlarına başladıq. Elə həmin gün bir qrupumuz Tərtər istiqamətinə göndərildi və düşmən üçün böyük əhəmiyyəti olan yüksəkliyin azad edilməsi üçün münbit şərait yaratdılar. Əməliyyat uğurlu alındı və sentyabrın 28-29-u həmin yüksəklik işğaldan azad edildi. Biz iki gün sonra digər istiqamətə yola düşdük. Füzuli rayonu istiqamətində əməliyyata başladıq. Daha sonra Araz çayı boyu döyüş əməliyyatları icra edirdik. Digər qoşun növləri bizə paralel olaraq əks-hücum əməliyyatları icra edirdi. Digər xüsusi təyinatlı bölmələrimiz, həmlə qrupları Cəbrayıl rayonu istiqamətində, biz isə rayonun Araz çayı qırağında əməliyyat həyata keçirirdik.

- Müharibə zamanı ən yadda qalan hadisə hansı idi?

- Əməliyyatlar zamanı ən yadda qalan hissələrdən biri Ermənistana məxsus T-90 tanklarının ələ keçirilməsi oldu. Düşmən ölkə modernləşdirilmiş tanklarının olduğu gizlədirdi. Biz Cəbrayılın Aşağı Maralyan kəndində əməliyyatı həyata keçirdiyimiz zaman azad edilən strateji yüksəklikdə düşmənə məxsus 3 ədəd T-90 tankı aşkar etdik.

Onlardan biri vurulmuşdu. Digər ikisi isə yaxşı vəziyyətdə idi. Tanklar hərbi qənimət kimi götürüldü. Tanklarla yanaşı yüksəklikdə çoxlu sayda digər döyüş texnikaları, silah-sursat aşkar edildi və qənimət kimi götürüldü. Bu, müharibənin ilkin olaraq ən böyük hərbi qənimətlərindən biri idi. Əməliyyat bizim üçün böyük stimul oldu. Bu, bizim illər ərzində həyata keçirdiyimiz hazırlığın imtahanı idi.

- Qubadlı şəhərinin işğaldan azad edilməsində də iştirak etmisiniz…

- Bəli, Cəbrayılın kəndləri işğaldan azad edildikdən sonra biz Qubadlı istiqamətində döyüş əməliyyatları icra etməyə başladıq. Qubadlıda keçirdiyimiz əməliyyat bizim üçün xüsusilə fərqli idi.

Şəhərin işğaldan azad edilməsindən 2 gün əvvəl biz düşmənin arxa cəbhəsinə iki bölmə ilə sızma əməliyyatı icra etmişdik. Biz Qubadlının mərkəzində və mərkəzinin əhatəsində erməni xüsusi təyinatlılarının və digər ordu mənsublarının çox yaxınında idik. Ancaq onlar bizim burada olmağımızdan xəbərsiz idi. Biz xüsusilə düşmən bölmələri arasında çaxnaşma yaradaraq onları fəaliyyətsiz vəziyyətə gətirirdik. Ali Baş Komandanın, müdafiə nazirinin əmri ilə biz 2 gün sonra 3 qrupla Qubadlı şəhərini işğaldan azad etdik.

- Əmrdən iki gün sonra işğaldan azad edildi?

Xeyr əmrdən yox. Elə həmin gün. Biz sadəcə iki gün əvvəldən öz tapşırığımızı icra edirdik. Bizim əsas məqsədimiz qarşı tərəfdə boşluq yaratmaq idi. Bu boşluğu yaratdıqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyinə məruzə etdik. Müvafiq əmr verilən kimi biz şəhəri işğaldan azad etdik. Bizim üçün başqa bir özəlliyi cənab Ali Baş Komandanın bizi təbrik etməsi idi. O təbrik bizə daha çox stimul verdi.

- Bəs Qubadlıdan sonra?

- Biz daha sonra Xocavənd istiqamətində döyüş əməliyyatları icra etməyə başladıq. Xocavənd bizim üçün xüsusilə çətin idi. Çünki, digər yerlərdə biz bir döyüş tapşırığında kənd-kənd əraziləri işğaldan azad edirdiksə, Xocavənddə təpələr uğrunda mübarizə gedirdi. Bu, coğrafi şəraitlə əlaqəli idi. Düşmən hər təpədə mövqelənə bilirdi. Amma bizim üçün düşmənin harada və necə mövqelənməsinin fərqi yox idi. Bu gün həmin əraziyə gedəndə hər təpədə Azərbaycan bayrağı görə bilərsiniz. Bu da onu göstərir ki, biz hər təpə uğrunda mübarizə aparmışıq və hər təpə alınanda biz orada bayrağımızı yüksəldirdik.

Bizim hazırlığımız, döyüş ruhumuz yüksək səviyyədə idi. Nəticədə biz bu imtahandan ideal şəkildə, necə deyərlər, “5 alaraq” keçdik.

Bizim ordumuz qarşılıqlı əlaqə ilə fəaliyyət göstərirdi. Hərbi Hava Qüvvələri, artilleriya bölmələri və digər birləşmələrlə qarşılıqlı çalışmalarımız nəticəsində düşmənin strateji obyektləri, silah anbarlarının yeri müəyyən edilərək məhv edilirdi. Məsələn, erməni hərbçiləri hansısa binanın ətrafında toplaşırdı. Onlar bizim orada olmadığımızı bilmirdi. Biz həmin ərazinin, obyektin və ya texnikanın koordinatlarını müvafiq bölmələrə ötürürdük və onlar öz işlərini görürdülər.

- Məşhur Qızılqaya yüksəkliyində keçirdiyiniz əməliyyatı necə xatırlayırsınız?

- Qızılqaya yüksəkliyi Azərbaycan ordusu üçün ən böyük maneələrdən biri idi. Xocavənd rayonu ərazisində yerləşən bu yüksəklikdə düşmən alayının idarəetmə məntəqəsi və alayın heyəti var idi. Orada böyük hərbi infrastruktur var idi, binanın tərkibində rabitə otaqları, generarotlar və digər əhəmiyyət kəsb edən vasitələr var idi. Yüksəkliyin mühafizəsi yaxşı təşkil edilmişdi. Biz ora müharibənin 37-ci günü çatdıq. 37 gün ərzində orada döyüş əməliyyatları icra edilməmişdi. Biz iki qrupla sızma hücum əməliyyatı həyata keçirdik. Bizim həmin ərazi ilə bağlı kəşfiyyat məlumatlarımız az idi. Bizdə olan məlumata görə, obyektdəki şəxsi heyətin sayı 20-30 nəfər idi. Ancaq əməliyyat başlayanda orada 70-80 nəfər olduğunu gördük. Qrupumuz basqın əməliyatına başladı. Aramızdakı məsafə 1-2 metr idi. Uşaq vaxtı bir-birimizə necə daş atırdıqsa, burada da qumbaralar havada elə uçuşurdu. Bizim burada şəhidlərimiz oldu. 5 şəhid və 6 yaralı verdik. Ancaq ermənilərdən heç kim qaça bilmədi. Əməliyyat elə icra edildi ki, onların oradan qaçmağa imkanları olmadı. Ərazini azad etdik və Azərbaycan bayrağını qaldırdıq.

Biz işğaldan azad etdiyimiz hər bir rayonda, hər bir kənddə qaldırdığımız bayraqlarda şəhidlərimizin adını yazırdıq. Bu gün də mətbuatda həmin bayraqları görə bilərsiniz.

- Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının varlığını müharibədən bir neçə il əvvələ qədər çox adam bilmirdi. Nə zaman əməliyyatlarda iştirak etməyə başladınız?

- Bəli, 2016-cı ilə kimi dəniz xüsusi təyinatlılarının varlığını Azərbaycan Respublikasında çox adam bilmirdi. Baş verən həmin döyüşlərdə biz kiçik miqyasda iştirak etdik. 2020-ci ildə isə HDQ-nin xüsusi təyinatlıları daha geniş tərkibdə müharibədə iştirak edib. Düşmən gördü ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində qoşun növündən asılı olmayaraq bütün şəxsi heyət eyni tapşırığı yerinə yetirməyə qadirdir. Bizim müasir silahlarımız, modernizə olunmuş texnikamız və ən əsası bunları istifadə edə bilən bacarğa və ruha sahib olan şəxsi heyətimiz var.

- Xidmət etdiyiniz qoşun növünün silahlanması hansı səviyyədədir?

Biz HDQ-nin xüsusi təyinatlıları olsaq da, ümumilikdə Xüsusi Təyinatlı Qüvvələrin mənsubuyuq. Xüsusi Təyinatlı Qüvvələr həm icra etdiyi tapşırıqlara görə, həm də istifadə etdiyi təchizat və silaha görə digər qoşun növlərindən fərqlənib. Bizim istifadə etdiyimiz vasitələr çox özəldir. Biz bəzən xarici ölkələrdə hərbi təlimlərdə oluruq. Özümüzlə bərabər silahlarımızı və təchizatımızı da aparırıq. Təlimlərdə NATO, MDB-dən olan bir çox ölkələrin nümayəndələri iştirak edir. Orada elə ölkələr olur ki, həmin ölkənin istehsal etdiyi və bizim istifadə etdiyimiz silahlar mövcuddur. Bəzən həmin ölkənin hərbi qulluqçularının belə öz ölkələrinin istehsal etdiyi silahlardan xəbəri olmur. Ancaq o silahlar bizdə var. Ali Baş Komandanımız və Ordu rəhbərliyinin diqqət və qayğısı ilə bu silahlar bizim üçün sifariş verilir, ordumuzun inventarına daxil olur və biz onlardan məharətlə istifadə edirik. Bizim özəlliyimiz də budur ki, Xüsusi Təyinatlı Qüvvələrin Azərbaycan ordusunun arsenalında olan bütün silah və texnikadan xəbəri var və onlardan istifadə etməyi bacarırıq.

- Müharibədən artıq iki il keçir. Şəhidlərimizin ailələrinə, qazilərimizə, xalqımıza nə demək istəyərsiniz?

Tarixdə elə hadisələr baş verir ki, yaşanır və bir müddət sonra yaddan çıxır. Ancaq Vətən müharibəsi və bu zaman verdiyimiz şəhidlərimiz bizim üçün böyük önəm kəsb edir. Milli tariximizdən silinməz hadisədir. Şəhid ailələrimizə Allahdan səbr diləyirəm. Sərhəddə sonuncu dəfə düşmən təxribatının qarşısını alarkən də şəhidlərimiz olub. Onların da ailələrinə başsağlığı verirəm. Biz həmişə şəhid ailələrinin yanındayıq, onlar bizim fəxrimizdir.

Xalqımıza təşəkkür edirik. Biz hər zaman, hər döyüş əməliyyatı, düşmən təxribatının qarşısını alan zaman xalqımızı yanımızda hiss edirik. Mən fəxr edirəm ki, bizim birliyimiz var. Biz yalnız ordu kimi deyil, xalq olaraq döyüşmüşük və döyüşürük. Qürur hissi ilə deyə bilərik ki, biz bir bayrağın altında cəmləşə bilmişik.

- Müharibədə düşmən ağır məğlubiyyətə uğrasa da, sərhəddə təxribata davam edir. Düşmənə mesajınız nədir?

- Düşmənə demək istəyirəm ki, təxribata cəhd etməsinlər. 2016-cı ilin döyüşləri düşmən üçün böyük bir siqnal idi. Bu, əslində ermənilər üçün böyük bir şans idi. Biz onlara şans verdik ki, torpaqlarımızdan xoş yolla çıxsınlar. Biz 5 gün sonra dayandıq və dedik ki, bitirin bu məsələni, sülh yolu ilə həll edin. Ancaq bu, revanşist hisslərlə yaşayan bir ölkədə mümkün olmadı və nəticə etibarilə onlar 2020-ci ildə ağır məğlubiyyətə uğradılar. Ermənistan ordusu guya ordunun modernləşdirilməsi ilə məşğul idi. Ancaq başa düşmədi ki, nə qədər yeni texnika, təyyarə və silah almasından asılı olmayaraq, onu istifadə edən savadlı, bacarıqlı şəxsi heyət olmalıdır. Eyni zamanda əsgərdə döyüş ruhu olmalıdır. Düşmən bilməlidir ki, onların ordusunda bu ruh yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-müharibəsi   Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin