Belarus KİV-i: Qarabağda “Qordi düyünü”: KTMT onu məhv edə biləcəkmi?

2022/06/karab-1654251993.jpg
Oxunub: 3551     17:16     26 Sentyabr 2022    
Belarusun “sb.by” (Belarus seqodnya) nəşrində “Qarabağda “Qordi düyünü”: KTMT onu məhv edə biləcəkmi?” sərlövhəli məqalə dərc olunub.

Müəllif yazır ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hadisələrin gedişinə və KTMT-nin roluna təsir edən dörd amil var. Hazırda Ermənistan və Azərbaycan sərhədində baş verənləri daha yaxşı başa düşmək üçün bunları vurğulamaq lazımdır. 2020-ci ilin sentyabrına, ikinci Qarabağ müharibəsi başlayana qədər Ermənistanın Qarabağda 15-20 minə yaxın əsgəri və Azərbaycan qoşunlarının əməliyyatlar zamanı yarıb keçdiyi möhkəmləndirilmiş müdafiə xətti var idi. Bu gün həmin bölgədə boş mövqelərdə olan 2 mindən az Rusiya sülhməramlısı var, üstəlik, onların hərbi əməliyyatlar aparmaq mandatı yoxdur. Rusiya və KTMT-nin hazırda regionda bu cür insidentlərlə mübarizə üçün kifayət qədər qüvvə və resurslara malik olmadığı göz qabağındadır.

“Eyni zamanda, Azərbaycan açıq şəkildə artilleriya və yaylım atəşi sistemlərindən istifadə edir. KTMT indiyədək yalnız müşahidə missiyası göndərib və Azərbaycanın hərəkətləri qəbuledilməz kimi qiymətləndirilib. Bu, birinci amildir. İkinci mühüm amil Ermənistanın daxili siyasətidir. Nikol Paşinyan bir vaxtlar “məxməri inqilab”, əvvəlki hökumətin istefası və kütləvi etirazlar nəticəsində hakimiyyətə gəlib. O zaman hakimiyyətdə Respublika Partiyası var idi. Onun onurğa sütununu təşkil edən kütlə isə əsasən Qarabağdan, o cümlədən biznes nümayəndələri, hərbçilər və birinci Qarabağ müharibəsi iştirakçılarıdır.

Və hazırda Paşinyanın, o cümlədən daxili səbəblərə görə, uzun illər mübarizə apardığı siyasi opponentlərinin mirasını qorumaq üçün xüsusi istəyi yoxdur. Üstəlik, Qarabağ müharibəsindəki məğlubiyyətin özü də Paşinyan üçün fəlakətli nəticələr vermədi, o, hakimiyyəti əlində saxladı və sonradan seçkilərdə qalib gəldi. Ona görə də belə qənaətə gəlmək olar ki, nə Ermənistanın baş naziri, nə də Paşinyanın arxalandığı erməni diasporunun qərb hissəsi üçün Qarabağ prioritet deyil. Üstəlik, ərazilərin təhvil verilməsi ilə bağlı Paşinyanın orada maraqları olan siyasi opponentləri xeyli zəiflədi. Buradan belə güman etmək olar ki, Qarabağ məsələsində Rusiyanın Ermənistanın özündən daha çox ermənipərəst mövqe tutacağını gözləməyə dəyməz.

Biz hazırda Moskvanın Azərbaycan və Ermənistanın mübahisəli ərazilərini ümumi iqtisadi əlaqələrə inteqrasiya etmək, orada tranzit dəhlizləri açmaq, su təchizatı layihələrini həyata keçirmək cəhdlərini müşahidə edirik. Bütün bunlar, Rusiyanın fikrincə, ümumi gərginliyi azaltmalıdır. Üçüncü mühüm amil isə odur ki, son 30 ili müqayisə üçün götürsək, Rusiya-Ermənistan münasibətləri indi ən pis nöqtəsindədir. İndiki eskalasiya ərəfəsində Ermənistan daxilindəki radikal qruplaşmalar Rusiyanı İrəvanın ticarət mərkəzində terror aktı törətməkdə ittiham edib, buna cavab olaraq Rusiya səfirliyi Ermənistanı Xarici İşlər Nazirliyinə nota verib. Ermənistan dövlət mediası, yumşaq desək, Rusiyanı tənqid edir. Kreml kifayət qədər dəstək verməməkdə və mübarizə aparmaq istəməməkdə ittiham olunur. Vladimir Putinlə Nikol Paşinyanın şəxsi təmasları isə o qədər də effektli deyil. Lakin tənqidlərə baxmayaraq, demək lazımdır ki, Qarabağdakı ermənilər indi prinsipcə yalnız Rusiyanın səyləri sayəsində oradadır.

Və nəhayət, vəziyyətin inkişafına təsir edən dördüncü amil Türkiyədir. Bu gün Türkiyə (Azərbaycanın əsas hərbi-siyasi müttəfiqi) neft, qaz və digər malların təkrar ixracı üçün Rusiyanın iqtisadi sxemlərində yaxından iştirak edir.

Bundan başqa, İstanbul Ukrayna ilə danışıqlarda vasitəçi kimi çıxış edib və nəhayət, Suriyada Rusiya ilə ortaq təmas nöqtələri olub. Ona görə də Rusiyanın hərbi münaqişədə öz maraqlarına zərər vuran ermənipərəst mövqe tutması son dərəcə sərfəli deyil. Bütün bu amillərin birləşməsi çox mürəkkəb tənzimləmə ortaya çıxarır. Yəni Rusiyanın həm aktiv fəaliyyəti, həm də hərəkətsizliyi ümumi vəziyyəti daha da pisləşdirə bilər. Və KTMT bu tapmacanı, Qarabağda “Qordi düyünü”nü həll etməli olacaq”, - deyə məqalədə bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan   KTMT  


Bizi "telegram"da izləyin