Erməni ekspert: “Ermənilərin mütləq əksəriyyətinin fikrincə, Qarabağ Azərbaycanın tərkibində ola bilməz”

2022/09/fdg4d-1664185508.jpg
Oxunub: 734     15:59     26 Sentyabr 2022    
“Vətəndaş institutları otuz ildir ki, Ermənistanla Azərbaycan, Ermənistan və Türkiyə arasında sülhə çağırır. Ermənilər və azərbaycanlılar sülhdən danışmaq üçün neytral ərazidə görüşüblər”.

Ordu.az xəbər verir ki, bunu erməni sosioloq Gevorq Poqosyan deyib.

O xatırladıb ki, bu illər ərzində tərəflər arasında atışmalar davam edib: “Əslində konstruktiv sülh danışıqları olmayıb. İkinci Qarabağ müharibəsindən sonra hər şeyə sıfırdan başlamaq lazımdır.

Amerikanın IRI təşkilatının 2021-ci ildə apardığı araşdırmada Ermənistanın yetkin əhalisinin böyük əksəriyyəti Türkiyə (90 faiz) və Azərbaycanı (77 faiz) ölkəmiz üçün ən böyük siyasi təhlükələr adlandırıb.

Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına, nəqliyyat əlaqələrinin açılmasına gəlincə, bizim ictimai rəy də o qədər də nikbin deyil. Belə ki, respondentlərin cəmi 5 faizi hesab edir ki, Azərbaycanla nəqliyyat marşrutlarının açılması Ermənistanın iqtisadi inkişafına tam müsbət təsir göstərə bilər. Eyni şey Türkiyə ilə yolların açılmasına da aiddir, yalnız 6% bunu tamamilə müsbət hesab edir.

Respondentlərin əksəriyyətinin (53-59 faiz) fikrincə, yolların bağlanması ölkəmizin iqtisadi inkişafına çox mənfi təsir göstərəcək.

56 faiz əmindir ki, Ermənistan sülhə can atarkən öz ordusunu və silahlı qüvvələrini gücləndirməlidir. Respondentlərin 34 faizi hesab edir ki, Qarabağ (qondarma qurum) “müstəqil” olmalıdır, 50 faizi Ermənistana birləşməli olduğuna əmindir, digər 11 faizi isə onu Rusiya Federasiyasının bir hissəsi hesab edir. Hər halda, ermənilərin mütləq əksəriyyəti (95 faiz) üçün Qarabağ Azərbaycanın tərkibində ola bilməz”, - deyə Poğosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin