Polşa üçün istehsal edilən ilk K2 tankı nümayiş etdirilib

2022/09/polon-1664182665.jpg
Oxunub: 702     17:45     26 Sentyabr 2022    
Polşa üçün istehsal olunan ilk K2PL əsas döyüş tankının görüntüləri yayımlanıb.

Ordu.az xəbər verir ki, xarici KİV-lərdə tankların tezliklə sınaqlara başlayacağı bildirilir.

Polşa Cənubi Koreya ilə K2 “Black Panther” tankı, K9 “Thunder” artilleriya qurğusu və FA-50PL təyyarəsi üçün müqavilə imzalayıb. Müqavilə çərçivəsində ilkin olaraq Polşaya 180 ədəd K2PL tankı, 48 K9 “Thunder” artilleriyası və 48 ədəd FA-50PL təyyarəsinin tədarükü həyata keçiriləcək.

Polşa Koreyadan ümumilikdə 1000 ədəd K2PL tankı alacaq və bu tanklar 2026-cı ildən Polşada istehsal olunacaq. 48 ədəd 48 K9 artilliriya qurğusundan sonra daha 600 ədəd bu silahdan tədarük ediləcək. Bu qurğular da 2026-cı ildən Polşada istehsal ediləcək. Polşa Hərbi Hava Qüvvələrinin sifarişi əsasında 48 ədəd FA-50 təyyarəsi fərdiləşdiriləcək. Buna görə də təyyarələr FA-50PL adlandırılacaq.

K2PL əsas döyüş tankının dizaynı birbaşa Cənubi Koreyanın K2 “Black Panther” tankına əsaslanır. Dizayn dəyişiklikləri Polşa Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə əsasən həyata keçiriləcək. Eyni zamanda müşahidə sistemləri və ya komanda-idarəetmə dəsti kimi yerli komponentlərin istifadəsi də nəzərdə tutulub. Tank üçün ətraflı xüsusiyyətlər Polşa tələblərindən asılı olacaq.

Koreyalıların təqdim etdiyi konsepsiya göstərir ki, tankın dizaynında əsaslı dəyişikliklər edilə bilər. Bu məzmunda yayımlanan görüntülərdə yeddinci cüt yol təkərlərinin əlavə ediləcəyi ehtimal edilir. Bu, zirehləri əhəmiyyətli dərəcədə gücləndirməyə və tank çəkisini 55 tondan (K2-nin hazırkı çəkisi) 60 tona qədər artırmağa imkan verir.

K2PL hədəfin avtomatik aşkarlanması və izlənilməsinə imkan verən həlləri olan təkmil atəşə nəzarət sisteminə malik olacaq. Tank bu həllərdən Koreya istehsalı olan 120 mm 55 kalibrli top, avtoyükləyici və 7,62 mm uzaqdan idarə olunan pulemyot stansiyası ilə birlikdə istifadə edə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Tank  


Bizi "telegram"da izləyin