Ermənistan Ərdoğan və İlham Əliyev görüşü öncəsi təxribatları artırır

2019/01/6456-1548761496.jpg
Oxunub: 1713     13:23     24 Sentyabr 2022    
Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb. Bundan sonra Ermənistan informasiya təxribatlarına əl atıb və Azərbaycanın guya atəşkəsi pozduğunu iddia edib. Beləliklə, Ermənistan növbəti təxribatına hazırlıq işləri görür. Ermənistan tərəfi dezinformasiyalar yaymaqla yeni təxribat üçün zəmin hazırlayırdı.

Nəticədə, dünən saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb. Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Habelə ABŞ və Fransa səfirlikləri Ermənistandakı vətəndaşlarına sərhədə getməməyə çağırıb. ABŞ Səfirliyi üçün bu, əlbəttə ki, profilaktik tədbirdir, lakin bu Ermənistan vətəndaşları arasında həmişə təşviş yaradır və bu təşviş daxildə siyasi vəziyyəti ürəkaçan olmayan Ermənistan hökuməti üçün məqbuldur.

Buna paralel olaraq Türkiyə prezidenti Ərdoğan bildirib ki, Türkiyə Qafqazda sülh, o cümlədən Ermənistanla münasibətlər üçün səylər göstərir. Bu kontekstdə Ərdoğan oktyabrın əvvəlində Praqada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə biləcəyini açıqlayıb. Ermənistan, Türkiyə və Azərbaycanın da dəvət olunduğu Praqada Avropa Siyasi Birliyinin təşəbbüsünün ilk Assambleyası keçiriləcək. Həmin bəyanata reaksiya verən rəsmi İrəvan qeyd edib ki, belə bir görüşün keçirilməsi istisna deyil, lakin hazırda bu barədə konkret razılıq yoxdur. Bəzi ekspertlər iclas zamanı Paşinyanın İlham Əliyevlə də görüşə biləcəyini bildirir. Görünür, Ermənistan görüş öncəsi öz mövqelərini təxribatlarla möhkəmləndirməyə çalışır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin