Kiyevin zərbələri Moskvanı sursat təchizatı və logistika məsələsində yenidən düşünməyə məcbur edir – ANALİZ (II HİSSƏ)

2022/09/1663398182.jpg
Oxunub: 1432     14:33     17 Sentyabr 2022    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Krımda silah-sursat anbarında güclü partlayışlarla bağlı xəbərlər artdıqca Rusiyada sursat istehsalını effektiv şəkildə artırmaq perspektivləri qeyri-müəyyən şəkil alır. Ümumilikdə, Ukraynada mövcud istifadə sürəti ilə sursatların əvəzlənməsi xərcləri kifayət qədər böyük olacaq. Müharibə 2023-cü ilin fevralına qədər davam edərsə, Rusiyanın xərci 3 trilyon rublu (50 milyard ABŞ dolları) keçəcək. Bu isə Dövlət Müdafiə Sifarişinin illik məbləğindən xeyli yüksəkdir və Moskvanın sülh dövründə milli müdafiəyə xərclədiyi ümumi məbləğlə müqayisə oluna bilər. Bu baxımdan, Kreml üçün qısa müddətdə artilleriya və Yaylım Atəşli Reaktiv Sistemlərə (YARS) sursat itkisini tam kompensasiya etmək inanılmaz dərəcədə qaranlıq görünür.

Əslində, Rusiyanın silah-sursat ehtiyatlarının tükənməsi müharibənin gedişatını dəyişdirən yeganə amil kimi xidmət etməyəcək. Lakin yaxın bir neçə ay ərzində aktiv döyüş əməliyyatları bitməsə, Rusiya ordusu taktikasını dəyişməli, raket və artilleriya silahlarının daha məqsədyönlü istifadəsinə keçməli, həmçinin idarə olunan sursatların istifadəsini artırmalıdır. Öz növbəsində, Moskva kütləvi artilleriya atəşini dayandırarsa, Ukrayna Silahlı Qüvvələri öz say üstünlüyündən istifadə etməyə çalışa bilər. Bildiyimiz kimi, təchizat Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvlərindən silah tədarükü ilə təmin edilir.

Bir silahla, ildə təxminən 5,000-6,000 mərmi istehlak dərəcəsinə əsasən, orta hesabla, artilleriya sistemləri gündə 20 mərmi atmağa qadirdir. Bu bazanı nəzərə alaraq, Ukrayna müharibəsinin ilk beş ayı (24 fevraldan 150 gün) üçün sursat istehlakı ilə bağlı aşağıdakı statistikanı təxmin edə bilərik.

Cədvəl 1. Rusiyanın Ukraynaya qarşı müharibəsində təxmini sursat istehlakı.

Bu təxmini hesablamalara əsasən, Rusiya Silahlı Qüvvələri gündə təxminən 67.000 ədəd raket və artilleriya sursatından istifadə edir. Bu, təxminən Ukrayna tərəfinin məlumatlarına uyğundur, ona görə Rusiya qüvvələri gündə təxminən 50-60 min mərmi atır.

2014-cü il yanvarın 1-nə Rusiya ordusunun istifadəyə yararlı əsas artilleriya mərmilərinin (122 mm, 152 mm və 203 mm) və YARS raketlərinin (122 mm, 220 mm və 300 mm) ümumi ehtiyatı 1,3 milyon ton təşkil edib. Ümumilikdə, 2014-cü ildən 2021-ci ilə qədər doqquz il ərzində Rusiya hərbi sənaye kompleksi 152 mm-lik artilleriya sistemləri və YARS-lər üçün mərmi şəklində hər il 230.000 tona qədər sursat istehsal edib. Bunu ən aşağı təxmin hesab etsək də, 2022-ci ildə bu növ sursatların yüksək səviyyəli təxminləri 500.000 tonu keçməz.

Xatırladaq ki, 1 yanvar 2014-cü il tarixinə eyni əsas döyüş sursatı üçün ehtiyatlar təqribən 1,3 milyon ton həcmində qiymətləndirilirdi. Bu, rus generalı Dmitri Bulqakovun dediyi kimi, Rusiya ordusunun 3 milyon tona qədər optimal döyüş sursatı üçün ümumi qiymətləndirmə ilə müqayisə edilir. Buna görə də, hesablamalara görə, 2014-cü il sursat ehtiyatı üstünlük verilən miqdarın yalnız 50 faizini təşkil edib.

2022-ci il yanvarın 1-nə olan məlumata görə, Rusiya ordusunun ehtiyatında 152 mm-lik artilleriya sistemləri və YARS-lar üçün təxminən 1,3-1,5 milyon ton mərmi var. Döyüşün ilk dörd tam ayında 600.000 tona qədər belə sursatın istifadə edildiyini fərz etsək, hazırda təchizat anbarlarında yalnız 700.000 ilə 900.000 ton arasında sursat qala bilər. Beləliklə, bu miqdar eyni sürətlə və intensivlikdə daha dörd-altı aylıq döyüş üçün kifayət edə bilər.

Rusiya hərbi sənaye kompleksi sursatdan bu qədər yüksək həcmdə istifadə edə bilərmi? 2021-ci ildə oxşar döyüş sursatlarının mümkün istehsal həcmlərinin təxmini hesablamalarına əsasən, hazırda istehsal həcmi cəbhə xəttində tələb olunandan xeyli aşağıdır. Bununla belə, sənaye sursat istehsalını əhəmiyyətli dərəcədə artıra bilərmi? Burada iki yüksək nəticəli amili nəzərə almaq vacibdir: xərclər və resurslar.

Xərc faktoru Ukraynada mövcud istifadə sürətini saxlamaq üçün (yəni, yalnız itkiləri kompensasiya etmək üçün) müəyyən döyüş sursatlarının istehsalının qiymətləndirilməsini nəzərdə tutur. Bu, qüvvələrin artmasını deyil, mövcud tərkibinin qorunub saxlanmasını nəzərdə tutur.

Cədvəl 2. Ukraynanın işğalında istifadə edilən rus sursatlarının təxmini xərcləri.

Beləliklə, ilin qalan hissəsi üçün əsas artilleriya və YARS sursatlarının cari xərclərini artırmaq üçün Rusiya sənayesi 1,8 milyon tona qədər sursat istehsal edərkən təxminən 3 trilyon rubl (50,2 milyard dollar) xərcləməlidir. Bütün digər döyüş sursatı növlərini nəzərə alsaq, tədarükə olan tam ehtiyacın təkrar istehsalının ümumi dəyəri 6 trilyon rublu (100,4 milyard dollar) keçəcək.

Bu kontekstdə Rusiya qüvvələri də müəyyən qədər Belarusdan sursatla təmin olunur. Rusiyanın yerli istehsalı lazımi həcmdə işləmədiyindən və Rusiya-Ukrayna sərhədi yaxınlığındakı silah-sursat anbarlarının ciddi şəkildə tükəndiyi və onlara hücumlar davam etdiyi üçün Belarusdan sursat tədarükü getdikcə kritik xarakter alır. Həqiqətən də, 2022-ci il avqustun ilk bir neçə günündə "Bryansk-2" dəmir yolu stansiyasına döyüş sursatı daşıyan qatarın (25 vaqon) gəldiyi qeydə alınıb, ehtiyat əvvəlcə Belarusun Orşa dəmir yolu stansiyasından göndərildi. Sursat və anbar infrastrukturu daşıyan digər qatarlar Belarusun Qomel dəmir yolu stansiyasından Klintsı (Bryansk vilayəti) vasitəsilə Qukovoya (Rostov vilayəti) yola salınıb.

Ümumiyyətlə, Belarus hərbi-siyasi rəhbərliyi Rusiya ərazisinə 12 min tona yaxın döyüş sursatı köçürməyi planlaşdırır. İlkin məlumatlara görə, sursatlar Cənub Hərbi Dairəsinə göndəriləcək.

Rusiya və Ukrayna artilleriyası tərəfindən kritik infrastrukturun ağır şəkildə məhv edilməsi, mexanikləşdirilmiş logistikanın tam olmaması ilə birlikdə, yük daşıma logistikası ilə tamamilə fərqli bir hekayə yaradır. Ukraynanın Rusiya anbarlarını artilleriya vasitəsilə məhv etmək üçün apardığı geniş kampaniyanı nəzərə alsaq, bunun böyük nəticələrinin olduğunu görərik. ABŞ ordusunun qərargah rəisinin sözlərinə görə, ukraynalıların istifadə etditi HIMARS YARS-larının (GMLRS) son versiyaları 3-7 metr dəqiqlik ilə 85 kilometr uzaqlıqdakı hədəfləri vura bilir. Əsasən, yenilənmiş GMLRS Rusiya taktiki yük maşınlarını bir günlük gediş-gəliş təchizatı diapazonundan xeyli kənara çıxaracaq.

Bu, o deməkdir ki, Rusiya əvvəlkindən qat-qat çox dəmir yollarına bel bağlamalı olacaq. Moskva artıq sursat təchizatı və logistika üçün dəmir yollarından hədsiz dərəcədə asılıdır. O qədər də təsirli olmasa da, təchizatı çatdırmaq imkanı olmayanda ən asan çıxış yolu tankları, zirehli personal daşıyıcılarını və artilleriya qurğularını dəmir yolu yaxınlığında yerləşdirməkdir. Bununla belə, bu, bu elementləri hədəf almağı çox asanlaşdıra bilər. Buna baxmayaraq, Ukrayna müharibəsi daha uzun sürən mərhələyə qədəm qoyduqca, Kreml Qərb silahları ilə dəstəklənən Ukrayna qüvvələri münaqişənin gedişatını Kiyevin xeyrinə çevirmək üçün bu çatışmazlıqlardan istifadə etməzdən əvvəl təchizatı və logistika problemlərini həll etməli olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Müharibə  


Bizi "telegram"da izləyin