Ordu.az xəbər verir ki, müraciətdə deyilir:
“Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı narahatlığımızı bildiririk.
Məlumat üçün qeyd edək ki, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın müvafiq bəndlərinə uyğun olaraq Laçın rayonu və onun ətrafında olan ərazilər Azərbaycana təhvil verilməli idi. Bu proses hazırda yekunlaşmaq üzrədir və 2022-ci ilin avqust ayının sonuna kimi həmin ərazidə qanunsuz məskunlaşmış insanlar kimliyindən asılı olmayaraq bölgədən çıxarılmalıdır.
Laçın rayonu və ətraf kəndlərdə 30 ilə yaxın müddətdə qanunsuz yaşamış bu şəxslər ərazini tərk edərkən ətrafdakı uzun əsrlik meşələri yandırır və ekoloji terror törədirlər. İşğal dövründə Topxana meşələrindən başlayaraq Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandıran, Üçtərəfli bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən çıxarkən meşələri, evləri, tarixi-mədəni abidələri məhv etməklə kifayətlənməyən ermənilər indi də Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vururlar. Ən dəhşətlisi isə budur ki, yerin üstünü vandalcasına məhv etdikləri az deyilmiş kimi yerin altını da başdan-başa minalarla çirkləndirirlər.
Bu gün Azərbaycan torpaqlarında törədilən bu çirkin əməllər təkcə Azərbaycan xalqına qarşı deyil, külli-bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir.
Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir.
Biz bir qrup vətəndaş cəmiyyəti təşkilatları olaraq erməni əhalisinin Laçın rayonu və bütövlükdə Qarabağ ərazilərində apardıqları ekoloji terroru pisləyir və beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı dəyərləndirmə aparmalarını, eləcə də bu qeyri-insani əməllərin beynəlxalq səviyyədə qınanmasına dəstək göstərmələrini xahiş edirik”.
Ordu.az