Vətən müharibəsi şəhidinin xatirəsi yad olunub - FOTO

2022/08/71567-3321099224.jpg
Oxunub: 362     11:45     15 Avqust 2022    
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarımızı tanımaq və tanıtmaq məqsədilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlər silsiləsindən şəhid əsgər Cavid Cabarzadənin doğum gününə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Suraxanı rayon İcra Hakimiyyətinin rəhbərliyi, Suraxanı rayon Yeni Azərbaycan Partiyasının nümayəndələri, şəhidin ailə üzvləri, yaxın qohumları, döyüş yoldaşları, qazilər, bir qrup şəhid ailəsi və qeyri-hökumət təşkilatlarının fəalları iştirak etdilər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbir açıq elan edildikdən sonra Vətən müharibəsi şəhidi əsgər Cavid Cabarzadənin şərəfli döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu.

Mərasimdə çıxış edənlər şəhid Cavid Cabarzadənin vətənpərvərliyindən, keçdiyi şərəfli döyüş yolundan qürurla danışdılar. "Hər bir Azərbaycan övladı kimi Cavid də həsrətlə gözlədiyi torpaqları düşməndən azad etmək üçün vuruşdu. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz buna nail oldu. Heç kimin ağlına gəlməyəcəyi sayılı gün - 44 gün ərzində düşmən geri otuzdurularaq, şanlı Qələbə qazanıldı. Bunlar hamısı Cavid kimi igid, qəhrəman oğulların sayəsində baş tutdu. Şəhidlərimizin yaşadığı, əbədiyyətə qovuşduğu anları heç bir dastana sığdırmaq olmaz. Onların xatirələri həmişə uca tutulacaq, adları yaşadılacaq.

Həmçinin tədbirdə Azərbaycan dövlətinin istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində apardığı işlərdən də söz açıldı.

Tədbirdə şəhidin döyüş yoldaşları Cavid Cabarzadənin bacarıqlı snayper olmasından, iradi və şəxsi keyfiyyətlərindən, əsl cəbhə dostu kimi yaddaşlarda yaşayacağından, gələcəkdə onun göstərdiyi igidliklərdən, sadiq dost münasibətlərindən övladlarına danışacaqlarını vurğuladılar.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya, övladlarının adı və xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Ordusunun şəhid əsgəri Cavid Cabarzadə "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən, şəhidlərimizin xatirəsinə həsr olunan mahnılar ifa etdilər.


Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu  


Bizi "telegram"da izləyin