Erməni hüquq müdafiəçisi: “Ermənistan ordusunda kriminal ab-hava hökm sürür”

2019/03/0aca7-1553838795.jpg
Oxunub: 477     12:40     13 Avqust 2022    
Avqustun 9-da Ermənistan ordusunun daha bir hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü sıravi əsgər Erik Qarsyanın meyiti tapılıb. Ermənistan Müdafiə Nazirliyi qeyd edir ki, hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Son zamanlar Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların sayı artıb.

Erməni hüquq müdafiəçisi Janna Aleksanyan bildirir ki, qeyri-döyüş şəraitində ölüm hallarının artması Ermənistan ordusunda baş verən dəyişikliklərin kosmetik xarakter daşıdığını göstərir.

O deyir ki, Ermənistan hökuməti Silahlı Qüvvələrdə hər hansı dəyişiklik etmək arzusunda deyil, orduya olan biganə münasibət göz qabağındadır.

“Nə ordu rəhbərliyi, nə də ordunun ali baş komandanı orduda müsbət dəyişikliklərin olması, mövcud problemlərin aradan qaldırılması üçün addımlar atmır. İkinci Qarabağ müharibəsindən demək olar ki, iki ilə yaxın vaxt keçib, amma müsbət dəyişiklik yoxdur, deməli, onlar bunu etmək istəmirlər. Mövqelər təchiz olunmayıb, əsgərlər ölür, çadırlar bərbad vəziyyətdədir, hətta bu məsələlərin da müəyyən həlli tapılmır və niyə bunu etmirlər, izahat yoxdur, heç kim bilmir. Bu hərəkətsizliyin səbəbi nədir, bəlkə işləmək istəmirlər?”, - deyə Aleksanyan vurğulayıb.

Hüquq müdafiəçisi bildirir ki, problemi ancaq hökumət həll edə, ən pis nəticələrin qarşısını ala bilər, bütün bunlara görə məsuliyyət daşıyan şəxs hökumət nümayəndələridir.

“Müharibədən əvvəl bizim çoxlu problemlərimiz var idi, amma həll edilmədi, müharibədən sonra isə hər şey daha da pisləşdi və diqqətdən kənarda qaldı. Orduda kriminal ab-hava və cəzasızlıq hökm sürür. Bu işlə məşğul olmalı adamlar işləmir”, - deyə Aleksanyan bildirib.

Onun sözlərinə görə, müharibədən sonra Ermənistan ordusu xeyli zəifləyib və ordudakı ab-hava, problemlər onun zəifləməsinə, bölünməsinə gətirib çıxarır.

“Biz yeni müharibə ilə üz-üzəyik, zəifləmiş ordunun nəticəsi belədir: yeni ərazilərin davamlı olaraq təhvil verilməsi, zəifləmə, tənəzzül. Görünür, Ermənistan bu sürətlə kiməsə təslim olmalı olacaq.

Ordu komandanlığı bəyanatlar yayır ki, onlar işləyirlər, islahatlar aparırlar, lakin bu, doğru deyil, heç nə etmirlər. Heç kim məsuliyyətə cəlb edilmir və görülən işlərə görə cavab vermir. Fakt faktlığında qalır, hər bir əsgərin həyatına Müdafiə Nazirliyi cavabdehdir, amma gördüyümüz kimi, onlar bunu anlamırlar və bu, belə ağır nəticələrə gətirib çıxarır”, - deyə Aleksanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Böhran  


Bizi "telegram"da izləyin