Uçuşları dayandırılan F-35 qırıcıları ilə bağlı son vəziyyət necədir?

2022/08/F-35--1660308768.jpg
Oxunub: 455     12:52     13 Avqust 2022    
Ötən həftələrdə ABŞ Ordusu F-35 qırıcı təyyarələrinin katapult oturacaqlarında aşkarlanan problemə görə uçuşları dayandırmaq qərarına gəlib. Təyyarələrdə aparılan araşdırmalardan sonra ABŞ hərbi rəsmiləri F-35 təyyarəsinin katapult oturacağında tapdıqları səhvin digər təyyarələrdə də baş verə biləcəyini nəzərə alaraq uçuşların dayandırıldığını açıqlayıb. Lakin rəsmilər xətanın digər təyyarələrdə aşkar edilib-edilmədiyini açıqlamayıb.

F-35 qırıcılarının oturacaqları ilə bağlı problem aprel ayında Yutadakı Hill aviabazasında gündəlik texniki xidmət zamanı F-35A-da müşahidə edilib. Bir neçə təsadüfi təyyarə daha yoxlanıldıqdan sonra eyni problemi olan başqa bir təyyarəyə rast gəlinməyib və təyyarələrin uçuşa davam edə bilməsinə qərar verilib. İyul ayına qədər F-35 Proqram Ofisi bütün F-35 təyyarələrində yoxlamaların aparılması üçün uçuşların dayandırılmasına qərar verib.

Katapult oturacaqları ilə bağlı problem oturacağın təyyarədən buraxılmasına imkan verən partlayıcı patronlarda yaranan istehsal qüsuru ilə bağlı idi. Problem texniki işçinin təyyarənin yoxlanılması zamanı patronun daha yüngül olduğunu bilməsindən sonra aşkar edilib. Patronlarda lazımi miqdarda partlayıcı maddə və patronun alışmasına imkan verən maqnezium tozunun olmadığı müəyyən edilib.

Sonrakı aylarda katapult oturacağının istehsalçısı “Martin-Baker” şirkəti keyfiyyətə zəmanət yoxlaması keçirib və istehsal xəttinin nasaz patronlar istehsal etdiyini aşkar edib. Şirkətin problemi nə vaxt aşkar etdiyi və ya müştərilərini xəbərdar etdiyi bəlli deyil. Rəsmilər patronlarda problemin bəzi istehsal seriyalarında yaşandığını bildirsə də, həmin seriyalarda nə qədər patron istehsal edildiyini və nə qədər təyyarədə istifadə edildiyini deməkdən imtina edirlər.

Patronlarda problem aşkar edildikdən sonra F-35 qırıcı parkının əksəriyyətinin patronları və katapult oturacaqları əsaslı təmir edilərək yoxlanılıb. Bəzi təyyarələrin uçuşları tədricən bərpa edilib. Qeyri-rəsmi mənbələrə görə, 2700 katapult oturacaq patronu sınaqdan keçirilib və yalnız 3 patron suğursuz olub.

F-35 düzgün istehsal olunmayan patronlardan təsirlənən yeganə təyyarə deyil. ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-18B/C/D “Hornet” və F/A-18E/F “Super Hornet” döyüş təyyarələri, E/A-18G “Growler” radioelektron döyüş təyyarələri, T-45 “Goshawk” və F-5 “Tiger II” təlim təyyarələri də bu problemlə üzləşib.

“Martin Baker” şirkətinin sözçüsü Stiv Roberts bildirib ki, patron problemi F-35-dən başqa təyyarələrə təsir göstərə bilməz. O, həmçinin bildirib ki, F-35 istisna olmaqla, dünyada heç bir təyyarədə oxşar patron problemi yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   ABŞ  


Bizi "telegram"da izləyin