"Financial Times": ABŞ-Çin müharibəsi haqqında təhlükəli fatalizm

2022/08/1660199510.jpg
Oxunub: 594     15:43     11 Avqust 2022    
Keçmişdə Tayvan üzərində ABŞ-Çin müharibəsi real ehtimal kimi görünürdü, ancaq bu fərziyyələr ancaq ehtimal olaraq qalırdı. Ancaq indi daha çox ekspert bunun yalnız ehtimal yox, həm da mümkün olduğuna inanır.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Asiya üzrə direktoru Ceyms Krabtri deyib ki, yaxın onillikdə ABŞ və Çin arasında hansısa hərbi qarşıdurmanın olacağı ehtimalı daha yüksəkdir.

Yüksək rütbəli Qərb məmurları belə şeyləri ictimai yerlərdə söyləmək üçün çox ehtiyatlıdırlar, lakin bir çoxları özəl olaraq Krabtrinin bədbinliyini bölüşürlər. 2021-ci ildə ABŞ-ın Hind-Sakit Okean bölgəsindəki komandiri admiral Fil Devidson Konqresə “növbəti altı il ərzində Çinin Tayvana “işğal” etməsi ilə bağlı “aydın” təhlükə gördüyünü bildirib. Bundan sonra ABŞ-da da müharibənin olması ehtimalı daha çox dilə gətirilib.

Çin hökumətinin ritorikası şübhəsiz ki, millətçi və döyüşkəndir. Çinin ABŞ-dakı səfiri Qin Qanq Nensi Pelosinin keçən həftə Tayvana səfərinə cavab olaraq Xalq Azadlıq Ordusunun başlatdığı təlim zamanı çəkilən videonu tvitter səhifəsində paylaşıb. Mesaj aydın idi.

Yaxınlaşan müharibə qorxusu Çin, ABŞ və Tayvanın özündəki dəyişikliklərdən qaynaqlanır.

Si Cinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra Pekinin xarici siyasəti nəzərəçarpacaq dərəcədə aqressivləşib. Çin Cənubi Çin dənizində hərbi bazalar inşa edib və Çin əsgərləri Himalay dağlarında atışmalarda hind əsgərlərini öldürüblər. Çinin amansız hərbi güclənməsi ölkənin indi Amerikadan daha çox döyüş gəmisinə sahib olması deməkdir.

Tayvanla mümkün “birləşməni” gözləməyə hazır görünən sələflərindən fərqli olaraq, Si Cinpin bu məsələni “nəsildən-nəslə ötürülə bilməyən” tarixi missiya adlandırıb. Xalqın gözləntiləri o qədər böyük idi ki, bəzi çinli millətçilər Xalq Azadlıq Ordusunun Pelosinin təyyarəsini vurmamasından məyus olmuşdu.

ABŞ-da da münasibət dəyişib. Vaşinqtonda partiyalararası razılaşmanın mövcud olduğu yeganə məsələ Çinin qarşıdurma üçün getdikcə daha təhlükəli rəqibə çevrilməsidir. Tramp dövründə Çin mallarına tətbiq edilən tariflər Bayden administrasiyası tərəfindən qorunub saxlanılıb. Həm Tramp, həm də Bayden administrasiyası Tayvanla əlaqələrini genişləndirib.

Bayden ABŞ-ın rəsmi “strateji qeyri-müəyyənlik” siyasətindən uzaqlaşaraq Çinin işğalı halında Tayvanı müdafiə etmək üçün ABŞ-ın mübarizə aparacağını üç dəfə bildirib.

Çinin güc tətbiq etməsi təkcə Tayvan üçün deyil, Çinin özü üçün də faciə ola bilər. Bu, hər tərəfdən kütləvi insan tələfatına, tayvanlılarla Çin əhalisi arasında daimi uçurumlara və Çinin onilliklər boyu inkişafını təhlükə altına alan qlobal iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin